Prezident İlham Əliyev - şəhid ailələrinin böyük hamisi – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident İlham Əliyev - şəhid ailələrinin böyük hamisi – TƏHLİL

16:30 - 29 / 01 / 2019
Prezident İlham Əliyev - şəhid ailələrinin böyük hamisi – TƏHLİL

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Tədbirdə çıxış edən dövlət başçısı 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal altına, bir milyondan çox soydaşımızın isə qaçqın, məcburi köçkün vəziyyətinə düşdüyünü xatırlatmaqla yanaşı ölkəmizin minlərlə şəhid verdiyini, on minlərlə insanın yaralandığını, əlil olduğunu söyləyib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin ölkəmizin qarşısında duran ən başlıca vəzifə olduğunu vurğulayıb:

“Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək”.

Azərbaycan xalqının və dövlətinin işğalla heç vaxt barışmayacağını deyən dövlət başçısı müharibədən əziyyət çəkən vətəndaşlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilib. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilib:

“Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin”.

Prezident İlham Əliyev çıxışı zamanı orada olan şəhid ailələrinə daha bir sevindirici xəbəri də çatdırdı. Bildirdi ki, həmin gün imzaladığı yeni fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə artıq həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

Qeyd edək ki, Prezident İlham Əliyev cəmiyyətimizin həssas təbəqəsi olan şəhid ailələrinə, eləcə də qaçqın və məcburi köçkünlərə qarşı hər zaman yüksək diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı öz çıxışlarında dövlətin siyasətinin sosial yönümlü olmasını və bu siyasətdə şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, eləcə də əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasının mühüm yer tutduğunu dəfələrlə bəyan edib. Prezident dediklərini həm də əməldə göstərməklə hər kəsin böyük sevgisini, rəğbətini qazanıb.

Prezident İlham Əliyevin doğum gününü məcburi köçkünlərlə keçirməsi isə artıq ənənə halını alıb. Belə ki, artıq neçə ildir ki, dövlət başçısı onun üçün əlamətdar olan gündə məcburi köçkünlər üçün tikilən yaşayış qəsəbələrinin açılışında iştirak edir. Yeni mənzillərlə tanış olan Prezident İlham Əliyev həm də məcburi köçkünlərlə səmimi söhbət edərək onların qayğı və problemləri ilə maraqlanır, onların həlli ilə bağlı yerindəcə müvafiq göstərişlər verir.

2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən prezident seçilən İlham Əliyevin imzaladığı ilk fərmanın şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması isə onun bu təbəqədən olan insanlara diqqət və qayğısını bir daha göstərmiş oldu. Sözügedən fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq etməklə yanaşı, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı.

Qeyd edək ki, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Yaxın zamanlarda isə bütün şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar. Belə ki, dövlət başçısı dünən şəhid ailələri ilə görüşündə bundan sonra da şəhid ailələrinin sosial məsələlərinin daim diqqət mərkəzində olacağını, onların yeni mənzillərlə təmin olunacağını xüsusi vurğulayıb:

“Bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin”.

Cəmiyyətin sosial qayğıya daha çox ehtiyacı olan hissəsinin maddi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində də dövlət tərəfindən zəruri addımlar atılır. Belə ki, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I  qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət  alırlar.

Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.

Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də ildən-ilə güclənəcək.

Qeyd edək ki, dövlətin və şəxsən Prezident İlham Əliyevin əhalinin həssas təbəqəsinə, o cümlədən şəhid ailələrinə qarşı göstərdiyi diqqət və qayğı şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir.

Şəhid anası İbadət Əliyeva Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə çıxışı zamanı daim dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss etdiklərini söyləyib:

“Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz daim öz üzərimizdə hiss edirik. Şəhid ailələri mənzillərlə, pensiyalarla, müavinətlərlə təmin olunurlar və biz bunu öz üzərimizdə də görürük. Sizin imzaladığınız humanist Fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni bizim ailəmiz də alıb. Bu, bizim ailəyə böyük köməkdir, dayaqdır. Biz inanırıq ki, bu tədbirlər daha da çox, daha da uzunmüddətli olacaq”.

Şəhid atası Şirvan Nüsrətov isə çıxışında şəhid ailələrinə göstərdiyi qayğıya görə Prezidentə təşəkkürünü bildirib:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan. Siz Azərbaycanı qüdrətli dövlətə çevirmisiniz. Azərbaycanın güclü ordusu var. Əminəm ki, biz Qarabağ məsələsini Allahın köməyi, Sizin səylərinizlə həll edəcəyik.

Cənab Prezident, mən bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuşdur. Sizdən çox razıyıq ki, biz şəhid ailələrinə həmişə qayğı göstərmisiniz və göstərirsiniz. Biz Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik”.

Dövlətin və ölkə başçısının şəhid ailələrinə qarşı göstərdiyi diqqət və qayğını ölkənin tanınmış ictimai-siyasi xadimləri də yüksək qiymətləndirirlər.

Millət vəkili Musa Quliyev 1news.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev dəfələrlə əhali ilə görüşən zaman şəhidlərin Vətən qarşısında göstərdikləri xidmətləri yüksək qiymətləndirməklə yanaşı, Qarabağ müharibəsi veteranlarının və əlillərinin Azərbaycan cəmiyyəti üçün nə qədər qiymətli insanlar olduğunu vurğulayıb və dövlətin, cəmiyyətin bu insanlara hər zaman qayğı göstərməsini vacib hesab edib.

Yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşünə toxunan millət vəkilinin sözlərinə görə, dövlət başçısının ölkəmizin Birinci vitse-prezidenti ilə birgə şəhid ailələrini böyük hörmətlə qəbul etməsi təkcə ailələr üçün bir təskinlik deyil, həm də bütövlükdə cəmiyyətə bir mesajdır:

“Hər kəs arxayındır ki, onun arxasında Azərbaycan dövləti, Azərbaycan prezidenti dayanıb və onun ailəsinə hər zaman diqqət və qayğı göstəriləcək. Bütövlükdə cənab Prezidentin şəhid ailələrini hörmətlə qəbul etməsi, onlara öz xoş arzularını bildirməsi və yeni fərman verməsi bir daha göstərir ki, bu insanlara cəmiyyət və dövlət başçısı tərəfindən böyük diqqət və qayğı var”.

1news.az

Paylaş:
2414

Son xəbərlər

Bütün xəbərlər