Azərbaycanda gömrük nəzarətində blokçeyn texnologiyası tətbiq edilə bilər
“Dövlət Gömrük Komitəsi müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir”.
1news.az-ın verdiyi xəbərə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin “Trend”ə müsahibəsində bildirib.
O qeyd edib ki, yeni texnologiyaların gömrük sistemində tətbiqi konkret layihə hədəflərinə malik olmalı və son illər ərzində həyata keçirilmiş layihələrlə uzlaşmalıdır:
“Blokçeyn texnologiyasının tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatlarında (məsələn, akkreditiv hesabların açılması) və logistika sektorunda sınaqdan çıxarılmaqdadır.
Buna misal olaraq, sözügedən sahədə dünyanın ən böyük logistika şirkətlərindən olan “Maersk” şirkəti IBM şirkəti ilə birgə müvafiq layihələr həyata keçirib. Eyni zamanda, bizə məlumdur ki, blokçeyn texnologiyasının tətbiqinə xüsusilə ABŞ, Böyük Britaniya, Sinqapur, Cənubi Koreya və Yaponiya gömrük xidmətləri tərəfindən xüsusi maraq göstərilir”.
Sədr vurğulayıb ki, blokçeyn texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir:
“Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprel ayında keçirilmiş 215/216-cı sessiyalarında blokçeyn texnolgiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilmişdir. Müəyyən edilmişdir ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübadiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivi böyükdür.
Son illər bu istiqamətdə Dövlət Gömrük Komitəsi də müəyyən addımlar atır. Komitə müxtəlif innovativ texnologiyaların gömrük işində tətbiqi sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi, akademik araşdırmaların üzə çıxarılması və inkişafı üçün ən yüksək səviyyədə beynəlxalq konfranslar təşkil edir, konfransların işinə bəzi Nobel mükafatı laureatları da daxil olmaqla, gömrük sahəsində ən mühüm universitetlərin, tədris müəssisələrinin və gömrük xidmətlərinin ekspertləri dəvət olunur. Bu tədbirlər beynəlxalq tendensiyaları öyrənməyə imkan verir və blokçeyn texnologiyası da daxil olmaqla, digər yeni yanaşmaların təhlilinə və qiymətləndirilməsinə şərait yaradır”.
S.Xankişiyeva