İslamda rəssamlığa və həykəltəraşlığa yanaşma: Quran və sünnə təhrif və uydurmalara qarşı

“De: "Mənim Rəbbim ancaq aşkar və gizli əxlaqsız işləri, hər cür günahı, haqsız təcavüzü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri danışmağınızı haram buyurmuşdur."
Qurani – Kərim, Əraf surəsi, 33-cü ayə
İslamın tarix səhnəsinə çıxışından sonra Yaxın və Orta Şərqin, həmçinin Avropanın taleyində ciddi, inqilabi dəyişikliklər baş verdi. Göstərilən bölgələrin siyasi-inzibati və dini mənzərəsi tamamilə yeniləndi, fərqli, daha mütərəqqi və insanpərvər dəyərlər və hüquq sistemi meydana çıxdı, iqtisadi və elmi-mədəni müstəvidə keyfiyyətcə fərqli, parlaq bir mərhələnin əsası qoyuldu. Elmə, axtarışlara, təfəkkür və tərəqqiyə hər vəchlə təşviq edən həqiqi İslam düşüncəsi qısa müddətdə müsəlman dünyasında ciddi intellektual inkişafa zəmin hazırladı. Artıq VIII-IX əsrlərdən başlayaraq İslam aləmində mirası bu gün də böyük diqqət və ehtiramla öyrənilən, təqdir edilən onlarla filosof, astronom, təbib, riyaziyyatçı və tarixçi yetişdi. Güman edirəm ki, haqlı olaraq müasir tibbin atası hesab edilən İbn Sinanın, əl-Zəhravinin, optikanın yaradıcılarından sayılan İbn Heysəmin, əl-Kindi, əl-Cahiz, Fərabi, İbn Rüşd kimi filosofların, sosiologiyanın banisi İbn Xəldunun, kimyanın inkişafında böyük əməyi olan Cabir ibn Həyyanın, Ömər Xəyyam, əl-Xarəzmi, Nəsirəddin Tusi kimi dahi riyaziyyatçıların, astronomların adları hər bir savadlı insana məlumdur. Bu alimlərin xidmətləri yalnız onların elmi fəaliyyətləri, uğurları və ixtiraları ilə məhdudlaşmır, onlar həm də İslamın dəyərlərinə bağlı olan, alimin etik davranış kodeksini, rəhbər tutmalı olduğu mənəvi prinsipləri işləyib-hazırlamış görkəmli şəxsiyyətlərdir. İslam dininin insanpərvər dəyər və prinsipləri üzərində qurulmuş, Quranın verdiyi istiqamətlərdən yola çıxan, kainatın yaradılışındakı sirləri, qanunauyğunluqları kəşf etməyə səy göstərən, öz kəşf və ixtiraları ilə də Yaradanın bəşəriyyət üçün təqdir etdiyi qanunların insanlıq üçün faydasını göstərməyə çalışan müsəlman mütəfəkkirlərinin böyük əksəriyyəti “Allahın razılığını qazanmaq üçün insana xidmət” şüuru ilə hərəkət etmiş, mümkün olduqca zülmün, haqsızlığın və cəhalətin alətinə çevrilməməyə çalışmışlar.
Ancaq təəssüflər olsun ki, həqiqi İslam prinsiplərinə sadiq olan mütəfəkkirlər olduğu kimi, hər zaman xurafat və cəhalət üzərində öz nüfuzunu, həmçinin gəlirini təmin etməkdə maraqlı olan bəzi cahil ruhanilərin fəaliyyəti nəticəsində müsəlman dünyasında elmi fəaliyyətlər ciddi şəkildə məhdudlaşdırıldı. Hətta elmin ayrı-ayrı sahələri ilə məşğul olmağın haram olmasına dair fətvalar belə verilməyə başlamış, alimlərə, xüsusilə filosoflara qarşı təqiblər adi hal hala çevrilmişdi. Zamanla çoxalan bu cür hallar son nəticədə İslam dünyasını elmi-texniki cəhətdən əhəmiyyətli dərəcədə geri saldı, ehkamçılığın, məhdud təfəkkürün, xurafatın kök salmasına, dünyəvi fənlərin tənəzzülünə gətirib çıxardı. Əfsus ki, bu gün də, yəni Qərbin kosmik fəzanı fəth etməyin yolları ətrafında baş sındırdığı bir dövrdə İslam aləminin bir sıra bölgələrində xurafat elmin və təhsilin yayılmasının qarşısına sədd çəkməyə davam edir. Açıq-aşkar elmi həqiqətləri inkar edən fətvalar verilir, absurd hərəkətlər və bəyanatlar gündəlik normaya çevrilir. Ən təəssüfləndiricisi isə odur ki, bütün bunlar İslam adı altında, şəriətin tələbi kimi həyata keçirilir və təbliğ olunur. Ağlı başında olan və sağlam təfəkkürlü bir insanın buna heyrət etməməsi və ikrah duymaması sadəcə mümkün deyil! İslam dininin ana qaynağı olan Qurani-Kərimin yüzlərlə ayəsində təfəkkürə, araşdırmağa, inkişafa təşviq edən çağırışların olmasına baxmayaraq bu dinə münasibətdə neqativ rəyin formalaşmasının başlıca səbəbi də heç şübhəsiz ki, həqiqi şəritdən kənar olan mövhumatçı ruhanilərin hərəkətləridir! Nə qədər ağrılı olsa da, həqiqət bundan ibarətdir ki, əksər hallarda İslam adı altında təqdim edilən din Qurani-Kərimdəki və həqiqi sünnədəki etiqadı deyil, ayrı-ayrı ruhanilərin, şeyxlərin, təriqət başçılarının işləyib-hazırladıqları həyat və düşüncə tərzini təmsil etməkdədir. Qurani-Kərimin amallarına, onun fəlsəfəsinə qayıdış olmadıqca, İslam peyğəmbəri Hz.Məhəmmədin gercək sünnəsi dirçəldilmədikcə bu acınacaqlı vəziyyət dəyişməyəcək. Əfsus ki, bəzən müsəlmanlar öz hallarının, vəziyyətlərinin dəyişməsi üçün bir möcüzə, fövqəl dəyişiklik sorağındadırlar, ancaq onlar anlamalıdırlar ki, əqidələrini, davranış və düşüncələrini Qurani-Kərimin müddəlarına müvafiq islah etmədikcə, elmə, mədəniyyətə yönəlmədikcə heç bir möcüzə onları bu gerilik bataqlığımdan xilas etməyəcəkdir. Qurani-Kərimdə buyurulduğu kimi: “Hər hansı bir tayfa öz halını dəyişmədikcə, Allah da onların halını dəyişdirməz.” (ər-Rəd, 10)
Nə qədər acınacaqlı səslənsə də, danılmaz həqiqətdir ki, əsrlər boyunca ayrı-ayrı xurafatçı dairələrin din adı altında insanların şüuruna yeritdikləri cahil düşüncə tərzi müsəlmanları nəinki elm, həm də incəsənət sahəsində olduqca geri salmışdır. Xüsusilə də təsviri sənət sahəsində İslam aləmində yetişən istedadların fəaliyyətinə mane olan bu xurafatlar əfsus ki, indi də bir çox müsəlmanın beynini zəhərləməyə davam edir. Kiçik bir haşiyəyə çıxıb qeyd etmək lazımdır ki, İslam dünyasında bir sıra məsələlərə ziddiyyətli baxışların meydana çıxması əsasən hədis külliyyatlarının toplanması prosesi ilə sıx əlaqədar olmuşdur. Belə ki, meydana gələn hədis külliyatlarında düzgün, etibarlı hədislərlə yanaşı, uydurma hədislərin də yer alması anlaşılmazlıqlara və artıq yaranmağa başlamış təhriflərin artmasına münbit zəmin hazırlamışdır. İslam hüquq məktəblərinin təməlini təşkil edən fiqhi məzhəblərin meydana çıxması da rəy müxtəlifliklərini dərinləşdirmişdir. Bu proses təbii olaraq İslamın ilk dövrlərində aktuallıq kəsb etməyən bir çox ehkamın ortaya çıxmasına səbəb olmuşdur. Sözügedən proses ilk məzhəblərin (Hənəfi, Maliki, Şafei, Hənbəli, Cəfəri, Zahiri və s...) formalaşmağa başlamasından bu günədək davam etməkdədir. Belə ixtilaflar bəzən sadəcə təfərrüatları əhatə edir, bəzən isə əsaslı məsələlərdə - haram-halala dair ehkamlarda özünü göstərir. Obrazlı olaraq desək, əsrlər boyunca davam etmiş proses nəticəsində aparıcı məzhəblərin hər birinin özünə məxsus halal-haramlar, icazəlilər-qadağan olunanlar siyahısı meydana gəlmişdir. Fiqhi ixtilaflar əsasən təzadlı rəvayətlərdən, müxtəlif versiyalarda nəql edilmiş hədislərdən qaynaqlanırdı. İxtilaflar çoxaldıqca müvafiq olaraq müsəlmanların Quranın açıq hökmlərindən, dəyərlərindən və prinsiplərindən uzaqlaşması da sürətlənirdi. Ziddiyyətli rəvayətlər, həmin rəvayətlər əsasında müəyyən edilmiş hökmlər get-gedə halalların, məqbulların dairəsini daraldır, Qurani-Kərimdə olmayan, Quranın qətiyyən toxunmadığı məsələlərə belə haramlıq hökmlərinin zorla pərçimlənməsinə səbəb olur, Quranın gətirdiyi sərbəstliyə, azadlığa kölgə salırdı. Bu tendensiya bir neçə əsrdən sonra İslam hüququnun Quran mərkəzindən ciddi şəkildə uzaqlaşmasına, dinin yaşana bilməyəcək qədər çətinləşdirilməsinə, onun insan fitrətə zidd bir şəkil almasına gətirib çıxardı. Belə vəziyyət isə son nəticədə məsələlərin həqiqi mahiyyətindən xəbərsiz olan, hazırlıqsız insanların nəzərində İslam dinini gözdən salmış, ona olan marağı, rəğbəti ciddi şəkildə zəiflətmişdir. Yaranmış mənzərə mahiyyətcə Quranın asanlığı, rahatlığı və sadəliyi təbliğ edən yanaşma tərzinə tamamilə ziddir. Çünki, Qurani-Kərim asanlığın Allahın buyruğu, istəyi olduğunu birmənalı şəkildə ifadə etmişdir: “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir” (Bəqərə surəsi, 185).
Qurani-Kərimi düşünərək, diqqətlə oxuduqda oradakı haramların, yəni qadağaların olduqca konkret, insan fitrətinə tamamilə uyğun və ən əsası vicdanla, ədalətlə və sağlam təfəkkürlə əsla ziddiyyət təşkil etmədiyini aydın şəkildə müşahidə bilərik. Ömrünü Qurani-Kərim dəyərlərinin həyata keçirilməsi uğrunda mübarizəyə həsr etmiş İslam peyğəmbəri Hz. Məhəmmədin sünnəsi də bu mənada ilahi vəhyin təməl dəyərlərinə tamamilə uyğundur. Bu mənada İslamın əsas qaynağı olan Quranın və onu insanlığa çatdıran, təbliğ və bəyan edən İslam peyğəmbərinin rəssamlıq və heykəltəraşlığa həqiqətən nə cür münasibət bəslədiyini öyrənmək, dərk etmək xurafat və uydurmaların qarşısını almaq nöqteyi-nəzərindən olduqca böyük əhəmiyyət kəsb etməkdədir.
Canlı heykəli düzətməyin, canlı rəsmi çəkməyin islami baxımdan təhlili
İlk növbədə ondan başlayaq ki, İslamın meydana çıxdığı dövrdə (VII əsrin əvvəli) və bölgədə müasir mənada rəssamlıq və heykəltaraşlıq məfhumları mövcud deyildi. İslamdan öncəki ərəb cəmiyyətində heykəl, təsvir dedikdə dedikdə əsasən bütpərəstlərin ibadət predmeti kimi istifadə etdikləri, daşdan, saxsıdan, ağacdan, bəzən də metaldan hazırlanan, müəyyən adlar verilmiş bütlər, həmçinin, xristianların öz kilsələrində yerləşdirib istifadə etdiyi ikonalar başa düşülürdü. Bu cür bütləri, ikonaları düzəldənlərə isə “müsəvvirlər” deyilirdi. O dövrdə ərəblər heykəl anlayışını ifadə etmək üçün daha çox “timsal” ifadəsində istifadə edirdilər ki, Qurani-Kərimdə də bunun nümunələrinə rast gəlmək mümkündür. “Timsal” sözünün cəm forması olan “təmasil” Quranda iki dəfə işlədilmişdir. Birində sözügedən ifadə İbrahim peyğəmbərin (ə.s.) dilindən bütpərəstlərə müraciət kimi işlədilir: “İbrahim öz atasına və xalqına dedi: Özünüzü ibadətinə həsr etdiyiniz bu heykəllər (bütlər/təmasil) nədir belə (bütlərə sitayiş etməklə şəxsiyyətinizi, ləyaqətinizi niyə alçaldırsınız, onlar ki, cansızdırlar, heç nə yaratmayıblar, heç bir gücə sahib deyillər)?!” (Ənbiya surəsi, 52)
İkinci halda isə Süleyman Peyğəmbərin (ə.s.) sarayında cin tayfalarının yaratdığı sənət əsərləri olan heykəllərə işarə olaraq istifadə olunmuşdur: “Onlar (cinlər) onun (Süleyman) üçün istədiyi kimi məbədlər, heykəllər (təmasil), hovuz kimi çanaqlar, yerindən tərpənməyən qazanlar düzəldirdilər.” (Səba surəsi, 13)
Cahiliyyət ərəblərinin şəkil, təsvir anlayışlarını ifadə etmək üçün daha çox istifadə etdiyi kəlmə “surət” sözü idi. “Surət” ifadəsi Quranda həm tək, həm də cəm formada, Allahın insana verdiyi forma, şəkil, quruluş mənasında işlədilib:
“Sizə rəhmlərdə (analarınızın bətnində) istədiyi şəkli (surəti) verən Odur.” (Ali-İmran, 6);
“Biz sizi yaratdıq və sizə şəkil (surət) verdik...” (Əraf, 11);
“O (Allah) sizə surət verdi və sizin surətlərinizi gözəl yaratdı” (Ğafir, 64; Təğabun, 3)
“(Ey insan!) O (Allah), səni Öz istədiyi surətdə yaratdı.” (İnfitar, 8)
Göründüyü kimi bu ayələrin heç birində rəssamlığa, heykəltaraşlığa işarə ilə olsa belə hər hansı mənfi yanaşma tərzi mövcud deyil. Deməli, fiqh kitablarında heykəl və rəsmə mənfi münasibətin qaynağı, bir çoxunun yanlış olaraq hesab etdiyi kimi Qurani-Kərim deyildir. Burada bir məqamı da qeyd etmək olduqca zəruridir. Məlum olduğu kimi İslam dini meydana gəldiyi dövrdə Ərəbistanda bütpərəstlik, çoxtanrılılıq olduqca geniş yayılmışdı. İslam dini isə insan ləyaqətini alçaldan, onu yaradılış qayəsindən uzaqladıran bütpərəstliyi, şirki özünün bir nömrəli düşməni elan etdiyindən onun bütün təzahürləri ilə güzəştsiz mübarizə aparmışdır. Bütlər, onların heykəl və təsvirləri müsəvvirlər tərəfindən hazırlandığı üçün İslam peyğəmbəri Hz. Məhəmməd (s.ə.s.) bu məsələdə müəyyən qədər ehtiyatlı, həssas və güzəştsiz mövqe tutmaq məcburiyyətində idi. Heykəl düzəltmək və rəsm çəkmək mövzusunda hədislərdə rast gəlinən müəyyən qadağalar məhz bu kontekstdə şərh edilməli və başa düşülməldir. Yəni, burada söhbət daha çox insanların o dövrdə ibadət etdikləri bütlərin təsvirlərinin çəkilməsindən və heykəllərinin hazırlanmasından gedir. Həmin hədislərdən bəzi nümunələrə diqqət yetirək:
- “İnsanların Qiyamət günü ən şiddətli cəzaya məhkum edilənləri müsəvvirlərdir” (Buxari, 5950; Müslim, 2109)
- “Hər bir müsəvvir cəhənnəmə girəcəkdir. Onun düzəltdiyi hər bir surətə can veriləcək və hər biri ona işgəncə verəcəklər.” (Müslim)
- “İnsanların Qiyamət günü ən şiddətli şəkildə cəzalandırılanları Allahın yaratmasını yamsılayanlardır (müsəvvirlərdir).” (Buxari, Müslim)
- Peyğəmbər (ə.s.) buyurdu: Allah belə buyurur: “Mənim kimi yaratmağa cəhd edənlərdən daha zalım kəs kim ola bilər?! Onlar bir zərrə (qarışqa), bir həbbə (dənə/toxum), bir arpa dənəsi yaratsınlar görüm!” (Buxari, Müslim)
- Aişədən (r.a.): Hz. Peyğəmbər (ə.s.) otağıma daxil oldu. Mən üzərində rəsmlər (təmasil/büt şəkilləri) olan bir süfrə sərmişdim. Süfrəni görəndə onu cırdı və üzünün rəngi dəyişdi. Dedi: “Ey Aişə, Qiyamət günü ən şiddətli cəza görənlər Allahın yaratmasını təqlid edənlərdir!” Aişə sözünə davam edərək dedi: Beləliklə, o süfrəni kəsib bir, yaxud iki yastıq düzəltdik. (Müslim, 2107)
- “Bu surətləri düzəldənlərə Qiyamət günü cəza veriləcək və onlara deyiləcək: di düzəltdiklərinizə can verin görək!” (Buxari, 5951)
Göründüyü kimi ilk baxışdan insanda sözügedən hədislərin həqiqətən də rəssamlıq və heykəltəraşlığı qadağan etdiyinə dair təəssürat yaranır. Əslində isə, sırf bütlərin heykəl və təsvirlərinin yaradılmasına qoyulmuş qadağanı əsas götürüb, İslamın geniş mənada rəssamlığı və heykəltəraşlığı qadağan etdiyini düşünmək əsla yolverilməzdir. Belə yanaşma və şərhlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, yuxarıda qeyd olunan hədislərin daşıdığı məna yükünü düzgün izah etmək üçün ən yaxşı vasitə Hz.Məhəmməddən gətirilmiş digər səhih hədislərə istinad etməkdir. Bir hədisin mənasını başqa bir səhih hədislə dəqiqləşdirmək, aydınlaşdırmaq bütün şübhə və tərəddüdlərin üzərindən xətt çəkə bilər. Aşağıdakı hədislər İslamın rəssamlıq və heykəltaraşlıq məsələsində tətbiq etdiyi qadağaların ancaq bütlərin təsvirilə əlaqədar olduğunu izah edən tutarlı dəlillərdir:
“Üsamə ibn Zeyddən: (Məkkə fəth ediləndə) mən də Hz. Peyğəmbərin (s.ə.s) ardınca Kəbənin içinə girdim. O, orada surətlər (müqəddəsləşdirilən, ibadət edilən adamların şəkillərini) gördü. Bir vedrə su istədi. Mən su gətirdim. O, həmin surətləri silməyə başladı və dedi: “Heç bir şey yaratmayan surətləri (bütləri) təsvir edənləri (çəkənləri, düzəldənləri) Allah məhv eləsin!” (Təbərani, Mucəmi-Kəbir, 407)
“Cabirdən: Hz. Peyğəmbər (ə.s.) Məkkənin fəthi zamanı özü Bəthada olanda Ömər ibn Xəttaba tapşırdı ki, Kəbəyə gedib oradakı bütün surətləri (bütləri, ikonaları) məhv etsin. Oradakı bütün surətlər məhv edilənədək Hz. Peyğəmbər (ə.s.) ora girmədi”. (Əbu Davud, 4156)
“Kim bir surət (büt) düzəldərsə, (axirətdə) ona ruh üfürmək tapşırılacaq, ancaq üfürə bilməyəcək (buna görə cəzalandırılacaq).” (Buxari-Müslim; Əl-Hadaiq Ən-Nadirə, Bəhrani.ş c.18, s.100; Biharul-Ənvar, Əllamə Məclisi, c.73. s.159)
Mənbələrdə bu qəbildən olan xeyli sayda başqa hədislərə də rast gəlmək mümkündür. Həmin rəvayətlər Quran işığında, həmçinin İslamın meydana çıxdığı tarixi mərhələnin şərtləri daxilində nəzərdə keçirilib təhlil edildikdə aydın olur ki, peyğəmbərdən müxtəlif versiyalarda nəql edilən hədislərdə söhbət rəssamlıq və memarlıq nümunələrindən deyil, bütpərəstlik predmeti və ibadət obyekti sayılan heykəl və təsvirlərdən gedir. Rəvayətlərin heç birində rəssamlıq və heykəltaraşlıq sənətinin, daha dəqiq desək, canlı heykəl düzəltməyin, insan və heyvan təsviri çəkməyin qadağan edildiyinə dair dəqiq, birmənalı və qəti hökmə, əmrə rast gəlinmir. Tam əksinə, peyğəmbər səhabələrinin, onlardan sonrakı nəsillərin nümayəndələri olan tabeinlərin bir çoxunun evlərində, işlətdikləri əşyaların üzərində, barmaqlarındakı üzüklərdə müxtəlif canlıların rəsmlərinin əks olunduğu haqqında xeyli rəvayət nəql edilmişdir (bax: Səhihi-Buxari, 5958; Müslim, 2106; Əhməd ibn Hənbəl, Müsnəd, 6326; Təhavi, Şərh Məanil-Əsar, 4/263; İbn Əbi Şeybə, Müsənnəf, 25301). Həmçinin mənbələrdə Hz. Peyğəmbərin (ə.s.) öz evində də üzərində canlı şəkillərin əks edildiyi əşyaların olduğu, lakin namazda onun diqqətini yayındırmaması üçün onların göz önündən yığışdırıldığı haqqında səhih hədislərə də rast gəlinir. (bax: Buxari, 374; Müslim, 2107). Bütün bunlar açıq şəkildə göstərir ki, Hz.Peyğəmbərin (s.ə.s) sözləri rəssamlıq və heykəltaraşlıq haqqında işlətdiyi qadağa xarakterli müəyyən fikirlər qətiyyən ümumi səciyyə daşımamış və sırf bütpərəstliyin yayılmasının qarşısını almağa hesablanmışdır. Peyğəmbərin müasiri olan səhabələr də sözügedən qadağaları düzgün çərçivədə anlamış və təbliğ etmişlər. Ancaq təəssüf ki, bir çox fiqhi məsələdə olduğu kimi, bu məsələdə də, əsasən sonrakı dövrlərin nümayəndələri olan fəqihlərin (İslam hüquqşünaslarının) çoxu əsassız ümumiləşdirmələr apararaq, əsil məqsədi izah etmədən hədislərdə qətiyyən nəzərdə tutulmayan hökmlər çıxarmış, heykəllər düzəltməyi, insan təsvirləri çəkməyi müəyyən ixtilaflarla haramlar sırasına daxil etmişlər. Nəticədə, həmin fiqhi hökmlər sayəsində incəsənətin bu sahələri müsəlman dünyasında arzuolunmaz fəaliyyət sahəsinə çevrilmiş, onun ətrafında mənfi fon yaranmışdır.
Ümumiyyətlə, təfsilata girmədən qeyd etməliyik ki, istər şiə, istərsə də sünni məzhəbləri canlıların (insan, heyvan, həşərat) heykəlini düzəltməyi birmənalı şəkildə haram hesab edirlər. Yalnız qız uşaqlarının oyuncaq kimi istifadə etdiyi gəlincikləri istisna olunur. “Kölgəsi (həcmi) olmayan surət” kateqoriyasına daxil edilən şəkillər, rəsmlər isə müəyyən qədər ixtilaflıdır. Sünni məzhəblərdən üçü – Hənəfi, Şafei və Hənbəli məzhəbləri canlı rəsmi çəkməyi də haram hesab etmiş (Raddul-muhtar, 1/650; Muğnil-muhtac; 4/409; Kəşşaful-qina, 1/270-280), Maliki məzhəbi isə sadəcə məkruh (bəyənilməyən) əməl kimi qiymətləndirmişdir (Minəhul-cəlil, 3/529). Cəfəri məzhəbinin fəqihləri arasında da canlıların rəsmini çəkmək məsələsinə baxış birmənalı olmamışdır. Cəfəri məzhəbinin klassiklərinin çoxu buna da heykəl kimi haram hökmü versələr də, son dövr Cəfəri müctəhid və fəqihlərində xeyli yumşalma müşahidə edilməkdədir. Müasir dövrdə yaşayan Əhli-beyt müctəhidlərinin bir çoxu canlı rəsmi çəkməyi haram hesab etmirlər. Quran mərkəzli düşünən, tənqidi baxışa sahib olan müsəlman mütəfəkkirlər də klassik fiqhi görüşlərlə qətiyyən razılaşmır, Quranın xəttinə tabe olmağın yeganə məqbul hərəkət olduğunu müdafiə edirlər. Fiqh kitablarında canlıların şəkli məsələsinə baxış iki prizmadan dəyərləndirilmişdir:
- Əllə canlı şəkli təsvir etmək. Bunun hökmü haqqında təfsilatı yuxarıda qeyd etdik.
- Canlı şəklinin evdə saxlanmasının icazəli olub-olmaması. Bunun haqqında da müəyyən ixtilaflar vardır. Bu ixtilaflar arasında canlı şəklinin dik şəkildə qoyulması, divara asılması və ya yapışdırılması ehtiram sayıldığına görə, icazəli hesab edilməmişdir. Əyləşmək üçün istifadə edilən döşəkçə, ayaq altına sərilən xalça, palaz, kilim kimi şeylərin üzərində olarsa, icazəli sayılmışdır.
Onu da vurğulamaq zəruridir ki, İslam fəqihlərlərinin mübahisələri sadəcə canlı heykəli düzəltmək və canlı rəsmi çəkmək məsələlərini əhatə etmişdir. Təbiət mənzərələrinin, müxtəlif ornamentlərin, bitkilərin təsvirinə icazə heç vaxt əsaslı hüquqi mübahisələrin predmeti olmamışdır. Buna görə də müsəlman dünyasında memarlıq, rəngkarlıq, eləcə də təhzib və xəttatlıq əsasən sözügedən tematikada – nəbati və həndəsi ornamentlər əsasında inkişaf etmişdir. Belə nümunələrə İslam dünyasının hər tərəfində rast gəlmək mümkündür. Qərb ölkələrinin muzeyləyində, sərgilərində nümayiş etdirilən İslam incəsənətinin yüzlərlə nümunəsinə rast gəlmək mümkündür.
Nəticə
Beləliklə də, gətirilən nümunələrin obyektiv təhlilindən belə bir qənaətə gəlirik ki, mövzuya dair bütün fiqhi ixtilaflar və təfsilatlı rəylər fəqihlərin istinad etdiyi hədis və rəvayətlərin qətiyyət ifadə etməməsindən, açıq və yekdil olmamasından qaynaqlanır. Əks-təqdirdə, ixtilaf ola bilməzdi. Bütün rəvayətləri ümumi şəkildə dəyərləndirib, fiqh məzhəblərinin ixtilaflarını, ortaq rəyə gələ bilməmələrini nəzərə alanda aydın olur ki, rəvayətlərdən haramlıq hökmü çıxaran fəqihlərin rəyləri sadəcə onların şəxsi qənaətləridir, konkret dəlillərə və qəti şəri və məntiqi əsaslara söykənmir. Yuxarıda qeyd edilən rəvayətlərin bütpərəstliyin tüğyan etdiyi zaman və bölgə şərtləri altında deyildiyini nəzərə almadan ümumiləşdirilərək incəsənət sahələrinə şamil edilməsi Quranın prinsipləri baxımından və məntiqi cəhətdən məqbul sayıla bilməz. Qurani-Kərimin Səba surəsinin 13-cü ayəsində qeyd edilən tarixi məlumatdan da aydın olur ki, Allahın nəzərində incəsənət, ehtişam və gözəllik nümunəsi kimi heykəl düzəltdirmək və saxlamaq qadağan deyildir. Sadəcə, İslamın mübarizə apardığı şirk bəlasına alət edilən bütpərəstlik predmetləri qadağan edilmişdir. Bu qadağanın isə incəsənətlə heç bir əlaqəsi yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, İslam aləmində incəsənətin sabit və güclü inkişaf edə bilməməsinin başlıca səbəbi Qurani-Kərimdən deyil, müsəlman dünyasını Quran mərkəzli düşüncədən uzaqlaşdıran müxtəlif fiqh məzhəblərinin bir çox hallarda əsassız qənaətlərindən qaynaqlanmışdır. İslamda heykəltaraşlığa və rəssamlığa dair qadağa yoxdur.
Füzuli Hüsiyev
ilahiyyatçı