“İstedArt” mədəni-xeyriyyə layihəsinin bağlanış mərasimi keçiriləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və YARAT Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “İstedArt” mədəni-xeyriyyə layihəsi 2018-ci ilin mart ayından etibarən start götürüb.
1news.az-ın məlumatına görə, layihənin məqsədi sağlamlıq imkanları məhdud və ya maddi sıxıntı çəkən uşaqlara incəsənət sahəsində bacarıqlarını aşkarlamaq və inkişaf etdirməkdə dəstək olmaqdır.
Layihə Bakı şəhərinin 9 internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum və fiziki məhdudiyyətli, həmçinin Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə olunan uşaqları əhatə edir.
Layihənin mart-iyun (2018) aylarında baş tutan 1-ci mövsümündə 43, oktyabr-yanvar (2018-2019) aylarında baş tutan 2-ci mövsümündə isə 55 uşaq iştirak edərək rəssamlıq, qrafika, keramika və aktyor sənəti üzrə məşğələlərdə incəsənətin 4 istiqaməti üzrə bilik və bacarıqlara yiyələniblər. Ustad dərsləri ölkəmizin istedadlı sənətkarları tərəfindən İçərişəhərin müxtəlif yaradıcı məkanlarında və YARAT Müasir İncəsənət Mərkəzində keçirilib.
Nəzərinizə çatdıraq ki, 11 fevral tarixində saat 14:00-da isə “İstedArt” layihəsinin 2-ci mövsümü üzrə bağlanış mərasimi keçiriləcək. “İncəsənətə ikinci nəfəs” adı ilə YARAT Müasir İncəsənət Mərkəzində təşkil ediləcək mərasimdə qonaqlara rəsm əsərləri, keramika və plastilindən hazırlanmış əl işlərindən ibarət sərgi nümayiş olunacaq, həmçinin qədim yunan təmsil ustası Ezopun “Qurdlar və quzular” əsəri əsasında hazırlanmış tamaşa təqdim ediləcək.
1news.az