Bakıda "Nazarbayev Universiteti"nin təqdimatı olub - FOTO

Qazaxıstanın Azərbaycandakı səfirliyində ölkəmizdə akkreditə olunmuş "Səfirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarının beynəlxalq klubu” üzvlərinin görüşü keçirilib.
1news.az-a səfirlikdən verilən məlumata görə, "Nazarbayev Universiteti” müstəqil təhsil təşkilatı ilə birlikdə keçirilən tədbir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə elan edilmiş Gənclər ilinə həsr olunub.
Tədbirdə əsas məqsəd beynəlxalq klubun üzvlərinin Qazaxıstanın təhsil sistemi, təhsil müəssisələrinin dünya təhsil məkanına inteqrasiya prosesləri, eləcə də qazaxıstanlı və əcnəbi gənclərin ölkədə təhsil almaq imkanları və şərtləri ilə tanışlıq olub.
Təqdimat 2010-cu ildə təsis edilmiş və bu gün təkcə Qazaxıstanda deyil, eyni zamanda Orta Asiya ölkələri arasında ali təhsil flaqmanına çevrilmiş "Nazarbayev Universiteti" nümunəsində baş verib.
Tədbiri açan Qazaxıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı A.İqensartova iştirakçıları universitetin görünüşü, əsas missiyası və strateji məqsədləri ilə tanış edib. O, dünyanın aparıcı ali təhsil müəssisələri ilə birgə akademik və tədqiqat proqramlarının hazırlandığını vurğulayıb.
Qeyd edilib ki, Universitetdə Qazaxıstandan və dünyanın 18-dən çox ölkəsindən ardıcıl olaraq 5000 nəfər tələbə təhsil alır, tədris yalnız ingilis dilində aparılır, müəllim heyətinə isə 55 ölkədən mütəxəssislər daxildir. Bu, Qazaxıstanın akademik mühitində ən yaxşı, peşəkar dünya təcrübələrini tətbiq edən universitetdir.
Bundan başqa, universitetin xarici tələbələr də daxil olmaqla tələbə kontingentinin sayının artırılmasından danışan səfir xanımı, diqqəti xarici tələbələr üçün təhsil qrantlarının mövcudluğuna, güzəştlərə, təqaüdlərə çəkib.
Görüş çərçivəsində həmçinin, Qazaxıstan və "Nazarbayev Universiteti" barədə videomateriallar nümayiş etdirilib, daha sonra təşkilatçılar qonaqları maraqlandıran sualları cavablandırıblar.
Klub üzvləri və digər iştirakçılar Qazaxıstanın təhsil sistemini müsbət qiymətləndirərək, təşkilatçılara “Nazarbayev Universiteti”nin ətraflı təqdimatı üçün təşəkkür ediblər, xarici tələbələr üçün təklif olunan cəlbedici şərtlərə maraqlarını ifadə ediblər.
P.Sultanova