Almaniyanın “Tagespost” qəzeti yazır: “Qafqazda sonuncu alman” | 1news.az | Xəbərlər
Cəmiyyət

Almaniyanın “Tagespost” qəzeti yazır: “Qafqazda sonuncu alman”

13:39 - 01 / 03 / 2019
Almaniyanın “Tagespost” qəzeti yazır: “Qafqazda sonuncu alman”

Almaniyanın “Tagespost” qəzetində “Qafqazda sonuncu alman” sərlövhəli məqalə dərc edilib.

1news.az-ın məlumatına görə, məqalə 200 il əvvəl Azərbaycana köç etmiş və burada məskən salmış almanlara və onların irsinə həsr olunub. Yazıda müəllifin Azərbaycanda sonuncu alman olan Viktor Klaynın irsi ilə tanış olmaq üçün onun yaşadığı Göygöl şəhərinə səfəri təsvir edilib. V.Klaynın 200 il öncə Azərbaycana gələn almanlardan sonuncusu olduğu bildirilib. M.Haydemanın Göygöldə olarkən V.Klaynın yaxın dostu Fikrət İsmayılovla birlikdə Viktorun evini ziyarət etdiyi vurğulanıb. Evin V.Klayn tərəfindən Almaniyanın Azərbaycandakı səfirliyinə bağışlandığı və Almaniya Xarici İşlər Nazirliyinin vəsaiti hesabına ev-muzeyinə çevrilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Yazıda həmin ev təsvir edilib və onun almanlara xas xüsusiyyətləri nəzərə çatdırılıb. İki yüz il əvvəl Azərbaycana gələrək burada özlərinə məskən salmış almanların İkinci Dünya müharibəsinin başlamasından sonra Stalinin müvafiq dekretinə əsasən, Azərbaycandan deportasiya edildiyi, V.Klaynın atasının Polşadan gəldiyi üçün onun ailəsinin ölkəmizdə qala bildiyi vurğulanıb.

Məqalədə Azərbaycanda alman irsini araşdıran “Keçmişin qızıl səhifələri” kitabının müəllifi Məmməd Əlizadəyə istinad edilərək iki yüz il öncə Azərbaycana köç edən almanların yerli əhali tərəfindən mehribanlıqla qarşılandığı, torpaq və ehtiyatlar uğrunda rəqabətə baxmayaraq, hər iki xalq arasında dostluq münasibətlərinin olduğu nəzərə çatdırılıb. M.Əlizadəyə istinadla azərbaycanlılarla almanların tərəfdaş olduqları, yerli insanların almanlarla qaynayıb-qarışdığı və ailə qurduqları qeyd edilib.

Diqqətə çatdırılıb ki, əvvəllər Helenendorf adlanan Göygöl rayonunda 1857-ci ildə inşa edilən və 2008-ci ildə bərpa olunan lüteran kilsəsi yerləşir. Kilsənin nəzdində özündə Azərbaycandakı alman irsini əks etdirən kiçik muzey var. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda xristian irsinə göstərilən qayğı diqqəti cəlb edir.

Məqalədə əvvəllər Annenfeld adlandırılan indiki Şəmkir şəhərində almanların evlərinin qorunub saxlanıldığı, onların evlərinin özünəməxsus arxitekturaya malik olduğu vurğulanıb. Qeyd olunub ki, Şəmkirin mərkəzində alman şvablarından biri tərəfindən inşa edilən evdə Annenfeld kafesi fəaliyyət göstərir. Evdə şərabların saxlanılması üçün nəzərdə tutulan zirzəmi qədim dövrləri xatırladır. Həmçinin burada da 1909-cu ildə inşa edilən alman lüteran kilsəsinin olduğu və onun nəzdində kiçik muzeyin fəaliyyət göstərdiyi vurğulanıb. Muzeyə rəhbərlik edən Cavanşir Pirverdiyevin jurnalistə Azərbaycandakı alman irsi, almanların gündəlik həyat tərzi və əl işləri haqqında məlumat verdiyi qeyd olunub.

Yazıda digər alman koloniyası olan Yelizavetinka haqqında da məlumat verilib. Almanların burada XIX əsrdə şərabçılıq müəssisələri qurduqları nəzərə çatdırılıb. Almanların şərabçılığa mühüm önəm verdikləri, xüsusilə Helenendorfdan olan Hummel və Forer qardaşlarının müəssisələrində istehsal edilən şərabların məşhur olduğu bildirilib.

Yazıda vurğulanıb ki, paytaxt Bakıda da alman irsi mövcuddur. Belə ki, XIX əsrin əvvəllərində alman arxitektoru Nikolau von der Nonne tərəfindən Bakıda bina inşa edilib. Hazırda bu binada Dövlət İncəsənət Muzeyi yerləşir. Nikolau von der Nonne 1898-1901-ci illərdə Bakının meri vəzifəsində xidmət edib. Bakıda evangelik lüteran kilsəsi də var.

Məqalədə Birinci Dünya müharibəsinin sonundan etibarən SSRİ ərazisindəki almanların casusluqda ittiham olunaraq həbs edildikləri və deportasiya olunduqları, 1941-ci ildən etibarən isə böyük təzyiqlərə məruz qaldıqları vurğulanıb.

Həmçinin 2018-ci ilin oktyabrında Berlində Azərbaycanda alman irsinin 200 illiyinə həsr olunmuş tədbirin keçirildiyi vurğulanıb. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun və Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman ilə yanaşı, hər iki ölkənin parlamentlərinin nümayəndələrinin və elm adamlarının tədbirdə çıxış etdikləri nəzərə çatdırılıb. Tədbir çərçivəsində tarixi hadisələrlə yanaşı, həssas və strateji cəhətdən əhəmiyyətli regionun aktual siyasi problemlərinə də nəzər salındığı vurğulanıb.

1news.az

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər