Yollarda təhlükəsizliyin təmin olunmasında məsuliyyətli davranışın vacibliyi bir daha diqqətə çatdırılıb.
1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır.
Bildirilib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə ərazisində nəzarət və profilaktik tədbirlər davam etdirilir. Eyni zamanda, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
BDYPİ sürücülərə müraciət edərək səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasını, sürət həddinə ciddi riayət olunmasını, təhlükəli ötmə və manevrlərdən çəkinilməsini, yol və hava şəraitinin nəzərə alınmasını, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələrini tövsiyə edir.
Qeyd olunub ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli və intizamlı davranışından birbaşa asılıdır.