“Heydər Əliyevin qayıdışı ilə dövlət idarəçiliyində yeni mərhələ başlandı” - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

“Heydər Əliyevin qayıdışı ilə dövlət idarəçiliyində yeni mərhələ başlandı” - ŞƏRH

Ayşən Salehli12:59 - Bu gün
“Heydər Əliyevin qayıdışı ilə dövlət idarəçiliyində yeni mərhələ başlandı” - ŞƏRH

“Xəzər regionunun enerji resursları bir çox dövlətlərin ziddiyyətli maraqlarının mürəkkəb düyününün mərkəzində dayandığı üçün Azərbaycan müstəqilliyin əsas elementi olan iqtisadi müstəqilliyin bünövrəsi üzərində işləmək məcburiyyətində qaldı”.

Bu sözləri 1news.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Heydər Əliyevin 70-80-ci illərdəki fəaliyyətindən, 1990-cı illərdə dövlətçiliyimizin xilası və təhlükələrin dəf edilməsi istiqamətindəki tarixi xidmətlərindən, eləcə də 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışarkən deyib.

“Belə çətin, həlledici şəraitdə xalqın çağırışı ilə yenidən ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ilk gündən “Siyasət və iqtisadiyyat bir-birini tamamlayır” prinsipi və “Neft xalqımızın milli sərvətidir” konsepsiyası ilə Azərbaycanın daxili və xarici siyasətinin vektorlarını müəyyən etdi. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin böhran mərhələsindən sabitlik və inkişaf yoluna keçid günü kimi tarixə düşüb. 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü müasir dövlətçilik tariximizdə həlledici dönüş nöqtələrindən biri kimi qəbul edilir. Bu tarix 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə başlayan və dövlətin dərin siyasi, iqtisadi və təhlükəsizlik böhranından çıxarılmasına yönəlmiş kompleks proseslərin başlanğıcı ilə bağlıdır. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması Azərbaycan üçün eyni zamanda həm müstəqillik imkanı, həm də ağır sistem böhranı yaratmışdı. Azərbaycanda dövlət idarəetmə mexanizmləri zəifləmiş, siyasi institutlar funksionallığını itirmiş, qərarvermə proseslərində ciddi boşluqlar yaranmışdı. Nəticədə ölkə klassik keçid dövrünün ən çətin mərhələsinə daxil olmuşdu. Həmin dövrdə daxili siyasi sabitliyin zəifləməsi təhlükəsizlik mühitinə birbaşa təsir göstərdi. Dövlət nəzarətinin zəifləməsi, silahlı qarşıdurmalar və daxili gərginliklər ölkədə ictimai-siyasi tarazlığı pozurdu. Dövlətin əsas funksiyalarından biri olan təhlükəsizliyin təmin olunması ciddi risk altına düşmüşdü”.

Yeganə Hacıyeva 

Politoloq qeyd edib ki, eyni zamanda iqtisadi sistem də dərin böhran yaşayırdı.

“İstehsal zəncirlərinin pozulması, maliyyə sisteminin zəifləməsi və investisiya mühitinin qeyri-sabitliyi ölkəni ciddi iqtisadi geriləməyə sürükləmişdi. Dövlət büdcəsinin gəlir imkanlarının məhdudlaşması və idarəetmədə planlaşdırma çətinlikləri iqtisadi dayanıqlığı zəiflədirdi. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ölkədə dövlət idarəçiliyinin bərpası və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı oldu.

Onun yürüdürdüyü qətiyyətli addımlarla həmin dövrdə mərkəzi hakimiyyətin gücləndirilməsi, siyasi parçalanma meyillərinin qarşısının alınması və vahid idarəetmə sisteminin formalaşdırılması prosesi başladı. Daxili sabitliyin bərpası tədricən təhlükəsizlik mühitini yaxşılaşdırdı və dövlət institutlarının funksional işləməsinə şərait yaratdı. Paralel olaraq, uzunmüddətli iqtisadi strategiyanın formalaşdırılması ölkənin inkişaf istiqamətini müəyyənləşdirdi. Atəşkəsin əldə olunması ilə ölkə üçün strateji dönüş nöqtəsi olaraq hərbi gərginliyin azalması ilə dövlətin daxili sabitliyinin möhkəmləndirilməsi və iqtisadi islahatların aparılması üçün imkan yaratdı. Bu mərhələ həm də idarəetmə resurslarının müharibə şəraitindən inkişaf prioritetlərinə yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Eyni zamanda enerji sahəsində imzalanan beynəlxalq müqavilələr Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi. Bu proses xarici investisiyaların cəlb olunmasına, dövlət gəlirlərinin artmasına və iqtisadi müstəqilliyin güclənməsinə şərait yaratdı. Bütün bunlar isə Azərbaycan üçün yeni dövlətçilik mərhələsinin başlanğıcı oldu.

Ümumilikdə, Milli Qurtuluş Günü Azərbaycan tarixində üç əsas transformasiyanın başlanğıcı kimi qiymətləndirirəm. Azərbaycan dövlət böhranından institusional sabitliyə keçid, təhlükəsizlik xaosundan idarə olunan sabit sistemə transformasiya və iqtisadi tənəzzüldən strateji inkişaf modelinə keçid etdi. Bu proseslər nəticəsində Azərbaycan müstəqilliyini qorumaqla yanaşı, dövlət institutlarını möhkəmləndirərək uzunmüddətli inkişaf yoluna çıxmağı bacardı və regionda sabitlik faktoru kimi formalaşmağa başladı”.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər