Arxeoloqlar 40 min yaşı olan yaralı mamont tapdılar
Yer kürəsində buz dövrü bitəndən sonra mamontlar istiləşməyə tab gətirmədi. Bu heyvanın nəsli kəsildi. İndi arxeoloqlar mamontların xeyli qalıqlarını tapır.
1news.az-ın Bizimyol.info-ya istinadən verdiyi xəbərə görə, rus arxeoloqlar Voronej şəhəri yaxınlığında yerləşən “Kostenki” muzey-qoruğunda qədim heyvanın sümüyünü aşkar ediblər. Sümükdə nizə yarası aşkar görünür. Hətta nizənin 3,5 santimetrlik ucluğu burada ilişərək qalıb.
Heyvan qalığının təxminən 40 min yaşı var.
Tarixi mədəniyyət institutunun əməkdaşı Andrey Sinitsının dediyinə görə, bu qəbildən olan ən qədim nümunəni aşkar ediblər: “Nizənin ucluğu mamontun sol tərəfinə elə möhkəm sancılıb ki, qalın dərini deşə bilib. Heyvan ayaqda qalmağı bacarıbsa, böyük ehtimalla sinəsindən də zərbə endiriblər. Onun ölümcül yaralanması da mümkündür”.
Nizə ucluğunda və mamontun qabırğasındakı izlər maraqlı tarixdən xəbər verir. Arxeoloqların ehtimalına görə, heyvanın sümük qalıqları istifadə üçün daş dövründə yaşamış qadına verilib. Bəzi cizgilər hadisələrin məhz bu cür gedişinə işarə vurur.
“Kostenki” muzey-qoruğunda təxminən 60-a qədər tarixi abidə var. O cümlədən, qədim insan yaşayış məskənlərində 10-a qədər mamont qalığı tapılıb. 1984-cü ildə tarix elmləri doktoru Nikolay Praslov başqa bir nizə ucluğu aşkar etmişdi. Həmin əşyanın daha az – 22-24 min yaşı var.
1news.az