“Facebook” Qarabağın müstəqilliyi ilə bağlı ermənilərin paylaşımlarını qadağan edə bilər | 1news.az | Xəbərlər
Siyasət

“Facebook” Qarabağın müstəqilliyi ilə bağlı ermənilərin paylaşımlarını qadağan edə bilər

13:17 - 29 / 03 / 2019
“Facebook” Qarabağın müstəqilliyi ilə bağlı ermənilərin paylaşımlarını qadağan edə bilər

Bu günlərdə məlum oldu ki, “Facebook” və “Instagram” ağ millətçilik və separatizmin təbliği və dəstəklənməsi ilə bağlı paylaşımları qadağan edib. Şirkət rəhbərləri şəxsi bloqlarında bəyan ediblər ki, bundan sonra nifrətlə mübarizə aparmaq məqsədilə bu cür paylaşımlar bloklanacaq.

Sosial şəbəkənin martın 27-si Çərşənbə günü məlumatlar səhifəsində yerləşdirilmiş bəyanatında göstərildiyi kimi təhlükəsizlik siyasətində dəyişikliklər bu həftə qüvvəyə minəcək.

Nəşr olunan sənədə görə, sosial şəbəkə uzun müddət “ağ irqin üstünlüyü" haqqında inanclara əsaslanaraq insanlara qarşı nifrət təzahürlərinə qarşı dözümsüzlük prinsipinə sadiqlik nümayiş etdirir. Ancaq bəyanatda göstərildiyi kimi, bu terminə “ağ millətçilik və separatizm” anlayışları daxil edilməmişdi.

“Bununla yanaşı, son bir neçə ay ərzində, bütün dünya üzrə irqi əlaqələr sahəsində mütəxəssis olan vətəndaş cəmiyyəti nümayəndələri və alimlərlə apardığımız məsləhətləşmələr nəticəsində əmin olduq ki, ağ millətçilik və separatizm ağ irqin üstünlüyü və mütəşəkkil dəstələr kimi nifrəti təbliğ edən anlayışlardan ayrı ola bilməz”- deyə, bəyanatda qeyd olunur.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan ərazilərini işğal etməyi, eləcə də separatizmi öz strategiyası olaraq seçən və uzun illər ərzində bu siyasəti dövlət səviyyəsində dəstəkləyən ermənilər media və sosial şəbəkələr də daxil olmaqla müxtəlif sahələrdə separatizmi fəal şəkildə təbliğ edirlər.

Sosial şəbəkələr Ermənistanın işğal etdiyi Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin Azərbaycan xalqına qarşı milli və ya dini nifrət və düşmənçiliyi alovlandıran təbliğat işində xüsusilə mühüm bir alətə çevrilib.

İndi separatçı rejimin dəstəklənməsi üçün Facebook-un erməni seqmentinin çağırışları, qondarma “DQR” rejiminin müstəqilliyini tanıması ilə bağlı paylaşımlar və şərhlər, eləcə də ermənilərin üstünlüyü haqqında nəşrlər Facebook-un administratorlarının qərarı ilə qadağan edilməli və silinməlidir.

Sosial şəbəkə istifadəçiləri yeni qaydalara uyğun olaraq, artıq bu cür nəşrlərlə bağlı rəhbərliyə şikayət edə və onların şəbəkədən çıxarılmasını tələb edə bilərlər.

Bu məsələdə Facebook-un Azərbaycan seqmentindən bu internet resursun saytında erməni separatizminin təbliğinə qarşı mübarizədə böyük fəallıq və əsl vətəndaşlıq mövqeyi ortaya qoymaları tələb olunur. Məhz onlar “Paylaşımı şikayət etmək” (“Report to admins”) funksiyasından istifadə edərək ermənilər tərəfindən edilən pozuntular barədə məlumat verməlidilər.

Əgər nəzərə alsaq ki, erməni separatizmi lokal xarakter daşımır və Türkiyə və Gürcüstan kimi regionun digər ölkələrinə də yayılır, “Facebook” və “Instagram”da erməni separatizminin təbliğinə qarşı mübarizə aparanların sayı daha çox olmalıdır. Bu baxımdan ABŞ-da – “Facebook” və “Instagram” kimi sosial şəbəkələrin baş ofislərinin yerləşdiyi ölkədə yaşayan azərbaycanlılar xüsusilə fəallıq nümayiş etdirməlidirlər.

Erməni diasporunun Amerikanın ən nüfuzlu etnik qruplarından biri olması heç kəsə sirr deyil. Bu isə o deməkdir ki,  ermənilər qadağanların qarşısını almaq üçün bütün mümkün variantlardan istifadə edəcək. Erməni lobbisinin Qarabağ məsələsinin bu yenilikdən kənarda qalmasına nail olmaq üçün sosial şəbəkələrə təzyiq göstərməyə çalışacağı da istisna deyil. İnanmaq istərdik ki, Azərbaycan diasporu ermənilərin bu yöndəki fəaliyyətini neytrallaşdırmaq üçün müvafiq tədbirlər görəcək.

Bəlkə də, bu məsələdə Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi koordinasiya işlərini edə bilərlər.

1news.az yaranan imkanlardan istifadə baxımından hər hansı bir iş planlaşdırırlarmı sualı ilə adıçəkilən qurumlara sorğu ünvanladı. Lakin bu materialın dərc edildiyi anda sorğumuza cavab almadıq.

1news.az

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər