SOCAR İstiqrazlarının növbəti faiz ödənişi baş tutacaq
17 aprel tarixində SOCAR İstiqrazları üzrə 2019-cu ilin ikinci faiz ödənişi həyata keçiriləcək.
1news.az-a “SOCAR Capital” şirkətindən verilən xəbərə görə, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüləcəyi bildirilib.
SOCAR İstiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 10-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlmiş olacaq.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır – 2019-cu ilin ilk rübündə 110-dan çox, ümumilikdə isə 1700 əqd bağlanıb.
1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış olacaq və müddətin sonunda isə istiqraz sahiblərinin ümumi gəliri 25 milyon dollar təşkil edəcəkdir.
S.Xankişiyeva