Növbəti IMAGINE Avro Tolerantlıq Festivalı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti IMAGINE Avro Tolerantlıq Festivalı başlayır

15:18 - 16 / 04 / 2019
Növbəti  IMAGINE Avro Tolerantlıq Festivalı başlayır

Şərq Tərəfdaşlığının  10 illik yubileyi münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi  quruma  üzv ölkələrin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail, İsveçrə səfirlikləri, United Cultureslə ilə əməkdaşlıq çərçivəsində 1-14 May tarixində  mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini tanıtmağa yönəlmiş 3-cü IMAGINE Avro Tolerantlıq Festivalını təşkil edir.

 1news.az-a Aİ-nin Bakı nümayəndəliyindən verilən məlumata görə, builki Festival, ötən illərdəki kimi bütün gözləntiləri üstəliyəcək. Festival zamanı tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film təqdim ediləcək.

Festivala öz filmlərini təqdim etmək üçün Fransa, Finlandiya, Latviya, Hollandiya və Belçikanın tanınmış rejissorları qatılacaq və müxtəliflik mövzusunda olan müzakirələrdə iştirak edəcəklər. Həmçinin, universitetlərdə sənədli filmlərin çəkilməsi haqqında tələbələrə və yerli gənc rejissorlara master-klass dərsləri keçiriləcəkdir. Təşkilatçılar 35 ildən çox təcrübəsi olan və hazırda Belçikada dərs deyən məşhur hollandiyalı rejissor Robert Ronbout kimi xüsusi bir qonağa ev sahibliyi etməkdən isə böyük qürur hissi duyur.

Müxtəliflik eyni zamanda musiqiyə də aiddir. Əvvəlki illərin ənənəsini qoruyaraq, festivalın proqramı fərqli  və orijinal olmağı nəzərdə tutur: 7 may tarixində  Avropa / Azərbaycan ansamblı ilə birgə Magda Mendes tərəfindən Portuqaliya fado musiqisinin həzzini, Andalusiya,İspaniyanın düz mərkəzindən gələn gitara ifaçısı "El Amir" isə  Bakı ictimaiyyətinə Flamenko və Aralıq dənizi atmosferini  gətirəcək. Son olaraq, əslən Çilidən olan belçikalı saksafon ifaçısı Marcelo Moncadanın  iki qeyri-adi konsertləri ilə biz caz improvizasiyasına səyahət edəcəyik.

Festival Brüsseldə yaşayan fransız fotoqrafı Nikolas Landemardın işləri olan  fotoşəkil sərgisi ilə açılacaq. Onun fotoşəkilləri Brüsseldəki Avropa təşkilatlarının gündəlik iş reallığını nümayiş etdirir. Bu sərginin xüsusi bölməsi müxtəlifliyə həsr olunacaq.

İlk dəfə olaraq, bu il IMAGINE Avro Tolerantlıq Festivalı həmçinin paytaxtdan kənarda, Gəncə şəhərində də keçiriləcəkdir.

IMAGINE Avro Tolerantlıq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Cinema Plus, “the Landmark” Biznes Mərkəzi, Nizami Kino Mərkəzi, Bakı Metropoliteni ASC, Salaam Cinema, Məhsəti Gəncəvi Mərkəzi, "Yarat" Müasir İncəsənət Mərkəzi, İbrahim Abilov adına Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti, Venesiyanın Ca' Foscari Universiteti tərəfindən dəstəklənir.

P.Sultanova

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər