Rəhman Hacıyev: Azərbaycan Qran-prisi müstəqilliyimiz tarixində ölkəmizin ən uğurlu piarıdır – VİDEO

Azərbaycanın “Formula-1”lə əməkdaşlığı hər iki tərəf üçün faydalı olub.
Bunu CBC telekanalına müsahibəsində 1news.az-ın baş redaktoru Rəhman Hacıyev deyib.
“Qran-prinin Bakıda keçirilməsindən ən böyük mənfəəti Formula-1-in özü qazandı. Birinci mərhələdə Formula-1 rəhbərliyi yarışa sərmayə qoymaq istəyən başqa bir şəhərin cəlb edilməsində maraqlı idisə və təşkilatçıların maliyyə maraqları üstünlük təşkil edirdisə, zamanla Bakı Qran-prisi ən baxımlı yarışlardan birinə çevrildi”.
Baş redaktorun sözlərinə görə, dəfələrlə nüfuzlu KİV-lər, o cümlədən Britaniya mətbuatı Azərbaycan Qran-prisini ilin ən yaxşı yarışı olduğunu etiraf ediblər:
“Bu bizi sevindirməyə bilməz. Çünki möhtəşəm bir yarış yalnız tamaşaçıların və pərəstişkarların deyil, həm də möhtəşəm şouda istəyən şəxslərin hamısında əlavə maraq doğurur”.
R.Hacıyev bildirib ki, Azərbaycan Qran-prisi müstəqilliyimiz tarixində ölkəmizin ən uğurlu piarıdır:
“Çünki Formula-1 tamaşaçılarının sayı olduqca çoxdur. İl ərzində dünyada təxminən yarım milyard insan bu yarışları izləyir. Hər bir yarışa isə 30-35 milyon insan baxır”.
Baş redaktorun sözlərinə görə, Formula-1-ə baxmağa gələn insanlar elitar azarkeşlərdir və onlar bura yalnız yarışa baxmağa deyil, həm də pul xərcləməyə gəlirlər:
“Sadəcə bir neçə il ərzində Azərbaycan yarışlardan 300 milyon manata yaxın gəlir əldə edib. Bu isə o deməkdir ki, Azərbaycan bu yarışları keçirməklə nəinki ancaq piar qazanmır, həm də maliyyə mənfəəti əldə edir. Bu isə tədricən artacaq. Çünki Formula-1-ə baxmağa gələn turistlərin çoxu sonra yenidən bura qayıdır”.
Geniş müsahibəyə aşağıda baxa bilərsiniz:
1news.az