Ölməz sənətkar Fuad Poladovsuz bir il – XATİRƏLƏR

Mayın 4-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti Fuad Poladovun vəfatının bir ili tamam olacaq.
Uzun müddət amansız xəstəliklə mübarizə aparan dahi sənətkar 70 illik yubileyinə cəmi 20 gün qalmış gözlərini yumaraq əbədiyyətə qovuşdu.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb.
20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.
1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Bu teatrın səhnəsində onlarla rol oynayıb. Teatrla yanaşı kino sahəsində yaddaqalan obrazlar yaradan Fuad Poladov 43 filmə çəkilib.
Xalq artisti “Atayevlər ailəsi”, “Alov”, “Qaynana”, “Güllələnmə təxirə salınır”, “Ovsunçu” kimi onlarla televiziya tamaşası və filmlərdə yaddaqalan obrazlar yaradıb.
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 4 may 2018-ci ildə vəfat edib. Məzarı “Qurd qapısı” qəbiristanlığındadır.
Sənət dostları Fuad Poladovu təkcə böyük aktyor kimi yox, həm də haqsızlığa, ədalətsizliyə qarşı sərt mövqe göstərən bir insan kimi xatırlayırlar. Mərhum aktyorun sənət yoldaşlarının onunla bağlı xatirələrini təqdim edirik:
Xalq artisti Rasim Balayev hesab edir ki, mərhum həm böyük aktyor, həm də böyük şəxsiyyət idi:
“Aktyorlar sənət dünyasında müəyyən maqamlara çata bilər. Ama şəxsiyyət olmaya da bilərlər. Fuad həm də böyük şəxsiyyət idi. Aktyorlar var iki özünü camaatın içində apara bilmir. Ama Fuad Poladovu görəndə elələri özünü yığışdırırdılar. O, cəmiyyətdə özünü apara bilirdi. Bununla da aktyor sənətinə adamlarda hörmət yaradırdı. Gendən baxanda deyirdilər ki, aktyor da ciddi şəxsiyyət olarmış. O, həyatda aktyorluq etmirdi. Yalnız səhnədə oynayırdı. Düşünüb düşündürən aktyor idi”.
Xalq artisti Fəxrəddin Manafov Fuad Poladovun yoxluğundan sonra teatr məkanında və kino sahəsində əbədi bir boşluğun yarandığını söyləyib:
“İnsan əvəzedilməzdir... Sənətkar təkrarolunmaz... Bu bir ildə teatr məkanında və kino sahəsində biz əbədi bir boşluğun yaranmasının şahidi olduq. Bu, Fuad Poladovsuz olan boşluqdur. Kainatda Fuad Poladovun adını daşıyan ulduzla yanaşı dərin bir boşluq da var. Allah sənə rəhmət eləsin, yerin behişt olsun, Poladov”.
Xalq artisti İlham Namiq Kamal Azərbaycan teatrında Fuad Poladov səviyyəsində aktyorun az olduğunu bildirib:
“Fuad Poladov Azərbaycan teatrında, kinosunda çox mühüm yerlərdən birini tutan sənətkarlardandır. O, ağlagəlməz vaxtda dünyasını dəyişdi. 30 ilə yaxın onunla birlikdə “Azdrama”da işləmişəm. Birlikdə qastrollarda olmuşuq. Daha sonra bu il 40 illiyi tamam olacaq “Qaynana” filmində 6 aya yaxın tərəf müqabili olmuşuq. Peşəkarlıqdan söhbət gedirsə, Fuad əsl peşəkar idi. Azərbaycan teatrında bu səviyyədə aktyorlar azdır. Allah qismət etsəydi, bu sözləri onun yubileyində deyəcəkdim.
Fuad çox düzgün, ədaləti itirməyən, dostluqda möhkəm, səmimi şəxsiyyət idi. Biz get-gedə əsl sənətkarları itiririk. Azərbaycan kinosu, teatrı bu cür kasadlaşır. Peşəkarlar olmayan məmləkətdə bilmirəm sabah nə olacaq?”
Xalq artisti Mehriban Zəki Fuad Poladovun cəsarətli insan olduğunu deyib:
“O, çox təmkinli, səbirli adam idi. Kiminsə haqqında nəsə deməyi, danışmağı, fikir yürütməyi sevməzdi. Amma bir dəfə səfərlərimizin birində mənim haqqımda sağlıq dedi. O zaman anladım ki, Fuadın mənimlə bağlı ifadə etdiyi söz içindəki sözdür, özü haqqında bu sözü deyir. Dedi ki, aktyor var sənətə şan-şöhrət naminə gəlir, aktyor var gəlib rolunu oynayır, sonra da itib batır, aktyor da var ki, sənətinin fəhləsidir, illər boyu yorulmadan, nə qazanacağını düşünmədən hər zaman sənətinə fəhlə kimi xidmət edir.
Fuad 70 yaşı haqlamasına baxmayaraq, son dönəmlərinə qədər rol təklifi alanda uşaq kimi sevinərdi. Ona verilən rolun üzərində şövqlə, böyük sevgi ilə işləyirdi. Heç nədən qorxmazdı”.
Əməkdar artist Ayşad Məmmədov sənət yoldaşının ölüm səhnələrini heyranlıqla oynadığını söyləyib:
“Bizim aramızda 6-7 il yaş fərqi var idi. Onunla vizual tanışlığım “Darıxma ana” tamaşasında olub. Tamaşada ilk görüşümüz isə Şekspirin əsərlərindən birinə “Aktyor evi”ndə hazırlanmış tamaşada baş tutub. Tamaşanın rejissoru Azərpaşa Nemətov idi. Filmdə ilk görüşmüz “Güllələnə təxirə salınır” filmində olub. Fuad orada “qanuni oğru” “Xan” obrazını, mən isə “Yetim Paşa” obrazını oynayırdım. Daha sonra “Şah Qacar” tamaşasında rol aldıq.
Fuad Poladovda məni ən çox maraqlandıran cəhət o idi ki, ölüm səhnələrini çox gözəl oynayırdı. Baxmayaraq ki, mən özüm də aktyoram, aktyor texnikasına bələdəm, amma Qacarın ölüm səhnəsində necə oynayırdısa, sifətinin rəngi, gözlərinin quruluşu da dəyişirdi. Həmişə onun sehrinə düşürdüm. Ölüm səhnəsi olmamış, artıq o, ölmüş adam obrazına girirdi. Bunu “Dolu” və “Ovsunçu” filmlərində də görmək olardı. Fuad aktyordan əlavə əsl kişi, mərd adam idi. Onda ziyalılıq, alicənablılıq kefiyyətləri var idi”.
1news.az