Sabahın havası: yağış yağacaq, bəzi rayonlarda dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti may ayının 3-nə olan hava proqnozunu açıqlayıb.
Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mayın 3-dən 4-nə keçən gecə ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında mayın 3-də hava əsasən yağmursuz keçəcək, lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, mayın 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1news.az