Bakı teatrlarının həftəsonu afişası

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar göstəriləcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sənət ocağının səhnəsində üç əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər mayın 17-də “Silva” (rus dilində), 19-da isə “Qırmızı papaq” və “Talelər qovuşanda” tamaşalarına baxa biləcəklər.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi maraqlı tamaşalarla balacaları sevindirəcək.
Sənət ocağının yaradıcı heyəti bu həftə ikisi rus, biri isə Azərbaycan dilində olmaqla üç səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar mayın 17- də “Pinokkionun sərgüzəştləri” (rus dilində), 19-da isə “Turp” və “Qoğal” (rus dilində) tamaşalarını izləyəcəklər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi bu həftə üç səhnə əsəri ilə çıxış edəcək.
Teatrda təqdim ediləcək tamaşalar çağdaş və klassik yazıçıların əsərləri əsasında hazırlanıb.
Teatrın səhnəsində mayın 17-də “Qətibə İnanac”, mayın 18-də isə “Bir, iki, bizimki” tamaşaları göstəriləcək.
Bundan başqa, tamaşaçılar mayın 19-da “Sinif yoldaşları” tamaşasına baxa biləcəklər.
Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində də həftəsonu üç tamaşa nümayiş ediləcək. Belə ki, mayın 18-də “Ağ bığlılar” tamaşası göstəriləcək. Bundan başqa, balacalar üçün mayın 19-da maarifləndirici “Fəlakət və insan” tamaşası nümayiş olunacaq.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.
1news.az