Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqasının finalı üçün xüsusi tədbirlər planı hazırlayıb
Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlamışdır. Bakının hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu artıq mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciəti təsdiqləmişdir. Bura həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və s. kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət etmişdirlər.
Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.
Qeyd edək ki, Bakının hava limanı artıq böyük beynəlxalq tədbirlərin, o cümlədən İlk Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və s. kimi idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdir.
S.Xankişiyeva