Humanitar diplomatiya | 1news.az | Xəbərlər
Siyasət

Humanitar diplomatiya

15:02 - 27 / 05 / 2019
Humanitar diplomatiya

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunub.

Müasir dünyada müəyyən risklərin və mümkün böhranların sayının artdığı zaman, kataklizmlərin xarakterinin dərinləşdiyi və onların davamiyyətinin artdığı bir şəraitdə zamanında humanitar yardımın göstərilməsinə böyük ehtiyac duyulur. Humanitar yardım-hər şeydən əvvəl, böhranla üzləşmiş, müxtəlif fəlakətlərdən əziyyət çəkmiş (ayrıca bir məkanla bərabər, həmçinin bütün ölkəyə aid) əhalinin həyat və ləyaqətinin qorunub saxlanılması deməkdir. Belə vəziyyətdə ən əsas məqam ehtiyacı olanların əsas tələbatlarına düzgün reaksiya verməkdir: dərman preparatları, içməli su, sanitariya ləvazimatları, qida məhsulları, tibbi xidmət, müvəqqəti yaşayış yeri və s. ilə təminat.

Bununla yanaşı, humanitar fəaliyyət təbii insani mərhəmət olmaqla yanaşı, hər bir dövlətin xarici siyasətində əsas istiqamət kimi mövcuddur. Yardım göstərməklə yanaşı zərər çəkmiş tərəflə həmrəylik və birlik nümayiş etdirilir, nəticədə beynəlxalq stabilliyin möhkəmləndirilməsinə yardım edilir.

Azərbaycan müxtəlif böhranlı vəziyyətlərə lazımi vasitələrlə reaksiya vermək məqsədilə, yeni humanitar strategiyanı qəbul etməklə humanitar fəaliyyətə bağlılığının növbəti mərhələsini təyin edərək 2011-ci ildə XİN çərçivəsində Beynəlxalq İnkişaf Agentliyini (AİDA) təsis etdi.

Həqiqətən, Azərbaycan kimi ölkə üçün humanitar yardımın mahiyyəti, onun daşıdığı əsas missiya olduqca tanışdır. Öz yeni tarixinin lap başlanğıcında ciddi problemlərlə üzləşərək, öz ərazisində ona sırınmış müharibə apararaq, öz torpaqlarının işğalının dəhşətlərini yaşayaraq, milyon qaçqın və məcburi köçkünlərin problemlərini həll edərək, bizim ölkəmiz gənc və yeni qurum olaraq kənardan ediləcək yardıma ehtiyac duyurdu. Azərbaycanın bir çox bölgələrində qaçqın düşərgələri yaradılırdı ki, müstəqil şəkildə onları ayaqda saxlamaq həmin çətin illərdə mümkünsüz görünürdü. Bir sıra ölkələrdən bizə humanitar yardımlar daxil olurdu ki, onları da vaxtında və bərabər şəkildə bölüşdürmək lazım olurdu, lakin o dövrün reallığı içində bu işi həyata keçirmək heç də asan deyildi.

Bir sözlə, bizdə insan faktoru,  başqa sözlə desək, insan kapitalı ölkənin inkişafının əsas faktoru kimi qəbul edilmiş və hazırda da qəbul edilməkdədir. Bu səbəbdən bir milyon qaçqın və məcburi köçkündən bir nəfər də olsun belə dövlətin diqqətindən kənarda qalmadı. Onlardan hər biri başının üzərində damla, lazımi işlə, təqaüd və sosial müavinətlə, zərər çəkmiş gənc nəsil isə ödənişsiz təhsillə təmin edildi. Artıq  uzun illərdən sonra cəsarətlə söyləmək olar ki, o dövrün hadisələri bizə böyük təcrübə qazandırdı. 1991-ci ildə müstəqilliyimizi əldə etdikdən sonra qarşılaşdığımız bütün çətinlik və problemlərə baxmayaraq, indiki tarixi anda ölkəmiz müasir, çiçəklənın dövlətdir. Bir müddət əvvələ qədər digər dövlətlərdən humanitar yardım alan  Azərbaycan artıq ehtiyacı olan ölkələrə lazımi humanitar yardım və iqtisadi dəstək verən donor ölkəyə çevrilmişdir.

Humanitar strategiyanın işlənib hazırlanması, bu kursun düzgün həyata keçirilməsi və dəqiq icrası ilə AİDA məşğul olur. Agentliyin əsas məqsədi dünyadakı sosial problemlərin həll olunmasında beynəlxalq ictimaiyyətə dəstəyin göstərilməsidir. Xarici ölkələrin yardım ilə bağlı çoxsaylı müraciətlərinin artmasını və Azərbaycanın nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini nəzərə alaraq, agentliyin əsas fəaliyyət prioriteti ünvanlı yardımın koordinə edilməsi və zamanında göstərilməsidir.

Ilk növbədə AİDA yoxsulluğun azaldılması, mədəniyyətin dirçəldilməsi, elmin tətbiqi, səhiyyənin inkişafı kimi məsələlərdə inkişaf etməkdə olan ölkələrə yardımlar edir. Öz fəaliyyəti ilə AİDA informasiya texnologiyaları və kommunikasiya vasitələrinin geniş tətbiqinə, enerji ehtiyatlarının effektiv istifadəsinə, müxtəlif təqaüd proqramlarının irəli sürülməsi və s. humanitar və texniki layihələrin həyata keçirilməsinə dəstək verir. Eyni zamanda, BMT-nin İnkişaf Proqramı,  İslam Əməkdaşlığı Təşkilatı, İslam İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla, donor agentlikləri ilə əməkdaşlıq əlaqələri qurulur. Donor ölkəsi kimi Azərbaycan hər zaman ehtiyacı olan ölkələrə onların inkişafına kömək etməklə öz yardım əlini uzadır. Xüsusi proqramlar, layihə və kampaniyalar çərçivəsində  yardımı alan ölkələrin potensialı artmaqla yanaşı, onlarla təcrübə mübadiləsi həyata keçirilir, bununla da bu ölkələrlə ikitərəfli münasibətlər möhkəmlənir.

Bizim agentliyin fəaliyyəti iki əsas istiqamət üzrə həyata keçirilir: Birinci istiqamət-humanitar yardımın göstərilməsidir. İkinci istiqamət isə-inkişaf məqsədilə yardımdır.

Humanitar yardımın göstərilməsinə texnogen fəlakətlər və ya təbiət hadisələri zamanı təxirəsalınmaz yardımın göstərilməsi aiddir.  Bu halda agentlik özü lazımi yardımı göstərir və Azərbaycanın əlaqədar nazirlik və dövlət qurumları ilə yardım göstərilmə sahəsindəki birgə işin koordinasiyasında iştirak edir.

Inkişafa yardım sahəsində ilk olaraq inkişaf etməkdə olan ölkələrdən olan tələbələrə təqaüdün verilməsini misal kimi göstərmək lazımdır. Tələbələri Azərbaycanın ən yaxşı ali təhsil ocaqları qəbul etməyə hazırdır. Belə ki, tələbələr özlərinin seçdikləri ixtisas üzrə təhsil alırlar. Azərbaycanda təhsil almaq istəyən əcnəbi tələbələr üçün AİDA xüsusi təqaüd proqramında iştirak etmək üçün şərait yaradır. Beləliklə, gələcəkdə ölkəmizdə təhsil almış tələbələrin sayı artacaqdır. Onlar ölkəmizdə bir neçə il yaşayaraq, burda dostluqlar, bəzən də ailə quraraq gələcəkdə onlara bu imkanı yaradan ölkəmizə daha da isti yanaşacaqlar. Buna görə də təqaüd proqramı agentlik üçün ən effektiv və mühüm proqramlardan biridir ki, gələcəkdə onu daha da inkişaf etdirmək və yardım alan ölkələrin coğrafiyasını mümkün qədər daha da genişləndirmək planlaşdırılır. Həmçinin  Azərbaycanın əhəmiyyətli dərəcədə nailiyyət və uğur  qazandığı sahələrdə mütəxəssislərin ixtisasının artırılması üzrə təlimlərin təşkil edilməsinə də  yardım edilir.Əsas yeri, təbii olaraq, neft sektoru tutur.  Bizim ölkənin bu sahədə böyük təcrübəyə malik olduğunu nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrin nümayəndələri Azərbaycan Dövlət Neft Akademiyasında ixtisasartırma kursları keçirlər.

Xatırlamaq yerinə düşərdi ki, 2018-ci ilin oktyabr ayında AİDA-nın təşkilati dəstəyi ilə “ADA” universitetində Azərbaycanda  təhsil almış məzunlarla ilk görüş keçirildi, həmçinin, “Gələcəyə sərmayə: sabit və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa” təşkil olundu. Bu tədbirdə 25 ölkədən olan, Azərbaycanda təhsil almış 60 nəfər, həmçinin İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmamaq hərəkatına daxil olan dövlətlərin vətəndaşları üçün ayrılmış qrantların verildiyi təhsil proqramları çərçivəsində ölkəmizin ali təhsil ocaqlarında hazırda da təhsil alan əcnəbi tələbələr də iştirak edirdi.

AİDA-nın fəaliyyətinin əsas istiqaməti informasiya-kommunikasiya texnologiyaları və elektron hökumətin tətbiqi sahəsində yardımın göstərilməsindən ibarətdir.Agentlik BMT-nin İnkişaf Proqramı ilə birlikdə elmi əməkdaşlığın inkişafına dəstək verərək xaricdə (Əfqanıstan) belə layihələri həyata keçirir. Bu təcrübəni daha da genişləndirmək istərdik, çünki inkişaf etməkdə olan ölkələrdə intellektual potensialın yaradılması az əhəmiyyətli məsələ deyil. Hər bir donor ölkəsi kimi Azərbaycan  da beynəlxalq yardım göstərərkən bu işi daha effektiv yerinə yetirməyə çalışır. Bununla əlaqədar olaraq, AİDA üçün öz partnyorları ilə bu işdə birlikdə iştirak etmək olduqca vacibdir. Belə ki, bu, nüfuzlu “beynəlxalq donorlar ailəsi”nin bir hissəsi olmaq deməkdir.

Islam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edərək Agentlik həm də Afrika ölkələrinə göz xəstəlikləri ilə mübarizədə yardım edilməsində iştirak edir. Azərbaycan oftalmoloqları xüsusi proqram çərçivəsində pulsuz tibbi müayinədə iştirak edir və  zərurət yarandıqda isə -katarakta və ya qlaukomanın aşkar edilməsi zamanı – pulsuz əməliyyatlar edirlər. Eyni zamanda onlar yerli oftalmoloqlara gələcəkdə bu kimi əməliyyatları özlərinin aparmaları üçün təlim keçirlər. Bundan başqa, AİDA yeni, qorxulu xəstəlik olan Ebola ilə mübarizədə beyəlxalq yardımın göstərilməsinə iştirak edir. Belə ki, yardımların edildiyi zaman, həmçinin müəyyən proqramın başa çatmasından sonra belə agentlik son nəticənin əldə olunmasını diqqətlə izləyir ki, bu da çox mühümdür. Çünki istənilən başlanılan işdə əsas məqsəd müsbət nəticələrin əldə edilməsi və mövcud potensialın möhkəmləndirilməsidir. Və əgər nəticələr görünəndirsə, sabit və müsbətdirsə, deməli, qarşıya qoyulmuş məqsədə artıq nail olunmuşdur. (Toplanılmış təcrübə, maraqlı ideyalar olduqda çox xoş olur və bunları partnyorlarla paylaşmaq istəyirsən.) Bütün bunlarla yanaşı, agentlik təcrübə toplamağa, həmkarlarının nümunələrindən öyrənməyə davam edir, öz proqramlarını daha da işlək etmək məqsədilə onları daima təkmilləşdirir və genişləndirir.

Bütünlükdə, Azərbaycan fövqəladə vəziyyətlə qarşılaşan bir çox dövlətlərə müntəzəm olaraq humanitar yardımlar edir. 2011-ci ildən etibarən Asiya, Afrika və Latın Amerikasının  bir sıra ölkələribu yardımlardan faydalanmışlar.Bu yaxınlarda isə BMT–nin qaçqınların məsələləri üzrə Ali Komissarının Ofisinin çağırışına əsasən, Azərbaycan Burundidən olan qaçqınlara humanitar yardım göstərilməsinə dair maliyyə ayırmışdır. Bu yardım Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada yerləşmiş qaçqınların ilkin tələbatlarının ödənilməsinə və onların öz ölkələrinə geri dönməsinə həvəsləndirilməsinə yönəlmişdir.

Qeyd edək ki, yardım edilənlər təkcə Asiya, Afrika və Latın Amerikası ölkələrindən deyil.2014-cü ildə uzunmüddətli leysan yağışlardan sonra subasmalara məruz qalmış Avropa ölkələri olan Serbiya və Bosniya və Herseqovinaya da humanitar yardım edilmişdir. Xüsusilə acınacaqlı mənzərə Bosniya və Herseqovinada müşahidə edildi, belə ki, burada subasmaya məruz qalmış ayrı-ayrı yaşayış məntəqələrini evakuasiya etdikcə, 1992- 1995-ci illərin Balkan müharibəsinin unudulmuş vəhşilikləri-qardaş qəbirləri, minalanmış sahələr aşkar edildi.

Humanitar fəaliyyətin özlüyündə bir çox riskləri var. “Hibrid müharibə”lərin təcrübədən keçirildiyi müasir dünyada, milli və ya dini zəmində zorakılıqların baş verdiyi Myanmada Rohinqya müsəlmanları və ya Ruandada Tutsi xalqının başına gələn hadisələrdə olduğu kimi beynəlxalq humanitar hüququn təməl normalarının pozulması hallarının artdığının şahidi oluruq. Mülki əhali hücumlara məruz qalır, onların mülkiyyəti məhv edilir və ya mənimsənilir, əhalinin sıx cəmləşdiyi yerlər-məktəblər, xəstəxanalar, bazarlar, meydanlar və digər ictimai yerlər hücumlar üçün asan hədəfə çevrilir. Belə şəraitdə humanitar fəaliyyətlə məşğul olan insanlara qarşı onlarda qorxu yaratmaqla humanitar missiyaya mane olmaq məqsədilə məqsədli şəkildə hücumlar edilir və hətta onların fiziki məhvinə də nail olmağa çalışırlar. Təəssüflə qeyd etmək lazımdır ki, belə hücumların sayı artmaqdadır (statistikaya görə, son 20 ildə onların sayı 3 dəfə artmışdır). Tibbi xidmətin göstərilməsinə mane olmaq məqsədilə tibb işçilərinə də hücumlar edilir. Təəssüf ki, tibbi təsisatların dağıntıya məruz qalması halları artmışdır ki, bu da ciddi narahatlıq doğurur. Belə hallar, mülki əhali üçün faciəvi nəticələrə gətirib çıxarır.

Belə ki, heç bir xarici risk və aqressiv tədhdidlərə baxmayaraq, agentlik dara düşənlərə həmişə yardıma tələsir. Bir vaxtlar xaricdən yardım almağa ehtiyac duyan Azərbaycan hazırda digər ölkələrin inkişaf etməsinə töhfə vermək üçün yardım etməyə kifayət qədər imkanlara malikdir.

Azərbaycanın etdiyi yardımlardan söhbət açarkən ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondunun xüsusi qatqılarını qeyd etməmək mümkün deyil. Fond humanitar və sosial xarakterli layihələr həyata keçirərək dünyada konstruktiv xarici siyasətin yeni modelini təşviq edir ki, bu da diplomatiyanın resurs potensialının keyfiyyət baxımından yenilənməsidir. Bu hallarda ölkələr arasındakı münasibətlər yalnız rəsmi səviyyədə qurulmuş və möhkəmlənmiş olmur. Belə ki, bu münasibətlər ictimai planda yaradıcı təmələ dayanırlar, çünki fondun fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Dünyanın müxtəlif ölkələrində mədəni və humanitar, eləcə də səhiyyə sahələrində müxtəlif layihələr həyata keçirilir ki, şəkərli diabet, talassemiya, hemofiliya və s. kimi ağır xəstəliklərdən əziyyət çəkənlərə yardım edilir. Bir sözlə, Heydər Əliyev Fondu dövlətimizin yalnız donor ölkələr ailəsində deyil, eləcə də beynəlxalq arenada artan nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inamla gələcəyə doğru addımlayır.İqtisadiyyatımız son onillikdə yüksək templə inkişaf etmişdir. Biz elə inkişaf səviyyəsinə çatmışıq ki, yalnız irimiqyaslı regional investisiya layihələri deyil, həm də yoxsul ölkələrə yardımlar da həyata keçirə bilirik. Bu, bizim xarici siyasətimizin əsas prioritetlərindən biridir. Xarici ölkələrə yardım etmənin əsas məqsədi bütün sahələrdə beynəlxalq əməkdaşlığı möhkəmləndirməkdir.

Beləliklə, AİDA zamanında yardım əlini uzadaraq, bütün Yer kürəsində sülh, təhlükəsizlik və çiçəklənmənin təmin edilməsi işinə fədakarcasına xidmət  edir. Axı AİDA-nın yardımı birbaşa olaraq həyatlarını daha da yaxşılaşdırmağa çalışdığı insanlara ünvanlanmışdır.

1news.az

 

 

 

 

Paylaş:
1097

Son xəbərlər

Bütün xəbərlər