Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı işə başlayıb
Mayın 30-da Bakıda 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətindən və "Əsrin müqaviləsi"nin ölkəmizə qazandırdığı dividendlərdən danışıb.
Nazir 2014-cü ildən ötən müddətdə bazarda neftin qiymətindəki dəyişkənlikdən, Azərbaycanın digər hasilatçı ölkələrlə birgə "OPEC plus" formatında əməkdaşlığını əhəmiyyətini qeyd edib. Deyib ki, hazırda neftin bir barreli 70 dollar civarındadır və bunu qənaətbəxş hesab etmək olar.
Energetika naziri "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun ölkənin neft hasilarındakı rolundan, 6 milyard dollar sərmayə ilə blokun işlənməsinin növbəti mərhələsinin əhəmiyyətindən, Cənub Qaz Dəhlizi meqalayihəsinin Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfədən bəhs edib.
Neft-qaz sektorunun, eləcə də bu sektor ilə əlaqəli müxtəlif sahələrin rəhbərləri üçün də əsas platforma olan 2 günlük konfransda 30 ölkədən 500-dək nümayəndə iştirak edir.
1news.az