Azərbaycanlı diplomatın qeydləri: diplomat peşəsinin görünən və görünməyən tərəfləri haqqında... | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı diplomatın qeydləri: diplomat peşəsinin görünən və görünməyən tərəfləri haqqında...

S.Xankişiyeva09:40 - 07 / 06 / 2019
Azərbaycanlı diplomatın qeydləri: diplomat peşəsinin görünən və görünməyən tərəfləri haqqında...

Fikrət Sadıxov – diplomat, politoloq, “Vətənə xidmətə görə” ordeninin sahibi, Qərbi-Kaspi Universitetinin professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsən bəy Zərdabi adına mükafatın laureatı.

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə

(kitabdan bir hissə)

MÜƏLLİFDƏN

Baxmayaraq ki, bir zamanlar ən nüfuzlu fakültə hesab edilən şərqşünaslığı bitirsəm də, Yaxın Şərqdə uzunmüddətli ezamiyyətdə olsam da, Azərbaycanın Xarici İşlər Nazirliyində (XİN) işə qəbul olunaraq yüksək diplomatik rütbə alsam da, heç vaxt özümü taleyin ərkəsöyün uşaği hesab etməmişəm və həyatın üzümə güldüyünü də düşünməmişəm.

Həyatda qazandıqlarıma böyük səylər, zəhmət və səbr hesabına nail olmuşam. Yazdıqlarımı memuar adlandıra bilmərəm. Çətin ki, kimlərisə mənim hansı məktəbə getdiyim, kiminlə dostluq etdiyim və hansı peşəyə sahib olduğum maraqlandırsın.

Bu, sadəcə maraqlı hadisələrlə dolu və bir çox hadisələrə birbaşa əlaqəm olan keçmişə baxışdır. Bunlardan ən vacibi, yaddaqalanı və ən başlıcası isə – Azərbaycanın diplomatik keçmişinə, xarici əlaqələrinə aiddiyyatı olanlar haqda danışmaq istərdim.

DİPLOMAT OLMAQ ASANDIR?

Diplomat – nüfuzlu və cəlbedici peşədir. O hər zaman sirli, müəmmalı və bir qədər də romantizmlə əhatə olunub. Bir çoxlarında bu peşə görüş və danışıqlar, qəbul və səfərlər, möhtəşəm mərasimlər kimi amillərlə bağlidir. Lakin həqiqətdə yuxarıda sadalananlar – diplomatik heyətinin cəlb edildiyi nəhəng işin bir hissədir.

Diplomat peşəsi bu, xüsusi biliklər və peşəkar bacarıqlar tələb edən gündəlik məsuliyyətli və riskli əməkdir. Bununla yanaşı, bacarıq və təcrübə diplomatın ən dəyərli keyfiyyətini – özünün bələdçisi olduğu, dövlətin müdafiə etdiyi məqsədləri, siyasəti, ölkəsinin, xalqının maraqlarını köklü şəkildə təmsil etmə kimi daxili əminliyini əvəzləyə bilməz. Məhz bu əminlik peşəkar keyfiyyətlərlə birləşərək diplomatın öz işini qəti, təşəbbüskar, ən çətin şəraitdə vətəndaş və şəxsi cəsarətlə görəcəyinin təminatçısıdır.

SNAYPER KİMİ ATƏŞ AÇMAQ

İlk dəfə ezam olunduğum Yəmən Ərəb Respublikası vətəndaş müharibəsi atəşində yanırdı. Vəziyyət olduqca gərgin və gözlənilməz idi. Aparıcı dövlətlər həmişəki kimi münasibətlərini digər regionda aydınlaşdırırdı. Bu dəfə geosiyasi maraqlar Ərəbistan yarımadasının cənubunda cərəyan edirdi. Ya cavanlığıma görə, ya da xarakterimin xüsusiyyətinə görə bu ölkədə gün ərzində güllə və avtomat səslərinə həddindən artıq sakit yanaşırdım.

Hətta qəfil baş verən fors-major halları da məndə ümidsizlik və qorxu yaratmırdı. Bu cür hadisələrdən biri ilə SSRİ-nin Baş Konsulluğunun yerləşdiyi Hodeyda şəhərində qarşılaşdım. Ölkədə çoxlu sayda həlak olan və yaralananların olduğu gərgin vətəndaş müharibəsi gedirdi. Konsulluq binasının tutmaq cəhdi ilə bağlı məlumat ölkənin Baş Qərargahının vəzifəli şəxslərindən birindən gəlmişdir. Baş Konsulluğun dəhlizində hücum edənlərdən müdafiə üçün nəzərdə tutulmuş “Kalaşnikov” avtomatları yerləşdirilmişdi.

Xatırlayıram ki, gözlənilməz vəziyyət yaranarsa sualıma baş konsulun müavini belə cavablandırdı: “Vəziyyətə uyğun hərəkət edəcəksən”. Bu an xatırlatdım ki, avtomat silahından atış təcrübəsinə malik deyiləm. Onun verdiyi cavabı heç vaxt unutmaram. “Təhlükə yaransa snayper kimi atəş edəcəksən”. Xoşbəxtlikdən binaya hücum olmadı, lakin Baş Konsulluğun ətrafında iki saat ərzində təhdidecidi şüarlar səsləndirən çoxsaylı kütlə toplaşmışdı.

Onların arasında hər şeyə hazır olan radiakllar da az deyildi. Uzun illər sonra anladım ki, bu cür hadisələrdə qəti cavablar, xüsusilə də hazır qərarlar yoxdur. Bir çox şeylər çətin vəziyyət yaranan zaman öz həllini tapır. Yeri gəlmişkən, bu cür hallara operativ reaksiya göstərmək diplomatın ən vacib funksional vəzifəsidir. Daha sonra, qonşu Yəmən Xalq Demokratik Respublikasında (YXDR) olanda da vəziyyət ürəkaçan deyildi.

Daxili siyasi qarşıdurma Cənubi Yəmənin hökumət əleyhinə qüvvələrini açıq şəkildə dəstəkləyən Səudiyyə Ərəbistanı ilə sərhəddə hərbi əməliyyatlarla müşahidə olunurdu. Buna görə də, sovet mütəxxəsisləri və diplomatlarının, eləcə də YXDR-nın o zamankı başçısı Əli Nasir Məhəmmədin rəhbərliyi ilə münaqişə tərəfləri arasında danışıqlarda iştirak üçün dəfələrlə Səudiyyə Ərəbistanının sərhədinə uçmalı olurduq.

İllər keçdi, iki Yəmən birləşdi, lakin Ərəbistan yarımadasının cənubunda alovlanan, minlərlə insanın həlak olduğu müharibə təəssüflər olsun ki, hələ də davam edir.

DİPLOMATİK RÜTBƏLƏRİ OLMAYANLAR

Azərbaycanın Xarici İşlər Nazirliyində 1974-cü ildən əmək fəaliyyətinə başlayaraq anlayırdım ki, ölkəmin də bir hissəsi olduğu böyük dövlətin dövlətlərarası əməkdaşlığı proseslərinə cəlb olunuram. Burada xatırlatmaq yerinə düşər ki, Azərbaycan XİN-i formalaşma və inkişafında bir neçə mərhələ yaşayıb. Ölkənin diplomatik xidmət orqanlarının təşkili üzrə aktiv fəaliyyət hələ Azərbaycan Demokratik Respublikasının (1918-1920) mövcudluğu dövrünə təsadüf edir. Onun formalaşması regionda baş verən ictimai-siyasi proseslərlə sıx əlaqədar idi.

Bir çox əcnəbi qurumlarla analoji oxşarlığa baxmayaraq, ADR XİN-in fəaliyyəti xarakterik xüsusiyyətlərinə görə fərqlənirdi. Bu, regiondakı çətin hərbi-siyasi vəziyyətlə, ölkə daxilində mürəkkəb vəziyyət, qonşu Rusiyada vətəndaş müharibəsi, əlbəttə ki, Ermənistan tərəfindən ərazi iddiaları ilə əlaqədar idi.

Mürəkkəb və çox gözlənilməz dövr idi. Bütün bunlar Respublikanın xarici siyasətindən məqsədyönlü və analitik işlər görməyi, istər nazirlikdə, istərsə də xarici nümayəndəliklərində bacarıqlı kadrlar seçməyi tələb edirdi.

Həmin dövrlər ölkə XİN-in başlıca səyləri regionda və dünya səviyyəsində mövcud vəziyyətin nəzərə alınması şərtilə xaricdə informasiya və analitik fəaliyyətin gücləndirilməsinə yönəlmişdi. Zənnimcə, günün tələbinə cavab verən müdrik qərar qəbul edildi. Diplomatik nümayəndəliklərin rəhbərləri vəzifəsinə ölkədə və xarici dövlətlərdə taninmiş mədəniyyət xadimləri, Azərbaycanın ictimai-siyasi dairələrinin nümayəndələri təyin edildi.

Bunların arasında – ictimai və dövlət xadimi, hüquqşünas və jurnalist, Rusiyanın birinci Dövlət Dumasının deputatı, Azərbaycan Parlamentinin sədri Əli Mərdan bəy Topçubaşov, dramaturq, publisist, ictimai və teatr xadim Əbdürrəhim bəy Haqverdiyev, yazıçı, dramaturq, tarixçi və folklorşünas Yusuf Vəzir Çəmənzəmənli və başqaları vardı.

Bu şəxsiyyətlər ölkəmizi layiqincə təmsil edərək akkreditə olunduqları ölkələrlə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəmirdilər. Diplomatik rütbələrsiz bu şəxslər diplomatiya sahəsində də kifayət qədər təcrübəsi olmayan insanlar idi.

Lakin Azərbaycan diplomatik xidmətinin formalaşmayan kadr potensialı olmaması şəraitində, məhz onlar – görkəmli ziyalılar, ictimai-siyasi elitanin nümayəndələri, Azərbaycanın hüdudlarından da kənarda məşhur şəxsiyyələr, öz ölkəsini layiqincə təmsil edə bildilər.

KREMLİN GÖZLƏNİLMƏZ QƏRARI

Aydındır ki, diplomatik xidmətinin formalaşdıran qurumlar ölkədə baş verən siyasi proseslərə tabe idi.

1920-ci ildən sonra XİN-in fəaliyyətində inqilabi dəyişim baş verir və onun formalaşmasının yeni mərhələsi başlayır. Yeni Azərbaycanın tarixinin böyük hissəsi, məlum olduğu kimi, Respublika XİN-i sovet siyasi sisteminin şərtləri ilə çalışırdı. Yeri gəlmişkən, bu sistemin unifikasiya edilmiş çərçivələrinə və vahid tələblərinə baxmayaraq, Azərbaycanın diplomatik qurumlarının bir sıra prioritetləri dondurulmuş halda qalmadı və onların öz xarakterik xüsusiyyətləri vardı.

Nazirlik həmin dövrlərdə qonşu ölkələrdəki, ən başlıcası İran, Türkiyə və bir sıra Yaxın Şərq dövlətlərində vəziyyətin təhlil edilməsi ilə fəal məşğul idi. Daha sonra isə İranda yaşayan həmyerlilərimizlə işlər əhəmiyyət kəsb etdi. Cənubi Azərbaycanda Azərbaycan Demokratik Respublikasının şah rejimi tərəfindən məğlubiyyəti və təzyiq göstərilməsi, eləcə də soydaşlarımızın oradan məcburi qaçışını nəzərə alaraq bu işin əhəmiyyətli seqmenti idi.

İkinci Dünya müharibəsinin sonunda Nazirliyin fəaliyyətində tamamilə gözlənilməz və kifayət qədər əhəmiyyətli dəyişikliklər baş verdi.

İttifaq respublikalarının XİN-lərinə geniş səlahiyyətlər təqdim edildi və kadr potensialının əhəmiyyətli dərəcədə genişləndirmək icazəsi verildi. Rəsmi şəkildə bu SSRİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsi və diplomatik nümayəndələrinin artırılması ilə əsaslandırılırdı. Lakin bütün bunların arxasında sovet rəhbərliynin irəli gedəcək məqsədləri dayanırdı.

Sovet ölkələrinin liderlərinin belə bir gözlənilməz qərarının səbəbi nə idi?

AĞ EVİ TƏƏCCÜBLƏNDİRƏRƏK

Hər şey 1944-cü ilin sonunda Amerika və İngiltərə diplomatlarının Vaşinqton yaxınlığında Dumbarton-Oksda, BMT-ın yaradılması üzrə konfrans zamanı aydınlaşdı. Məhz burada SSRİ-nin ABŞ-dakı səfiri, A.A.Qromıko bəyan etdi ki, BMT-nin ilk üzvləri siyahisinda bütün İttifaq respublikaları olmalıdır.

Moskva anlayırdı ki, Sovetlər Birliyi bu qurumun üzvü olmaqla azlıqda ola bilər. Və SSRİ-i qəti şəkildə bütün İttifaq respublikalarının qəbuluna nail olmağa qərarlı idi.

Bununla əlaqədar olaraq 1944-cü ilin yanvarında Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin təcili çağırılmış plenumunda İttifaq respublikalarının müdafiə və xarici siyasət sahəsində hüquqlarının genişləndirilməsi qərarı qəbul edilir. Elə həmin gün SSRİ-i Ali Sovetinnin sessiyası iki vacib qanun qəbul edir: “Sovet Respublikalarının hərbi birləşmələrinin formalaşması haqqında” və “Sovet Respublikalarının xarici münasibətləri sahəsində səlahiyyət verilməsi haqqında”.

Əvvəlcə amerikalılar bu qərarın niyyət və mənasının anlamadı. Buna görə də ABŞ-ın SSRİ-dəki səfiri A.Qarriman öz təəccübünü və anlayışsızlığını ifadə edərək Ağ Evə yazırdi:

“Müdafiə və xarici işlərin mərkəzdən kənarlaşdırma kimi seçilməsi həqiqətən də təəccüblüdür. Zənnimizcə, məhz bu iki funksiya mərkəzin öz hökmranlığını saxlaması üçün nəzərdə tutulur”.

Əvvəlcə amerikalılar SSRİ-nin təklifini şıltaq jest və ya uğursuz zarafat kimi qəbul etdilər. Və bu haqda ABŞ prezidenti F.D.Ruzveltə məlumat veriləndə o, yarı zarafat, yarı ciddi cavab verdi ki, belə olan halda BMT-nin tərkibinə ABŞ-ın 48 ştatı da daxil edilməlidir. Ağ Evin belə reaksiya verilməsindən sonra bu məsələ gündəlikdən götürülür .

Bununla yanaşı, sovet rəhbərliyi qismən öz planlarını həyata keçirə bilir. 1945-ci ilin aprelində BMT-nin ilkin üzvləri sırasına Ukrayna və Belorusiyanın daxil edilməsi qərara alınır. Qərbdə bu respublikaların BMT-yə daxil edilməsini Almaniya məğlubiyyətinə böyük töhfə kimi izah edilir. Şübhəsiz ki, belə bəyanatlar üçün əsaslar var. Lakin faşist Almaniyasının üzərində qələbəyə yalnız bu respublikalar öz töhfəsini verməyib. Cəbhənin 80% neft və neft məhsulları ilə təmin edən Azərbaycanı xatırlatmaq kifayətdir.

3,4 milyon (1941-ci il üçün) əhalisi olan respublikamızın hər beş nəfərindən biri Böyük Vətən müharibəsi döyüşlərində mübarizə aparırdı. Müharibəyə 681 min insan çağırılmışdı, bunlardan 10 mini qadın idi. 300 min vətəndaşımız döyüş meydanlarında həlak olub.

MÜHARİBƏDƏN SONRAKI FƏALLIQ

Qeyd edim ki, 1944-cü ilin fevralında qüvvəyə minən qanun Azərbaycan diplomatik xidmət orqanlarının formalaşması prosesinə müsbət təsir göstərir. 1944-cü ilin noyabrın 10-na qədər Azərbaycan SSR-i Xarici İşlər Xalq Komissarlığı əməkdaşlarının sayı 12 nəfər idisə, 1945-ci ildə bu heyət əhəmiyyətli dərəcədə yüksəlir və Xalq Komissarlığında 58 əməkdaş çalışır. Bütün idarə heyəti Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzarət siyahısına daxil idi.

Azərbaycanın xarici işlər naziri M.Əliyev 1949-cu ildə müharibədən sonra birinci Kommunist Partiyasının gurultayinda Mərkəzi Komitənin tərkibinə seçilir, hətta respublika KP MK-si bürosunun üzvü kimi təsdiqlənir. Bu, görünməmiş hadisə idi. Bütün bunlar Respublikanın rəhbərliyinin xarici əlaqələrə və Xarici İşlər Nazirliyinin xarici siyasət aparatının yaradılmasına böyük diqqət yetirilməsindən bəhs edirdi.

Nazirliyin əsas prioritetləri nədən ibarət idi və onun əsas vəzifələri nə idi?

“YUXULAMA” OLUB?

Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları xarici siyasətin real problemləri ilə məşğul ola bilmirdilər. Belə ki, Mərkəz bu məsələlərə ciddi nəzarət edirdi və bu məsələlərdə müstəqilliyə yol vermirdi. Lakin Azərbaycanın dövlətlərarası münasibətlər prosesinə, Türkiyə, İran regionu üzrə bilavasitə cəlb olunmasına görə azərbaycanlı diplomatlar fəal şəkildə iştirak edirdi. Bütün bunları bəzən Respublika XİN-in o dövrlər “dərin yuxulara qərq” olması və dövlətlərarası əməkdaşlıq məsələsinə heç bir əlaqəsi olmaması haqqında eşitdiyim və oxuduğum üçün yazıram.

Ötən əsrin 60-cı illərinin Respublika Nazirlər Sovetinin qərarını xatırlatmaq istərdim. Burada Azərbaycanın bütün xarici koordinasiya əlaqələrinə Azərbaycan XİN rəhbərlik edirdi. Hər ilin sonunda Nazirlik elmi, mədəniyyət, idman, ictimai və digər təşkilatlardan bütün məlumatları alırdı. Bunun əsasında Respublika rəhbərliyi üçün xarici dövlətlərlə münasibətlər haqqında ətraflı məlumat hazırlanırdı.

Nazirliyin fəaliyyətinin çox hissəsini bir sıra qonşu dövlətlərin siyasi və iqtisadi vəziyyətinə dair analitik hesabatların və sənədlərin tərtib edilməsi, bu ölkələrin ictimai-siyasi və ictimai xadimlərinin xüsusiyyətləri, onların nəşrlərinin təhlili təşkil edirdi.

Nazirlik tərəfindən həftəlik olaraq beynəlxalq məlumatlar bülleteni dərc edilirdi. Burada regionda və dünyada baş verən son hadisələrin Azərbaycan rəhbərliyinə istinadla analizi yer alırdı.

Xüsusi diqqət xarici dillərdə Respublika haqqında kitabların və informasiya-sorğu materiallarının nəşrinə ayrılırdı. Bu materiallar xaricə göndərilirdi. Bu işdə vaxtın əhəmiyyətli hissəsi ölkəyə səfər edən xarici jurnalistlərlə sərf olunurdu. Müxtəlif nazirlik və qurumların rəhbərləri ilə onların görüşünün təşkili xarici mətbuatın səhifələrində Azərbaycan haqqında materialın olmasına maraq göstərirdik. Bu, respublika, onun tarixi, Azərbaycan xalqının mədəni irsinin əhəmiyyətini vurğulamaq, Azərbaycan SSR iqtisadiyyatının və sənayesinin əsas sahələrini haqqında xatırlatmaq üçün yaxşı fürsət idi.

QARŞIDURMAYA DÖNÜŞ

Qeyd etdiyim kimi, Azərbaycan XİN-in tarixi inkişafının böyük hissəsi sovetlər dönəmi ilə bağlıdır. Bu dövrü təsvir edərkən, onun funksiyalarının həyata keçirildiyi fonu qeyd etməmək mümkün deyil.

Azərbaycan XİN-də çalışdığım (1974-1985) illər dünya müstəsivində olduğu kimi, Respublika daxilində də mühüm hadisələrlə dolu idi.

Dövlətlərarası fonu götürsək, ötən əsrin 70-ci illəri tarixə beynəlxalq təhlükəsizliyin zəifləməsi dövrü kimi düşdü. Silahlandırılmanın nümunəvi bərabərliyi tanındı, daha sonra isə ABŞ və SSRİ-i arasında strateji silahlanma məhdudiyyəti üzrə müxtəlif müqavilə və razılaşmalar imzalandı.

Lakin 1970-80-ci illərdə xaricdə beynəlxalq vəziyyət qəfil gərginləşdi. Aparıcı dövlətlər yenidən qarşıdurma vəziyyətinə gayidtilar. İki super dövlət – ABŞ və SSRİ yenidən silahlanma yarışına cəlb olundular. 1979-cu ildə qonşu İranda İslam inqilabı baş verdi ki, bu da regionda güc balansının dəyişdirilməsinə, XX əsrin ən başlıca hadisələrindən birinə çevrildi.

Elə həmin ilin dekabrında SSRİ Əfqanıstana müharibəyə cəlb olundu. Bu da BMT-yə üzv bir sıra dövlətlər tərəfinfən qınanıldı. 1980-ci ildə Qərb dövlətləri Moskvada XXII Olimpiadaya boykot elan etdilər. Bu da “soyuq müharibənin” yeni mərhələsinə – daha gərgin formasına keçdi.

DİPLOMATİK “CƏBHƏNİN” AÇILIŞI

Azərbaycan vahid dövlətin bir hissəsi olub və bu da ölkəyə təsir etməyə bilməzdi. Respublika XİN-i müxtəlif növ sənəd və arayışlarla dolmuşdu. Bu sənədlərdə dünyada baş verən hadisələrlə bağlı, eləcə də Qərb tərəfindən istənilən “zərərli ideoloji” aksiyalara əks təsir göstərən XİN-ə “istiqamətlənmiş” geniş şərhlər öz əksini tapmışdı.

Qərb ölkələrində sovet səfirliklərinin hesabatlarına xüsusi əhəmiyyət verilirdi. Bu hesabatlarda Qərbin diplomatik “cəbhədə” “ideoloji həmləsini” əks etdirən sovet diplomatlarının addımları qeyd olunurdu. Respublikanın özündə isə vəziyyət tam müsbət idi.

Ötən əsrin 70-ci illəri Azərbaycan tarixinə iqtisadiyyatın, elmin və mədəniyyətin sürətli inkişafı dövrü kimi daxil oldu. İqtisadiyyatda struktur dəyişikliyi həyata keçirildi, yeni proqressiv sənaye sahələri yaradıldı. İstehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinə diqqət artdı.

Həmin dövrlər Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin rəhbərliyi sayəsində Respublika sənaye sahəsi üzrə SSRİ-nin ən qabaqcıl yerlərindən birini tuturdu. Azərbaycanda istehsal olunan yüzlərlə məhsul dünya miqyasında onlarla ölkəyə ixrac edilirdi.

Xalqımızın tarixi keçmişinə də maraq artdı, ziyalıların qabaqcıl dairələrində özünüdərkin yüksəlişi müşahidə olunurdu. Xalqın milli-mənəvi həyatında da dirçəliş yarandı, Azərbaycanın xarici əlaqələri fəallaşdı.

Bakı mühüm beynəlxalq görüş və konfransların mərkəzinə çevrildi. Respublikaya bir çox ölkələrin dövlət, hökumət və xarici siyasət başçıları, səfirlər və jurnalistlər səfər etməyə başladı.

Ötən əsrin 70-80-ci illərində Respublika XİN-in iş həcmi artaraq müxtəlif oldu, əməkdaşlar analitik və məlumat xarakterli sənədlərin hazırlanmasına, hökumət nümayəndələri ilə görüşlərin təşkili, onların Azərbaycanın regionlarında müşayiət edilməsinə, Bakıda keçirilən genişmiqyaslı tədbirlərdə iştiraka aktiv cəlb olundu. XİN aparatının bir çox əməkdaşları xaricə diplomatik vəzifələrə , qısamüddətli ezamiyyətə göndərildi və hamımıza müvafiq diplomatik rütbələr verildi.

Bütün bunlar bizə əlavə güc verərək işimizə əminliyi artırdı, ölkəmizi layiqincə təmsil və təbliğ etmək üçün geniş imkanlar yaratdı.

SABİQ XALQ KOMİSSARININ MƏNZİLİNDƏ

Respublika XİN-in binası Bakının mərkəzində yerləşirdi. Kontrol döngəsi ev 29 (hazırki Tərlan Əliyarbəyov döngəsi 8/2) mütəmadi olaraq bizə öz qəzet-jurnal, məlumat və kitab məhsulları göndərən bir çox xarici səfirlik və qurumlara tanış idi.

Məkan inqilaba qədər varlı ailələrin yaşadığı çoxotaqlı böyük mənzildən ibarət idi. Sovetlər dönəmində bu mənzildə yüksək səviyəli sovet işçiləri yaşayirdi. Bunlardan sonuncu M.C.Bağırov dövrünün sabiq Daxili İşlər Komissari, 1954-cü ildə həbs edilən və 25 il həbs cəzası alan S.Yemelyanovun ailəsi olurdu. Şahidlərin sözlərinə görə onu məhz bu binada, bu mənzildə həbs edirlər və əməkdaşlardan biri zarafatçasına bunun pis nümunə olduğunu söyləyirdi. Aydındır ki, bu, sadəcə zarafat idi. Lakin bu məkana gələn yeni işçi üçün bu fakt çox ağır təsir bağışlayırdi.

DÜŞMƏN TƏRƏFLƏR ARASINDA

Həmin vaxt Bakıda akkreditə olunmuş İran və İraq Baş konsulluqları ilə işləmək çox vaxt və səy sərf edilirdi. Əsasən də onların arasındakı münasibət çətinlik yaradırdı. Həmin dövrlərdə bu ölkələr arasinda qanlı müharibə gedirdi (1980-1988) illər və bu da onların Bakıdakı əlaqələrininə, birgə görüş və tədbirlərin kecirilməsinə mənfi təsir edirdi . Bəzən onların birgə iştirak etdiyi görüşlərdə bir-birlərinə arxa çevirməsi halları da olurdu. Əgər Bakıda diplomatik nümayəndəliklərin sayi çox olsaydı, bu, ümumi fona təsir göstərməzdi.

Lakin məhz həmin bir birinə düşmən olan dövlətlərin konsulluq idarələrinin olması diqqətdən kənarda qala bilməzdi. 1979-cu ildə İranda baş verən inqilabdan sonra bu ölkənin Baş Konsulluğunda yeni formada, diplomatlardan daha çox din xadimlərini xatırladan əməkdaşlar əmələ gəldi. Onlara baxdıqda inqilibi məqsədəuyğunluğun peşəkar diplomatik fəaliyyətdən daha yüksək olduğunu ehtiaml etmək olurdu.

Bu, hakimiyyətə yeni baxış və fərqli prinsiplərlə gələn istənilən inqilabın reallığıdır. Və bununla da biz hesablaşmalıidik.

BAŞ KONSULLUĞUN TUTULMASI

1977-ci ilin avqustunda İranın Bakıdakı Baş Konsulluğunun gündəlik iş rejimi sovetlər dönəminə xas olmayan qayadada pozulur. İndi də xatırladığım kimi, cümə günü, həftənin son iş rejimi idi, hər kəs həftə sonu üçün sevincli planlar quraraq mehribancasına evə getməyə hazırlaşırdı. Nazirin qəfil zəngi və dərhal onun yanına gəlmək xahişi, qeyri-adi nəyinsə baş verməsini göstərirdi.

Tezliklə aydın olur ki, İranın Baş Konsulluğunun ərazisinə bir qrup insan daxil olub və iranlı diplomatlar bizdən onlara kömək edilməsinə yalvarırdı. Vəziyyət son dərəcə qeyri-adi idi və dərhal müdaxilə tələb edirdi. Bizlər, o dövrlərin diplomatları üçün bu hadisə çox qəribə və gözlənilməz idi. Çünki o vaxt diplomatik nümayəndəliklərin tutulması haqqında televiziya və mətbuatdan xəbər tuturduq. Həmçinin bütün bunlar regionumuzdan kənarda baş verirdi. Baş Konsulluğa daxil olduqda qarşılaşdığımız mənzərə heç kəsi biganə qoya bilməzdi.

Döşəmədə bir çox ailə və uşaqlar əyləşmişdi. Onlar ağlayaraq onlara kömək etməyi xahiş edirdilər. Aydın olur ki, hücum edənlər Gürcüstanda yaşayan, vaxtilə İrani tərk edən miqrantlardır. Onların yeganə tələbi İrana qayıtmaq və ölkə vətəndaşlığının verilməsi idi. Əks halda onlar Baş Konsulluğun binasını tərk etməkdən imtina edirdirlər.

Onların arasında qadın və uşaqların olması vəziyyəti daha da çətinləşdirirdi. Xarici nümayəndləyinin tutulması faktı Respublika rəhbərliyi, rəsmi Moskva və Tehranı da narahat edirdi. Hücumçularla danışıqlar və onların razı salınması uzun və yorucu oldu.

Bu cür hərəkətlər diplomatik təcrübədə hec bir nəticəyə gətirməyən nümunələr göstərilmiş, onların diqqətinə ölkənin ərazi bütövlüyünün kobud şəkildə pozulması çatdırıldı, onların hərəkətlərinin məsuliyyətə səbəb ola biləcəyi xatırladıldı.

Sonda dəlillər və argumentlər öz təsirini göstərdi və bir neçə saat sonra hücumçular Baş Konsulluq binasını tərk edərək son illər yaşadıqları yerə qayıtmağa razılaşdılar. Onlar üçün nəqliyyat təşkil olundu. Və Tbilisidən təcili şəkildə gələn Gürcüstanın xarici işlər nazirinin müavininin müşayiəti ilə Azərbaycanı tərk etdilər.

Bu zaman mən ikili hiss yaşadım: bir tərəfdən bu, vətəni üçün darıxan saf emiosional partlayış idi, digər təfədən də ikitərəfli dövlətlərarası maraqlara zərbə vuraraq, onlar tərəfindən diplomatik nümayəndəlik ərazisinin toxunulmazlığının kobud pozuntusu idi.

Lakin bu, diplomatik təcrübənin reallıqlarıdır.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
2800

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər