ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb
ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT bəyanat yayıb.
“Bütün lazım olan inzibati prosedurların tamamlanması ilə Mins qrupunun bağlanması prosesi yekunlaşır. Bu proses avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı müştərək deklarasiyanın nəticəsi olaraq ATƏT-in üzvü olan 57 ölkənin sentyabrın 1-də əldə etdiyi konsensusu həyata keçirdi”, - ATƏT-in bəyanatında qeyd olunub .
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.












