Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək
Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.
1news.az xəbər verir ki, imzalanmadan sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, saziş iki ölkənin uğurlu modellərinin üçüncü ölkədə tətbiqi, təcrübə mübadiləsini nəzərdə tutur.
Niyyət Protokolu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək üçün tərəfdaş qurumlar arasında bacarıqların artırılması, o cümlədən qabaqcıl təcrübələrin paylaşılması, mütəxəssislərin mübadiləsi və birgə araşdırmaların aparılması nəzərdə tutulur.
Həmçinin ekspert məsləhətləşmələri və texniki yardımın, təhsil proqramları, təlimlər, ixtisaslaşdırılmış kurslar və digər vasitələrlə insan resursları bacarıqlarının artırılması məsələləri həyata keçiriləcək.
Tərəfdaşlar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı əməkdaşlığın və qardaşlıq əlaqələrinin gücləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bu sənədin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, 24-26 iyun tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirir.
Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiridir.
P.Sultanova