XİN rəhbəri: Ermənistanın işğalına son qoyulması diplomatiyamızın başlıca vəzifəsidir | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: Ermənistanın işğalına son qoyulması diplomatiyamızın başlıca vəzifəsidir

12:43 - 09 / 07 / 2019
XİN rəhbəri: Ermənistanın işğalına son qoyulması diplomatiyamızın başlıca vəzifəsidir

Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir.

1news.az xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində açılış nitqi zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsi çox əlamətdar bir tarixə təsadüf edir:

“Bu gün biz Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramının yüzilliyini böyük qürur hissi ilə qeyd edirik.  Yüz il bundan öncə Birinci dünya müharibəsindən sonra cərəyan edən gərgin bir dövrdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək üçün müsəlman şərqində ilk Respublikanın Xarici İşlər Nazirliyi təsis edilib.

Şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən çoxşaxəli diplomatik fəaliyyətə başlamış, lakin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunması məhz 9 iyul 1919-cu il tarixinə təsadüf etdiyindən, Prezidentin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib”.

Nazir vurğulayıb ki, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, milli maraqlarımıza əsaslanan Azərbaycanın müasir xarici siyasət strategiyası Prezident cənab İlham Əliyev tərəfindən bu gün müvəffəqiyyətlə davam etdirilir.

“Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti, ilk növbədə, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun  beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulub.

Bu gün beynəlxalq ictimaiyyət birmənalı şəkildə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunması BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının məlum qətnamələri ilə yanaşı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərarlarında da öz əksini tapır”, Məmmədyarov əlavə edib.

Nazirin sözlərinə görə, ötən müşavirədən keçən dövr ərzində Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikası və İraqda səfirlikləri, Kolumbiya, Çili, Uruqvay və Peruda diplomatik ofisləri açılıb, Avstriya, Sudan, Cibuti, Paraqvay, İtaliya və Maltada yeni fəxri konsulluqları fəaliyyətə başlayıb.

Azərbaycanda isə Peru, Kosta-Rika, Meksika, Venesuela və Çilinin səfirlikləri, Əlcəzair, Portuqaliya, Xorvatiya, Estoniya və Monteneqronun diplomatik ofisləri, həmçinin San Marino, Sloveniya, Makedoniya və Efiopiyanın fəxri konsulluqları açılıb. Azərbaycan Respublikası ilə Tanzaniya, Vanuatu, Baham Adaları Birliyi, Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub.

Hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 Baş konsulluğu, 11 təmsilçilik ofisi və 15 fəxri konsulluğu fəaliyyət göstərir. Ölkəmizdə isə 66 dövlətin səfirliyi, 4 Baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.

E.Məmmədyarov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Xarici İşlər Nazirliyi bundan sonra da beynəlxalq münasibətlər sistemində Azərbaycanın dövlət maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində  müstəqil və çevik xarici siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir.

1news.az

 

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər