Nazir: Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi artıb
2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz artıb.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.
Nazir qeyd edib ki, Azərbaycan Fransa iqtisadiyyatına 2,6 milyard dollar investisiya qoyub:
“Fransanın Azərbaycan iqtisadiyyatına investisiyalarının həcmi 2,2 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri sənaye, nəqliyyat, tikinti, telekommunikasiya və digər sahələrdə peşəkar səviyyədə işləyir. Onlar həmçinin, neft emalı zavodunun modernləşdirilməsi və rekonstruksiyasında fəaldırlar. Bundan başqa, mən “Total” şirkətinin Azərbaycanda çoxillik, uğurlu fəaliyyətini qeyd etmək istərdim”.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın əsas tərəfdaşıdır və Fransanın bu regionda ticarət dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşür.
1news.az