“Terror bifurkasiyası”: Türkmənistan xəttində gərginlik mesajları

Xəzərin o tayında: risklər və təhdidlər güclənir
Postsovet məkanında yeni "qaynar nöqtə"nin meydana gələ biləcəyi haqqında avropalı ekspertlərin söylədikləri fikirlər ciddi narahatlıq doğurmağa başlayıb. Böyük Britaniyanın "The Foreign Policy Centre" (FPC) "beyin mərkəzi" tərəfindən hazırlanan bir məruzədə iddia edilir ki, Türkmənistan siyasi və iqtisadi böhran ərəfəsindədir.
Burada proseslər gözlənilmədən sosial-siyasi partlayışa səbəb ola bilər. Bu proqnozun substantiv aspektindən çox, digər geosiyasi proseslərlə əlaqələndirilməsi maraqlıdır. Çünki məruzədə və bir sıra başqa analizlərdə vurğulanır ki, Türkmənistan getdikcə böyük geosiyasi güclərin maraqlarının toqquşduğu məkana çevrilir. Səbəb isə ənənəvidir: bu ölkə təbii qaz ehtiyatlarına görə dünyada birinci yerdədir, ondan funksional istifadə səviyyəsinə görə də ilk yerlərdən birini tutmaqdadır.
Türkmənistanda daxili sabitliyinin çox kövrək olduğu tezisini ekspertlər bir neçə vaxtdır ki, vurğulayırlar. Oradan birbaşa informasiya almaq xeyli mürəkkəbdir. Lakin KİV-lərdə ölkədə artıq insanların un çatışmazlığından əziyyət çəkdiyi haqqında məlumatlar dərc edilir. İndi hər bir vətəndaşa ayda 5 kiloqramdan artıq un verilmir. Növbələrdə insanlar bir-biri ilə savaşır və hətta ölüm halları baş verir.
Ekspertlər bu cür vəziyyətin yaranmasında təbii fəlakətlərin rol oynadığını deyirlər. Quraqlıq ölkənin cənub hissəsində problemlər yaradıb. Buna baxmayaraq, Türkmənistan rəhbərliyinin qonşu ölkələrdən birinə məhz quraqlığa görə yardım etdiyi qeyd olunur. Bu yardım ehtiyat fondundan deyil, türkmənlərin özü üçün nəzərdə tutulmuş ehtiyatdan verilib. Nəticədə, una olan ehtiyac daha az ödənilir. Ekspertlər bunu ölkə rəhbərliyinin vətəndaşların vəziyyətini daha da ağırlaşdırması kimi qiymətləndirirlər.
Bunların fonunda Türkmənistanda islahatların aparılmadığı ayrıca vurğulanır. Hökumət bu istiqamətdə sistemli fəaliyyət göstərmir. Ölkədə insan haqları ilə bağlı vəziyyət haqqında Qərb təşkilatları müsbət fikir söyləmirlər. Ənənəvi üsullarla nizam-intizam yaratmaq cəhdlərinin perspektivli olduğuna inananlar çox azdır. Vətəndaşların mobilliyi üçün müəyyən məhdudiyyətlər indi də qalır. Məsələn, xarici pasport almağa maneələr qoyulub. Son informasiyalara görə, hakimiyyət ikili vətəndaşlığı olanlara xarici pasport almağa imkan verib. Özü də bu, Rusiya ilə ikili vətəndaşlığı olanlara aiddir.
Bunlar Türkmənistanın daxili vəziyyətinin problemli olduğunu göstərir. İqtisadi, sosial və siyasi sahələrdə islahatların aparılmaması rəsmi dairələri çətin duruma salır. Lakin iki faktor hələlik daxildə sistemli etirazların baş verməsinə əngəl olur. Birincisi, türkmənlər təbiətən öz dövlətlərinə bağlıdırlar. Onların ayrı-ayrı etirazlarının kütləvi hərəkata çevrilməsi üçün başqa şərtlərin də olması lazımdır. İkincisi, Türkmənistan hüquq-mühafizə orqanları vəziyyətə ciddi nəzarət edirlər. Cəza mexanizmi güclüdür.
Belə bir situasiyada hansısa davamlı etiraz aksiyalarının baş verməsi ehtimalı çox aşağıdır. Lakin ekspertlər heç bir ssenarini istisna etmirlər. Çünki kənardan təsirləri nəzərə almaq lazımdır. Türkmənistanda vəziyyəti gərginləşdirmək arzusunda olan dairələr yox deyildir. Məsələyə bu prizmadan baxdıqda, Türkmənistanda proseslərin radikallaşma ehtimalından danışa bilərik.
Konkret desək, ekspertlər Türkmənistan uğrunda böyük geosiyasi güclərin mübarizəsinin intensivləşdiyini vurğulayırlar. Burada başlıca olaraq ABŞ, Avropa İttifaqı, Rusiya və Çinin adları çəkilir. Amerika üçün Türkmənistan məsələsi Əfqanıstan və İran məsələsinə görə daha da aktuallaşıb. Bu ölkə Vaşinqtonun problemi olduğu hər iki dövlətə yaxındır. Yəni Türkmənistanda ABŞ-ın möhkəmlənməsi faktiki olaraq iki istiqamətdə Amerikaya hərəkət etməyə əlavə şərait yaradır.
Radikalizm və geosiyasət: yeni terror dalğası ehtimalı
Burada düşündürücü odur ki, ABŞ üçün hər iki istiqamətdə uğur əldə etməyə sabit deyil, qeyri-stabil Türkmənistan sərf edir. Bunun üçün Aşqabadın ən zəif yeri neft və qazdan gələn gəlirlərdən güclü asılılığıdır. Çünki dünya bazarında qiymətləri süni dəyişməklə türkmən iqtidarını mürəkkəb duruma sürükləmək və bundan istifadə edərək təzyiqlə ondan istədiyini almaq olar. Bu zaman təzyiq üsulu kimi terrordan istifadə variantı istisna edilmir.
Bu məqam Yaxın Şərqdən terror qruplarının Əfqanıstana toplanması fonunda kifayət qədər təhlükəli görünür. Ekspertlər Türkmənistanın özündə radikal dini əhval-ruhiyyənin yüksəldiyini vurğulayırlar. Bu isə istənilən an dini əsasda partlayışın ola biləcəyi anlamını verir.
Mənzərə digər böyük güclərin maraqları baxımından da son dərəcə həssasdır. Rusiya Türkmənistanla qazla bağlı yeni saziş imzalayıb. Ancaq bu, elə də böyük həcmdə deyil. Ekspertlər hesab edirlər ki, bu yolla Moskva Türkmənistana nəzarət edə bilməz. Alternativ yol isə hərbi təzyiqdir. Bunun necə və hansı səviyyədə edilə biləcəyi barədə informasiya yoxdur. Həm də məsələyə Çinin maraqları aspektində yanaşdıqda, bir sıra suallar meydana çıxır.
Pekin daha çox sərmayə yatırımı və enerji layihələri vasitəsilə təsir etməyə çalışır. Burada iki səviyyə özünü göstərir. Birincisi, sırf Çin üçün sərfəli olan enerji layihələri. İkincisi, "Bir kəmər, bir yol" layihəsi çərçivəsində həyata keçirilən proqramlar. Məhz bu proqram çərçivəsində türkmən qazının Azərbaycan, Gürcüstan, Türkiyə xətti ilə Avropaya çıxarılması məsələsi aktuallaşıb. Avropa İttifaqı bu kontekstdə Mərkəzi Asiyada, o cümlədən Türkmənistanda daha aktiv olmağa qərar verib.
Deməli, bu məqamda Rusiyanın maraqları nəinki ABŞ və Avropa ilə, hətta Çinlə də toqquşur. Belə bir vəziyyət daha mürəkkəb bir situasiya yaradır. Təbii ki, bu cür böhranlı şəraitdə istənilən üsuldan istifadə edilə bilinər. Ona həm də İran problemi kontekstində də baxmaq lazım gəlir. İranı daha çox təcrid etmək üçün Qərb Türkmənistan faktorundan yararlana bilər. İranın qərb sərhədləri boyunca Yaxın Şərqdə qeyri-stabil vəziyyət yaradılıb. Şimalda Cənubi Qafqaz istiqamətində Ermənistan və Gürcüstan həssas haldadırlar. Son zamanlar Gürcüstanın Azərbaycan və Rusiya ilə süni problemlərinin yaradılması istiqamətində edilən cəhdlər təsadüfi deyil.
Əgər şərq istiqamətində Mərkəzi Asiyada da qaynar məkanlar yaradılsa, İran alovun içinə düşər. Türkmənistan üçün bu, ən pis ssenarilərdən biri olardı. Lakin bunu istisna etmək olmur. Ölkənin daxili sabitliyinin kövrək olması kənar qüvvələrin əl-qolunu açır.
Başqa bir aspektdən nəzər saldıqda, Türkmənistanda müşahidə edilən proseslər Şərqi Avropadan başlayaraq Mərkəzi Asiyaya qədər geniş geosiyasi məkanda aparılan mübarizənin məntiqini ortaya qoyur. Məsələ ondan ibarətdir ki, həmin məkan boyu Rusiya ətrafında "qaynar nöqtələr" yaradılır. Moldova, Ukrayna, Gürcüstan və ...Türkmənistan. Oradan da Əfqanıstan və ...Çin! Deməli, əsl məsələ zəncirvarı qeyri-sabitlik məkanının yaradılması ilə bağlıdır.
Bununla perspektivdə Rusiya və Çin üçün "terror çəngəli" ("terror bifurkasiyası") yaradılır. Yəni, eyni terror xətti ilə həm Çin, həm də Rusiya hədəfə alınır. Təbii ki, bu zaman həmin ölkələrə gedən yol üzərində olan ölkələr də atəş çənbərinə düşür. Burada yaşayan xalqlara kimsənin rəhm edəcəyini gözləmək sadəlövhlük olardı. Bu zaman təbii ki, enerji layihələri, eyni zamanda, "Bir kəmər, bir yol" layihəsi üçün ciddi maneələr meydana çıxa bilər. Bütövlükdə regionda inteqrasiya prosesləri böyük zərər görər.
Beləliklə, ABŞ və Avropanın postsovet məkanında fəallaşması, Rusiya və Çinin də öz maraqları çərçivəsində yeni addımlar atmağa başlaması Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiya regionunu da həssas məqama gətirir. Bu, ümumilikdə, postsovet məkanı üçün yeni geosiyasi risklərin meydana gəlməsi deməkdir. Onların aradan qaldırılması üçün hansısa böyük dövlətin konkret plana malik olduğu haqqında heç bir informasiya yoxdur. Əksinə, konkret olaraq, Böyük Britaniyanın məhz bu xətt üzrə fəallığını artırdığından bəhs edilir. Deməli, ümumi vəziyyət daha mürəkkəb hala gəlir. Bunun bədəlini hansı xalqların ödəyəcəyini zaman göstərəcək.
Newtimes.az