Dubay limanında Küveytə məxsus neft tankeri vuruldu – ABŞ-də neft qiymətləri yüksəldi
Küveytə məxsus “Əs-Salimi” adlı xam neft tankerinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay limanında İran tərəfindən birbaşa hədəfə alındığı və tankerdə yanğın baş verdiyi bildirilib. Hücumdan sonra ABŞ-da neftin həm birja, həm də pərakəndə satış qiymətləri artıb.
1news.az xəbər verir ki, Küveyt Neft Korporasiyasının sosial platformadakı hesabından verilən açıqlamada xam neft tankeri “Salimi”nin Dubay limanında lövbərləmə sahəsində İran tərəfindən hücuma məruz qaldığı qeyd olunub.
Bildirilib ki, tanker hadisə zamanı tam yüklü olub, hücum maddi ziyana və yanğına səbəb olub.
Açıqlamada tankerdən neft sızması ehtimalının olduğu vurğulanıb, həmçinin hadisə nəticəsində ekipaj üzvləri arasında ölən və ya yaralananın olmadığı bildirilib.
Dubay Hökumətinin Media Ofisindən verilən açıqlamada isə Dubay sularında Küveytə məxsus neft tankerinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyi təsdiqlənib.
Qeyd olunub ki, tankerdə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir, 24 nəfərlik ekipajın təhlükəsizliyi təmin olunub və xəsarət alan yoxdur.
Hücum xəbərlərindən sonra ABŞ-da xam neftin WTI markası üzrə fyuçersləri bir barel üçün 2,9% (3 dollardan çox) artaraq 105,91 dollara yüksəlib.
Eyni zamanda ABŞ-da benzinin orta pərakəndə satış qiyməti 2022-ci ilin avqustundan bəri ilk dəfə olaraq bir qallon üçün 4 dollar səviyyəsinə çatıb.












