Azərbaycan Beynəlxalq Bankının baş direktoru: Xarici əlaqələrimizi daim inkişaf etdirməyə çalışırıq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının baş direktoru: Xarici əlaqələrimizi daim inkişaf etdirməyə çalışırıq

11:00 - 29 / 07 / 2019
Azərbaycan Beynəlxalq Bankının baş direktoru: Xarici əlaqələrimizi daim inkişaf etdirməyə çalışırıq

Qlobal maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı bu günlərdə Azərbaycan Beynəlxalq Bankını ölkəmizdə ilin bankı elan etdi.

Bank öz beynəlxalq fəaliyyətini hazırda necə davam etdirir? Xarici institutlarla əlaqələrini necə qurur? Bütün bu suallara Azərbaycan Beynəlxalq Bankının baş direktoru Fuad İslamov müsahibə zamanı aydınlıq gətirib.

- Fuad müəllim, bank “Euromoney” jurnalının mükafatını hansı nailiyyətlərinə görə qazandı?

-“Euromoney” jurnalının təqdim etdiyi mükafatlar maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayıldığından bu mükafatlara layiq görülən bankların müəyyənləşdirilməsi üçün çox ciddi kriteriyalar var. Jurnalın araşdırma heyəti hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların göstəricilərini təhlilə cəlb edir. Bu zaman onların il ərzində qazandığı nəticələrə baxılır. Beynəlxalq müxbir bankların, məşhur maliyyəçi və bankirlərin həmin banklar haqqında müşahidə və rəyləri nəzərə alınır. Beləliklə, jurnal mükafatların qaliblərini müəyyənləşdirir. Builki qaliblər sırasında Citibank, Credit Suisse, JP Morgan, Akbank və s. bu kimi məşhur banklar vardı.

Bizim bu mükafata layiq görülməyimizə gəlincə isə, bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankı son illər çox çətin sınaqlardan, sağlamlaşdırma proseslərindən keçdi. Dövlətimizin dəstəyi ilə bankın aktiv və öhdəliklərinin restrukturizasiyası prosesi aparıldı. Restrukturizasiya prosesindən dərhal sonra da bank çox sürətli şəkildə biznesi bərpa etməyi bacardı. Kapital mövqeyi, maliyyə dayanıqlığı möhkəmləndi, bazar mövqeləri gücləndi, gəlirliliyi təmin olundu. Bütün bunlar təbii ki, beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənir. Qeyd edilənlər, eləcə də aktivlərinin, müştəri bazasının həcmi, geniş müxbir şəbəkəsi və s. bu kimi amillər Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə “İlin bankı” mükafatını qazanmasında böyük rol oynadı. Bu, təbii ki, Azərbaycan Beynəlxalq Bankının böyük uğurudur, qlobal maliyyə dünyasında fəaliyyətimizə verilən yüksək qiymətdir.

Mükafata məhz bu il layiq  görülməyimizin bir önəmli məqamı isə odur ki, bu il “Euromoney” jurnalı fəaliyyətinin 50-ci ildönümünü qeyd edirdi. 1969-cu ildən fəaliyyət göstərən jurnal 50 illik yubileyində ölkə üzrə “İlin bankı” mükafatını məhz Azərbaycan Beynəlxalq Bankına təqdim etdi.

- Belə qiymətləndirmələr qlobal maliyyə bazarında Azərbaycan Beynəlxalq Bankına hansı üstünlükləri verir?

-Bu cür mükafatlar bankın beynəlxalq işgüzar imici baxımından çox önəmlidir. “Euromoney” jurnalı maliyyə sahəsində dünyanın ən mötəbər nəşrlərindəndir. Bu cür jurnallar beynəlxalq konfranslarda, sərgilərdə yayılır. Məşhur iş adamlarının, dövlət xadimlərinin müsahibələrini dərc edir, qlobal trendlərdən yazır, ayrı-ayrı ölkələr üzrə tematik buraxılışlar hazırlayır. Belə nəşrlərin mükafatlarını qazanmaq, onların səhifələrində görünmək bank üçün, təbii ki, yüksək imic göstəricisidir. Bu isə bizim üçün çox mühümdür. Çünki Azərbaycan Beynəlxalq Bankı ölkəmizin xarici banklarla ən çox çalışan, ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən, xarici ölkələrdə ən geniş müxbir şəbəkəsi olan bankıdır. Məsələn, bizim təkcə elə ABŞ-da 4 müxbir hesabımız var. Xarici banklarla, ödəniş sistemləri ilə fəal şəkildə çalışırıq. Həm mövcud tərəfdaşlarımızı, həm yaxın gələcəkdə tərəfdaşlığa başlaya biləcəyimiz digər qurumları, həm də ümumilikdə beynəlxalq maliyyə bazarlarının iştirakçılarını Azərbaycan Beynəlxalq Bankının durumu ilə mütəmadi tanış edirik. Bu cür mükafatlar, təbii ki, etibarlı tərəfdaş kimi banka inamı artırır və işgüzar imicimizi yüksəldir.

-Bankın reytinqlərində də artımlar var. Bu, gələcək üçün hansı perspektivləri yaradır?

- Professional nöqteyi-nəzərdən yanaşsaq, reytinq belədir ki, beynəlxalq maliyyə qurumları reytinqlər əsasında bankın risk dərəcəsini müəyyənləşdirirlər. Verilmiş reytinqlərə inam burada mühüm faktordur. Azərbaycan Beynəlxalq Bankına Moodys, Fitch kimi dünyanın mötəbər agentlikləri reytinqlər verir. Xarici maliyyə qurumları da baxırlar ki, əgər Moodys, yaxud Fitch kimi agentliklər Azərbaycan Beynəlxalq Bankına bu reytinqləri veribsə, deməli, buna inanmaq olar. Xarici maliyyə institutları tərəfindən verilən vəsaitlərin həcmində, faiz marjasında, müddətində və s. reytinqlər çox  mühüm rol oynayır.

- Azərbaycan Beynəlxalq Bankı hazırda xarici maliyyə bazarlarından vəsait cəlb edir?

- Xeyr, hələlik xarici maliyyə institutlarından vəsaitlərin cəlbinə ehtiyac görmürük. Bir tərəfdən, LİBOR (banklararası satış faiz nisbəti) dərəcəsi indi xeyli yüksək olduğundan bu vəsaitlər baha başa gəlir. Digər tərəfdən isə, ölkəmizdəki mövcud imkanlar, bankın dayanıqlığı, likvidlik mövqeyi bizə daxili resurslar hesabına lazımi qədər vəsait cəlb etmək imkanı verir. Amma buna baxmayaraq təbii ki, beynəlxalq nüfuzumuzu, bizə olan inamı daim qorumaq haqqında düşünməliyik ki, məsələn, əgər sabah xaricdən vəsait cəlbi sərfəli olsa, bu, bizə asan başa gəlsin. Ona görə xarici əlaqələrimizi daim inkişaf etdirməyə, beynəlxalq reytinqlərimizi yüksəltməyə çalışırıq. Reytinqlər bizim xarici tərəfdaşlarımız üçün açıqlığımızı, şəffaflığımızı da göstərir. Bütün bunlar xaricdəki müxbir şəbəkəmizin inkişaf etdirilməsi, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatlarının aparılması, bir sözlə, müştərilərimizin ehtiyaclarının qarşılanması baxımından da faydalıdır.

- Hazırda qlobal bank bazarlarında gedən əsas inkişaf tendensiyaları nələrdən ibarətdir? Azərbaycan Beynəlxalq Bankı yeni trendlərə uyğunlaşa bilirmi?

- Ən əsas trend rəqəmsallaşmadır. Son texnologiyaların imkanlarından faydalanmaqla bütün dünyada çoxlu kiçik şirkətlər meydana gəlir. Onlar öz məhsullarını, rəqəmsal platformalarını yaratmaqla böyük bankların ənənəvi biznesinin müəyyən hissələrini tədricən, xırda-xırda almağa başlayırlar. Məsələn, onlayn ödənişlərdir, pul köçürmələridir, müxtəlif riteyl məhsullarıdır və s. Bu şirkətlərin üstünlüyü ondadır ki, kiçik və çevikdirlər, məsrəfləri o qədər böyük deyil. Ona görə də öz qərarlarında sərbəst və mobildirlər. Bu tendensiyaları görərək artıq klassik böyük banklar da bu istiqamətdə müəyyən işlər görməyə başlayıb. Əks halda, biznesin mühüm bir istiqaməti əldən çıxa bilər. Bu səbəbdən banklar çalışırlar ki, həmin çevikliyi, şəffaflığı müştərilər üçün təmin edə bilsinlər, bu biznes artıq onlarda olsun. Məsələn, bildiyiniz kimi, bütün banklar Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin - qısaca desək, SWIFT-in xidmətlərindən istifadə edir. Uzun illər boyu bu şirkətin xidmətlərinin müəyyən edilmiş konkret parametrləri və dəyişməz fəaliyyət istiqamətləri mövcud idi. Yalnız çox ciddi ehtiyaclar yarananda nələrdəsə müəyyən dəyişiklik edərdilər.  Amma son dörd-beş ildə SWIFT də banklar üçün kifayət qədər yeni məhsul və xidmətlər təqdim etməyə başlayıb.

Azərbaycan Beynəlxalq Bankı olaraq biz də bütün bunları nəzərə almaqla innovativ həllərin tətbiqi sahəsində işlərimizi sürətləndirmişik. Bank texnologiyalarında dəyişikliklərin edilməsi, məhsul və xidmətlərdə innovasiyaların geniş tətbiqi yeni strategiyamızda da öz əksini tapıb. Çünki bunları indi etməsək, bu, gələcək inkişaf planlarımızın icrasına çox ciddi təsir göstərə bilər. 

Məsələn, sizə maraqlı bir nümunəni xatırladım: bir müddət əvvəl Facebook sosial şəbəkəsi 2020-ci ildə öz valyutası – Libranı istifadəyə verəcəyi barədə planını açıqlayıb. Bu gün dünyada Facebook istifadəçilərinin sayı 2,3 milyarddan çoxdur. İndi təsəvvür edin ki, Libra ideyası reallaşandan sonra maliyyə xidmətləri bazarı necə dəyişəcək. Facebook öz istifadəçilərinə çox cüzi məbləğ qarşılığında onlayn ödənişlərin aparılması xidmətini təklif edəcək. Və bu da Facebook istifadəçilərinə çox cəlbedici gələcək. Cəmi bircə dəfə sosial şəbəkədə hesab açırsan və ödəniş əməliyyatlarını da orada aparırsan. İndi Facebook-da hesab açan zaman istifadəçiləri o qədər də sorğu-suala çəkib yoxlamırlar. Amma Libranın tətbiqindən sonra çox güman ki, çoxsaylı əlavə məlumatlar da istəyəcəklər. Məsələn, pasport məlumatlarını, mobil telefon nömrələrini, yaşayış ünvanlarını və s. Bunlar da veriləndən sonra isə onların əlində inanılmaz həcmdə böyük və əhatəli  məlumat bazası olacaq. Bu da sosial şəbəkələrin qlobal çevrədə nəzarət və təsir imkanlarını daha da genişləndirəcək. Belədə isə sual çıxır ki, banklar belə bir rəqabətə davam gətirə biləcəkmi? Təbii ki, bu durumda banklar da, öz mövqelərini qorumağa çalışır. Ona görə bu gün rəqəmsallaşma banklar üçün çox vacib və vazkeçilməz istiqamətdir.  

- Amma bu inkişafın təhlükəli məqamları da olmamış deyil: məsələn çirkli pulların yuyulması, qlobal cinayətkarlıq hallarının maliyyələşdirilməsi və s.

- Qeydiniz tamamilə əsaslıdır. İnnovasiyaların inkişafında nə qədər irəli gediriksə, komplayns nöqteyi-nəzərindən həlli vacib olan bir o qədər çox suallar da çıxır qarşıya. Əlbəttə, bu məsələlərin həllində tənzimləyicilər, müvafiq qlobal təşkilatlar böyük rol oynayır. Onlar bu sahədə nəzarətin təmin olunması, geniş spektrli əməliyyatlar həyata keçirən beynəlxalq ödəniş qurumlarının fəaliyyətinin koordinasiya edilməsi üçün qaydalar təqdim edir, ümumi siyasət müəyyənləşdirirlər. Müştərilərə tez və keyfiyyətli xidmətin göstərilməsi ilə komplayns tələbləri arasındakı “qızıl orta”nın tapılması isə bütün bank ictimaiyyətinin müştərək işindən asılıdır.

Bəzən requlyativ tələblər yeni maliyyə texnologiyalarının inkişaf sürəti ilə tam uyğunlaşa bilmir. Belə bir zamanda maliyyə texnologiyaları çirkli pulların yuyulması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsi, vəsaitlərin qeyri-qanuni dövriyyəsi hallarına qarşı mübarizə sahələrində də inkişaf etdirilməlidir. Bizim fikrimizcə, müasir standartlara, komplayns sahəsində müvafiq siyasət və texnologiyalara malik olmadan uzunmüddətli perspektivdə beynəlxalq maliyyə sistemlərinin tamhüquqlu iştirakçısı kimi qalmaq mümkün olmayacaq.

Ümumilikdə, bugünkü reallıq belədir ki, inkişaf sürəti çox qısa zamanda yüksələ-yüksələ gedir. Ona görə maliyyə sektoru da bir yerdə dayana bilməz. Mövcud reallıqları qəbul etmək, cəmiyyətin, ölkənin ehtiyaclarını və qlobal trendləri nəzərə alaraq öz strategiyasını müəyyənləşdirmək Azərbaycan Beynəlxalq Bankı üçün gələcək inkişafın təminatıdır. Biz də daim bu istiqamətdə çalışırıq.

Reklam hüququnda

 

Paylaş:
1278

Son xəbərlər

“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00
Bütün xəbərlər