Mübariz Əhmədoğlu: Rusiya, ABŞ və Fransada baş verənlər formalaşmış erməni xarakterinin ifşasıdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiya, ABŞ və Fransada baş verənlər formalaşmış erməni xarakterinin ifşasıdır

10:35 - 05 / 08 / 2019
Mübariz Əhmədoğlu: Rusiya, ABŞ və Fransada baş verənlər formalaşmış erməni xarakterinin ifşasıdır

ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsində ardıcıl, təkmil və strukturlaşmış mövqeyinin davamlı olması ermənilərin mövqeyində dəyişiklik yarada bilib. İlk növbədə ermənilər Rusiya mətbuatı vasitəsilə ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinə qarşı hücum təşkil etdilər. Bu şərhlərə görə guya ABŞ Azərbaycanla birlikdə yeni tənzimlənmə variantı hazırlayıb və bu variant Rusiyanın əleyhinədir.

ABŞ-ın qlobal terrorizmə qarşı mübarizədə Azərbaycana ayırdığı yardımın təxminən 20 milyon dollardan 100 milyon dollaradək artırması ermənilərdə daha ciddi effekt yaradıb. Bu, ermənilərin gözləntiləri ilə bir araya sığan məsələ deyil. Çünki ermənilər, o cümlədən ABŞ-dakı erməni təşkilatları ermənipərəst konqresmenlərlə birlikdə ABŞ-Azərbaycan arasındakı hərb də daxil olmaqla bütün əlaqələri hədəf götürmüşdülər. Bu barədə konqresdə qətnamə də qəbul olundu. ABŞ konqresində qəbul olunan 2-ci qətnamə ABŞ tərəfdən Dağlıq Qarabağa səfərlərə qoyulan qadağaların aradan qaldırılması ilə bağlıdır. Hər 2 qətnaməni Ermənistanda və Dağlıq Qarabağda “ura” ilə alqışladılar.

Tramp administrasiyasının Azərbaycanpərəst kursu fonunda ermənipərəst konqresmenlərin fəaliyyəti ciddi bir effekt yaratmayacaq. ABŞ-ın Azərbaycana hərbi yardımının artması ola bilər ermənilərin bir çox məqsədlərə xidmət edən fəaliyyətinin nəticəsidir. Mümkündür ki, ermənilər son dövrlərdə Rusiyanın mövqeyindən narazılığı siyasi alver predmetinə çevirərək, özlərini guya ABŞ-a daha da yaxınlaşmaq kursunda göstəriblər. Ermənilər artıq başa düşüblər ki, ABŞ aşkar şəkildə Azərbaycanı Ermənistandan üstün tutmağa başlayıb. ABŞ konqresində Xankəndi/Stepanakert aeroportuna uçan təyyarəni vura biləcək silahın satılmaması ilə bağlı qətnamənin qəbuluna Azərbaycan Müdafiə Nazirliyi çox aydın reaksiya verdi: ABŞ Azərbaycana heç bir silah satmayıb.

Rusiya, ABŞ və Fransada son aylarda erməni mövzusunda baş verənlər formalaşmış erməni xarakterinin ifşa olunduğunu və özlərinin əleyhinə çevrildiyini sübut edir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər