Uğurlu sosial-iqtisadi inkişaf strategiyasının real təzahürü – TƏHLİL
Son illər Azərbaycan iqtisadiyyatında davamlı, sabit, sürətli, dinamik inkişaf təmayülü özünü qabarıq şəkildə göstərir. Ölkəmizdə iqtisadi sahədə həyata keçirilən islahatlar bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun davamlı inkişafına əlverişli zəmin yaradıb.
İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Ən sevindirici göstərici isə qeyri-neft sənayesindədir. Burada artım 15,7 faiz təşkil edir.
Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirə zamanı da iqtisadi inkişafı şərtləndirən başlıca məqamlara toxunaraq son illərdə sənayeləşmənin siyasətinin gözəl nəticələr verdiyini bildirib. Sənayenin qeyri-neft sektorunun rekord addımlarla irəlilədiyini deyən dövlət başçısının sözlərinə görə, bunda bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür:
“Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.
Sosial sahə ilə bağlı görülən işlərdən danışan Prezident İlham Əliyev bu ilin əvvəlində əhalinin rifahının yüksəldilməsi məqsədilə növbəti sosial paketi təsdiq etdiyini xatırladaraq, bu sosial təşəbbüslərin 4 milyondan çox insanı əhatə etdiyini qeyd edib.
Qeyd edək ki, sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, ikinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb:
Minimum pensiya üzrə MDB-də birinci göstərici
“Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcək. Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq”.
S.Babayev müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlərin ümumilikdə 1,3 milyon insanı əhatə etdiyni bildirib:
“Bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər idi, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclər idi. Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə etdi və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırıldı”.
İyunun 18-də imzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.
“Sosial sahə bizim üçün prioritet sahədir”
Sosial sahənin prioritet sahə olduğunu deyən Prezident İlham Əliyev hər zaman bu sahənin diqqət mərkəzində olduğunu vurğulayıb:
“Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.
“Bu günə qədər həllini tapmayan bütün məsələlər öz həllini tapacaq”
Prezident müşavirədə çıxışı zamanı regionların sosial-iqtisadi inkişafı məsələlərinə də toxunub. Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının qəbul edildiyini xatırladan dövlət başçısının sözlərinə görə, bu, çox genişmiqyaslı proqramdır:
“Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır.
Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək.
Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.
Ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub
İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı üzrə üç Dövlət Proqramı böyük uğurla icra olunub və yekun nəticə olaraq əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişib. Bu ilin əvvəlində təsdiq edilən dördüncü dövlət proqramı isə regionların inkişafını yeni mərhələyə çıxaracaq:
“İnvestisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb”.
“Azərbaycan bütün makroiqtisadi göstəricilər üzrə artıma nail olub”
İqtisadçı ekspert Vüqar Bayramov 1news.az-a müsahibəsində Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirəni şərh edərkən bildirib ki, qlobal ticarət müharibələri fonunda dünyada və eləcə də regionda baş verən dəyişikliklərə baxmayaraq ölkəmiz 2019-cü ilin birinci yarısında stabil iqtisad artım tempini qoruyub saxlaya bildi:
“Azərbaycan öncədən proqnozlaşdırıldığı kimi bütün makroiqtisadi göstəricilər üzrə artıma nail olub. Bu müddətdə qeyri-neft sektorundakı artım tempinin ümumi daxili məhsuldakı artım tempini 30 faiz bənddən çox üstələməsi də məhz iqtisadiyyatdakı inkişafın neftdən kənar sektorlar hesabına baş verdiyindən xəbər verir.
2019-cu ilin yarım ilinin yekunları Azərbaycanın iqtisadi priotetlərinə nail olduğundan xəbər verir. Nəzərə alsaq ki, bu il üçün əsas priotet qeyri-neft sektorunu inkişaf etdirilməsi və sözügedən sektorun ixracının və eyni zamanda istehsal imkanlarının genişləndirilməsinə nail olmaqdan ibarət idi.
2019-cu ilin birinci yarsının iqtisadi yekunları göstərir ki, Azərbaycan iqtisadi artım tempini genişləndirməklə, bütövlükdə bu il üçün nəzərdə tutulan proqnozlara nail ola biləcək. Nəzərə alsaq ki, həm beynəlxaq maliyyə qurumları, həm Azərbaycan hökuməti 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 3%-dən daha çox artacağını proqnozlaşdırır. Bu isə ondan xəbər verir ki, mövcud iqtisadi artım tempi ilin yekununda hədəflərə nail olmağa imkan verəcək”.
ÜDM-dəki artım ümumi iqtisadi artım tempini daha da üstələyir
Bu ilin birinci yarsıında ümumi daxili məhsulun (ÜDM) 2.4 % artdığını deyən V.Bayramovun sözlərinə görə, qeyri-neft- qaz ümumdaxili məhsulunda artım isə 3.2% olub:
“Bu ondan xəbər verir ki, ÜDM-dəki artım ümumi iqtisadi artım tempini daha da üstələyir və nəticə etibarilə, bu bütövlükdə artımın daha çox qeyri-neft sektorunun hesabına formalaşması anlamına gəlir.
2019-cu ilin birinci yarım ilinin yekunları, həm də 2019-cu ilin iqtisadi islahatları üçün müəyyənləşdirilmiş hədəflər baxımından da vacibdir. Çünki bu il üçün iqtisadi islahatların hədəfi, qeyri neft sektorunun ümumi iqtisadi payının artırılmasına nail olmaqdan ibarət idi”.
Sənayədə qeyri-neft sektorunun payı genişlənir
Ekspertin sözlərinə görə, vacib məqamlardan biri də sənayə istehsalında müşahidə edilən artımdır. Sənaye istehsalında da, qeyri-neft sənayəsində də artım tempi kifayət qədər yüksəkdir:
“Belə ki, ümumi sənayedə artım 1.8% olsa da, qeyri neft sənayesində artım 15.7% -dir. Bu isə ondan xəbər verir ki, əslində sənayedə qeyri neft sektorunun payının genişlənməsi müşahidə olunur. Sənayedə qeyri neft sektorunun payının genişləndirilməsi Azərbaycanda son illər həyata keçirilən sənayeləşmə siyasəti ilə bağlıdır. Belə ki, sənayeləşdirmə siyasəti nəticə etibarilə, həm Azərbaycada istehsal edilən sənaye məhsulunun həciminin genişləndirilməsi, həm də daha çox məhsulların ixrac imkanlarının yaradılmasına səbəb olub.
Ən vacib məqamlardan biri ondan ibarətdir ki, 2019-cu ilin birinci yarısında, eyni zamanda əvvəlki illərdə həyata keçirilən islahatlar sənayeləşmənin paytaxtdan regionlara transfer edilməsinə gətirib çıxarıb. Artıq Azərbaycan bir sıra sənaye məhsullarının, xüsusilə innovativ məhsulların istehsalını həyata keçirir. Nəzərə alsaq ki, innovativ məhsul istehsalı həm də Azərbaycan üçün ixrac imkanlarını genişləndirməsi baxımından vacibdir. Azərbaycan artıq avtomobil daxil olmaqla, bir sıra innovativ və texnoloji məhsulların istehsalını həyata keçirir ki, bu da əvvəlki illərdə qeyri-neft ixracatı üçün yeni imkanlar yaradıb”.
İslahatlara beynəlxalq qiymət
V.Bayramov bildirib ki, Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir edilir:
“Müşavirədə qeyd olunduğu kimi, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması Azərbaycanda son illər aparılan islahatların nəticəsidir. 2015-ci ildən Azərbaycanda dərinləşdirilmiş hesabatların aparıldığını nəzərə alsaq, bunun nəticəsində ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, sahibkarların fərqli dövlət xidmətinə çıxışının təmin edilməsi imkanların genişləndirilməsi ilə yanaşı dövlət dəstəyinin artırıldığı da göz qabağındadır.
Son illər dövlət xidmətlərinə elektron çıxış imkanları artıb. Azərbaycan ümumi hesabatda biznes mühitinə görə, dünyada 25-cidir. Əmlakın qeydiyyata alınması və digər istiqamətlərdə ilk 20-liyə daxil olub. Elektron xidmətlərdən daha çox istifadə olunması Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə gətirib çıxarıb. Dünya Bankının hesabatında 3 əsas meyardan istifadə olunub ki, bura prosedurların, tələb olunan günlərin və tələb olunan xərclər daxildir.
Azərbaycanda hər üç istiqamətdə, xüsusilə də sahibkar üçün həm prosedurların, həm tələb olunan günlərin sayının, həm də xərcin azaldılması istiqamətində atılan addımlar ölkəmizin hesabatda mövqeyinə müsbət şəkildə təsir göstərib. Görülən işlər nəticəsində ölkəmiz ən çox islahatlar aparan 10 ölkə sırasına daxil edilib.
Dünya Bankı tərəfindən aparılan təhlillər nəticəsində hazırlanan hesabat Azərbaycanda həyata keçirilən islahatlara beynəlxalq qiymətin verilməsi baxımından vacibdir. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim edilməsinə yardım edir, həm də islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu baxımdan “Doing Business” hesabatında mövqeyimizin yaxşılaşması bir başa 2015-ci ildən dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır.
1news.az