Şəhid övladları üçün “Yelkənli idmanın bir günü” əyləncəli-maarifləndirici tədbir keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid övladları üçün “Yelkənli idmanın bir günü” əyləncəli-maarifləndirici tədbir keçirilib – FOTO

17:12 - 26 / 08 / 2019
Şəhid övladları üçün “Yelkənli idmanın bir günü” əyləncəli-maarifləndirici tədbir keçirilib – FOTO

Azərbaycan Yelkən İdman Federasiyası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirilyi ilə birgə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanların övladları üçün "Yelkənli idmanın bir günü" əyləncəli - maarifləndirici tədbir təşkil edib.

1news.az-ın verdiyi xəbərə görə, Yelkənli İdman Federasiyasının yay məktəbinin bir günü bu dəfə şəhid övladlarının yelkənli idmanla tanış olması, bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatların verilməsi ilə yadda qaldı. 16 nəfər iştirakçının qatıldığı tədbirdə qonaqlara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədildi. Yelkənli İdman Federasiyasının "Laser" və "Optimist" sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız və Tuğçə Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb oldu.

Yelkənli İdman Federasiyasının beynəlxalq dərəcəli məşqçilərinin nəzarəti ilə Federasiyanın yığma komandasının üzvləri Aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin övladlarının açıq dənizdə təhlükəsiz şəkildə yelkənli qayıqlardan istifadəsini təmin etdilər. Açıq dənizdə yelkənli qayıqlarla gəzinti, eyni zamanda sahildə əyləncəli oyunların təşkili sevinc və rəğbətlə qarşılandı. Həmçinin Şəhid Raquf Orucovun xanımı Sevinc xanım Orucovanın rəhbərlik etdiyi “Zəfər”- şəhid ailələrinə dəstək İctimai Birliyi də tədbirdə iştirak edib. Tədbiri zamanı iştirakçılara yelkənli idman növü, idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, Federasiyanın yığma komandasının ölkədə və xaricdə təlim - məşq düşərgələrində iştirakı, komanda üzvlərinin yüzlərlə dünya şöhrətli peşəkar idmançının qatıldığı yarışlarda ölkəmizi uğurla təmsil etmələri, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsi, əldə etdikləri nəaliyyətlər barədə ətraflı məlumat verildi.

Xatırladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7 – 14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.

S.Xankişiyeva

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər