Pakistan vilayətləri Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir

Pakistanın vilayətləri Azərbaycanla iqtisadi-ticari əlaqələri inkişaf etdirmək istəyir.
1news.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand mətbuat konfransında deyib.
O bildirib ki, Pakistandan Azərbaycana nümayəndə heyəti səfər edib. Bu gün Bakıda Pakistanın Sərhəd, Ticarət və Sənaye Platasının təşəbbüsü ilə biznesdə ən yaxşıların mükafatlandırılması mərasimi olacaq.
Həmçinin, nümayəndə heyəti bir sıra görüşlər keçirəcək. Səfir deyib ki, son illər Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Bu rəqəm 8 milyondan 32 milyon dollara qalxıb: "Hərbi sahə bura aid deyil. Amma bu göstərici bizi əlbəttə ki, qane etmir. İki ölkənin potensialı daha yüksəkdir".
Hayber-Pantunhva Sərhəd, Ticarət və Sənaye Palatasının sədri Feysi Məhəmməd bildirib ki, 150 nəfərdən çox biznesmen və rəsmi şəxslər Azərbaycana səfərə gəlib: "Bu bizim ikinci tədbirimizdir. Ötən il Türkiyədə anoloji tədbir təşkil edilib".
O deyib ki, Hayber-Pahtunhva vilayəti çox zəngindir. Turizm, enerji, tikinti sektoru inkişaf edib, bal və digər məhsulları ilə tanınıb. Məqsəd həm də Azərbaycanın biznes, investisiya imkanlarını araşdırıb, əməkdaşlıq sahələrini nəzərdən keçirməkdir.
Palatanın vitse-prezidenti Vahid Şinvali isə bildirib ki, Hayber-Pantunhva Pakistanın neft və qazla zəngin ərazisidir. Bu vilayət xüsusi meyvələrin yetişdirildiyi ərazidir: "Biz Azərbaycana meyvə və tərəvəz ixrac edə bilərik. İstəyimiz iqtisadi ticari əlaqələri siyasi münasibətlərimiz səviyyəsinə qaldırmaqdır".
Qeyd edilib ki, Azərbaycana investisiya qoymaq istəyən iş adamlarının sayı çoxdur.
Pərvanə Sultanova