MFL-dən böyük futbola: İlqar Nadiri “Kəpəz”in icraçı direktoru oldu
“Kəpəz” Peşəkar Futbol Klubuna yeni təyinat olub. Klubun icraçı direktoru vəzifəsi İlqar Nadiriyə tapşırılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə klubun Facebook səhifəsində qeyd olunub.
Təyinatla bağlı “Kəpəz”in kuratoru İsgəndər Cavadov klubun mətbuat xidmətinə qısa açıqlama verib:
“İlqar Nadiri bacarığına, qabiliyyətinə inandığımız insandır. Gəncdir, enerjilidir və klubun hərtərəfli inkişafında rol oynacağını düşünərək bu vəzifəyə təyin edilib. Yeni icraçı direktor komandanın qarşıya qoyduğu hədəflərə çatmasında öz dəstəyini verəcək”.
Qeyd edək ki, İlqar Nadiri Gəncədə yerləşən “Offside” idman kompleksinin həmtəsisçisidir. MFL-in bu ilin aprel-iyun aylarında Gəncədə təşkil etdiyi “MFL Gəncə Kuboku” turnirinin əsas tərəfdaşlarından və dəstəkçilərindən biri olub.
1news.az