Milan Obradoviç: Azərbaycan futbolunun gələcəyinə inanmayan insanın fikrini dəyişmək çətindir | 1news.az | Xəbərlər
Futbol

Milan Obradoviç: Azərbaycan futbolunun gələcəyinə inanmayan insanın fikrini dəyişmək çətindir

15:40 - 02 / 10 / 2019
Milan Obradoviç: Azərbaycan futbolunun gələcəyinə inanmayan insanın fikrini dəyişmək çətindir

Keçmiş məşhur serbiyalı futbolçu Milan Obradoviç bizə, ilk növbədə, Moskva “Lokomotiv”indəki çıxışına görə tanışdır. Bu ilin yanvar ayından etibarən Milan Azərbaycanın U-21 Gənclər yığmasına rəhbərlik edir.

Gənclər yığmamız bizi öz uğurları ilə bir o qədər də sevindirməyib. Bununla belə, bu komanda daim diqqət mərkəzindədir, çünki Milli yığmanın gələcəyi hesab olunan futbolçular məhz burada çıxış edirlər.

Millimizin gələcəyi necə olacaq? Bu barədə 1news.az Milan Obradoviçin özüylə söhbətləşib. Söhbətimiz bir qədər uzun, lakin maraqlı alınıb. 

- Yığmamız seçmə mərhələdə 3 oyun keçirib və onların ikisində məğlub olub. Bu oyunları necə qiymətləndirirsiniz və ümumiyyətlə, məyusluq hissi keçirirsinizmi?

- İlk növbədə deməliyəm ki, keçirdiyimiz 3 oyununun ümumilikdə 5 hissəsindən razı qaldım. Futbolda bəzən nəticə meydandakı vəziyyəti olduğu kimi əks etdirmir. Lixtenşteynlə seçmə mərhələnin ilk oyununda (0:1) bunun şahidi olduq. Mən yalnız Gürcüstanla oyunun (0:3) ilk hissəsindən narazı qaldım. Hesab edirəm ki, komanda hər mənada irəliyə doğru addımlayır. Biz öz futbolumuzu oynamağa, topa nəzarət etməyə çalışırıq. Bunun üçün bizə daha böyük təcrübə və inam lazımdır. İnam klubların heyətində və yığmanın oyunlarında meydana gəlir. Bu, üzərində çalışdığımız vacib psixoloji məqamdır. Biz oyunu qapımızdan daha uzağa çəkməyə nail olmuşuq.  

Təbii ki, daha çoxuna nail olmaq istərdik. Bunun üçün potensialımız var. İlin və seçmə mərhələnin sonunadək irəliyə doğru addımlamalı və daha sonra işimizi qiymətləndirməliyik ki, biz nəyə nail olmuşuq və nəyə nail ola bilməmişik. Oyunçularım onlardan tələb olunanı bilirlər. Qeyd etdiyim kimi, istəyirəm ki, biz daha çox top saxlayaq və hücumlar edək.

- Sizcə bu mümkündür? Hər halda, hələki biz əks-hücumlarda oynayan U-21 yığması görürük.

- Elə problem də bundadır. Mən yığmaya bu futbolu oynatmaq üçün gəlməmişəm. Yəqin ki, məni məhz elə buna görə də bura dəvət ediblər. Mənim komandam kombinasiyalı futbol oynamalı, daha çox hücum etməli və rəqib qapılarına zərbələr endirməlidir.

- Bu sizin məşqçi fəlsəfənizdir?

- Bəli, niyə də yox? Baxın, indi Avropada hamı futbol oynamaq istəyir. Bizim onlardan nəyimiz əksikdir? Bizim ən böyük problemimiz daha əvvəl qeyd etdiyinizdir. Hamı yığmanın müdafiədə oturub əks-hücumlarda oynamasına alışıb. Futbolçuların özləri də buna öyrəşiblər. Bu mənim xoşuma gəlmir. Razıyam, bu da futbolun bir hissəsidir. Bütün 90 dəqiqəni hücumda oynamaq mümkün deyil. Lakin futboldan zövq almaq lazımdır. Mənim komandam oyunçulardan tələb etdiyim kimi oynayır.

- Ola bilər ki, klubda məşqçinin öz oyununu qurmaq üçün daha böyük imkanları var. Bəs belə bir oyunu əksər oyunçuların yalnız 1 seçmə mərhələdə çıxış etdiyi gənclər yığmasında necə qurmaq olar?

- Dedikləriniz doğrudur. Amma axı biz yığmadan danışırıq. Hesab edilir ki, yığmada oynayan futbolçular öz yaş kateqoriyalarındakı digər oyunçulardan həm taktiki, həm fiziki, həm də mənəvi baxımdan daha üstündürlər. Bu o deməkdir ki, onlar müəyyən məqamlarda daha yaxşı çıxış edir və məşqçinin istənilən taktiki tələbinə cavab verə bilirlər.

- Siz “hesab edilir” ifadəsini işlətdiniz, bəs əslində də bu belədir?

- Mən sadəcə sualınızı cavablandırdım. Bizim vaxtımız azdır, amma bu yığma üzvləridir. Onlar məlumatı daha tez qəbul etməlidirlər. Yığmanın oyunlarında nə gördünüz?

- U-21-in Milli komandanın gələcəyi olduğunu nəzərə alsaq, bir o qədər də nikbin yanaşmaq olmur.

- Belə düşünən təkcə Siz deyilsiniz. Daha əvvəl işlədiyim bir ölkədə də nikbin yanaşmaq üçün səbəblər çox az idi. Lakin mən daha yaxşısına inanıram. Bundan başqa, heyətimizdə 2000 və hətta 2002-ci il təvəllüdlü oyunçular da var. Onlar növbəti seçmə mərhələdə də, bəziləri isə, daha çox gənclər yığmasında çıxış edə bilərlər. Daha bir məqam bundan ibarətdir ki, yığma üzvlərinin yarısı daha kiçik yaş qruplarından başlayaraq, artıq bir neçə ildir ki, birlikdə oynayırlar. Elə düşünməyək ki, onlar yalnız 6 ay əvvəl tanış olublar. Bunlara misal olaraq, Fərid Nəbiyev, Barış Ekinçiyer, Rövlan Muradov, İsmayıl İbrahimli, Hacıağa Hacılı və digərlərini göstərmək olar.

- Oyunçu seçimi imkanınız nə dərəcədə genişdir? Heyəti açıqlamamışdan öncə nəzərdən keçirdiyiniz ilkin siyahıda neçə nəfərin adı olur?

- İlin əvvəlindən bu yana 40-dan çox futbolçunu izləyirik. Onları toplanışlar zamanı izləmişik. Adları klubların sifariş ərizəsinə salınan və yaş etibarilə uyğun olan bütün oyunçular potensial yığma üzvləridir. Oyunlarda iştirak edənləri izləyirik. Təəssüf ki, bəziləri oynamırlar. Lakin bu futboldur. Limitə görə oynaya bilənlər oynayırlar. Mən 21 yaşadək oyunçularla bağlı limit haqqında öz fikrimi bildirmişəm. Mən Azərbaycan futbolunun gələcəyinin tərəfdarıyam. Hesab edirəm ki, 21 yaşadək oyunçuların əsas heyətdəki limitini hətta ikiyə də qaldırmaq olar. Bilirəm ki, klubların çoxu bununla razı deyil. Onlar bunu futbolçu tapa bilməmələri ilə əsaslandırırlar. Lakin biz hamımız birlikdə irəli addım atmalıyıq.

Yığma Slovakiya üzərində qələbə qazandıqda (2:1) mənə çox xoş idi. Xüsusən də, ona görə ki, çox az adam buna inanır, hətta çoxları dəstəkləmirlər də. Lakin futbolçularım öz oyunlarını, nəyə qadir olduqlarını göstərdilər. Azərbaycan futbolunun gələcəyinə inanmayan insanın fikrini dəyişmək çətindir. Biz hətta ardıcıl 4 oyunda qalib gəlsək belə, kimsə bunun təsadüf olduğunu deyəcək. Lakin mən hesab edirəm ki, nikbin olmaq lazımdır, elədə oyunçular üçün də rahat olacaq. Mən oyunçulara inanıram və onlara meydançada düşünmə sərbəstliyi verirəm. Biz yaxşı nəticə qazanmaq iqtidarındayıq.

- Bəs futbolçuların özləri buna inanırlar?

- Yığmanın toplanışında olanda inanırlar, lakin klublara qayıtdıqdan sonra nə isə baş verir.

- Bəs nə baş verir?

- Deməyə çətinlik çəkirəm.

- Bəlkə klublarda onlara təzyiq edirlər, yaxud öz üzərilərində işləməyi dayandırırlar?

- Bu sualı gözləyirdim. Azərbaycada tez-tez belə bir fikir eşidirəm ki, futbolçular öz üzərilərində çalışmırlar. Bunu demək çox asandır. Həqiqətən də, elə oyunçular var ki, öz üzərilərində az çalışırlar. Lakin gənc futbolçunun qarşısında nümunə olmalıdır. Ona göstərmək lazımdır ki, nəyi necə edərlər, başa salmaq lazımdır ki, niyə o haqlı deyil. Burada səbəb axtaran çox adam var. Lakin mən səbəb axtaranlardan deyiləm. Mən məqsədə çatmağın yolunu axtarıram və mən bunun necə edilməli olduğunu bilirəm. Enerjimi də buna sərf edirəm. Enerjimsə çoxdur.

- Bəs alınacağına inam var?

- Əgər bir işi daha əvvəl etmisənsə və alınıbsa, axı bu inam yaradır. Mən müəlliməm, yığmanın futbolçuları isə, şagirdlər kimidir. Mən onlara futbolsayağı nəyi necə etməli olduqlarını öyrədirəm. Sonda bu öz nəticəsini verəcək. Ola bilər bu nəticə mənə nəsib olmayacaq, lakin futbolçular gələcəkdə bunun xeyirini görəcəklər. Bu futbol təfəkkürüdür və bütün dünya belə işləyir. Başqa bir məsələ Messi, Azar, yaxud Ronaldoda olduğu kimi istedadın olmasıdır. Bununla belə, onlar da futbol məktəbi keçmiş və hal-hazırda da öz üzərilərində çalışırlar. Hər bir futbolçu öz üzərində çalışmalı və hər şeyi futbolsayağı etməlidir.  

- Siz nəticə haqqında danışırsınız, amma bu nisbi anlayışdır. Sizin üçün nəticə nədir?

- Razıyam. Çox şeyi nəticə hesab etmək olar. Biz hərfi mənada nəticə verməliyik. Lakin bununla yanaşı biz Milli yığmaya neçə futbolçu bəxş etdiyimiz barədə də düşünməliyik. Özü də bu oyunçular yığma üzvləri ilə eyni səviyyədə oynaya biləcək hazır futbolçular olmalıdırlar. Hazırda heyətimizdə 2000-ci ildə və daha sonra anadan olmuş çoxlu  futbolçular var. Biz onları növbəti seçmə mərhələ üçün hazırlayırıq. Vacib deyil, o mərhələdə məşqçi mən olacam, yaxud başqa kimsə. Onlar yavaş-yavaş tələblərə uyğunlaşırlar. Bu onunçün edilir ki, növbəti toplanışda yığma üçün oyunçu çatışmazlığı yaranmasın. İlin, yaxud seçmə mərhələnin sonunda AFFA mənim fəaliyyətimi və qarşıya qoyulmuş tapşırıqları nə dərəcədə yerinə yetirə bildiyimizi qiymətləndirəcək.

- Siz növbəti toplanış üçün oyunçuların hazırlanması barədə danışırsınız. Bizdə U-20 yığması vardı, lakin onu sonradan ləğv etdilər. Sizcə, bizə bu yığma lazımdır?

- Rəsmən heç bir ölkədə U-20 yığması yoxdur və oyunlar keçirmir. Bu, futbolçuların U-19 yığmasından U-21 yığmasına keçməsinə köməklik edən komanda hesab olunur. Onun lazım olub-olmaması barədə düşünməmişəm. Hazırda heyətimizdə həm U-19, həm U-20, həm də U-21 yığmasında çıxış edə biləcək oyunçular var. U-20 yığmasını yaratmazdan öncə düşünmək lazımdır ki, bu yığmada çıxış edə biləcək kifayət qədər oyunçumuz var, ya yoxdur? Əgər oyunçu yoxdursa, bu yığmanı yaratmağın nə mənası?

- Siz yanvar ayından etibarən yığmada çalışırsınız. Komandada hansı dəyişiklikləri müşahidə edirsiniz və ümumiyyətlə, tərəqqi hiss olunur?

- Tərəqqi, bəzi obyektiv amilləri nəzərə almasaq, subyektiv bir anlayışdır. Statistikanı əsas götürməyəcəyəm, çünki o vəziyyəti tam şəkildə əks etdirmir. Hər kəs ondan özünə maraqlı olan məsələləri götürür. Hesab edirəm ki, biz hazırda yığmanın onurğa sütünunu təşkil edən bir qrup yaratmışıq. Düşünürəm ki, komanda məni başa düşür. Onlardan futbol oynamağı tələb edirəm. Biz ağıllı oynamalı və bütün 90 dəqiqə ərzində oyuna nəzarət etməliyik. Bu zaman bizim hücum, yaxud müdafiə futbolu oynadığımız əsas deyil.

Demək olar ki, onlar mənim oyun fəlsəfəmi başa düşürlər. Baxmayaraq ki, onların çoxu üçün bəzi taktiki tələblər yeni bir şeydir. Futbolçularla çox ünsiyyətdə olmuşam və məlum olur ki, onlar heç vaxt bir oyunda bu qədər taktiki hərəkət yerinə yetirməyiblər. Onlar üçün bu asan deyil. Lakin bu yığma üçün minimal səviyyədir. Bu yalnız başlanğıcdır. Gələn il biz tələbləri artırcağıq.

Lixtenşteyn – Azərbaycan (1:0)

- Komanda seçmə mərhələdə 3 oyun keçirib və Siz dediniz ki, Gürcüstanla oyunun ilk hissəsi istisna olmaqla, 3 oyununun ümumilikdə 5 hissəsindən razı qalmısınız. Axı Lixtenşteynlə oyunda da məğlubiyyət (0:1) də qeydə alınmışdı. Çətin ki, rəqib üzərində qələbə Azərbaycan futbolunun gələcəyinə hər hansı töhfə verərdi, lakin Lixtenşteynə uduzmaq biabırçılıqdır. Azərbaycanda bu məhz belə qəbul edilmişdi. Bəs Siz bu nəticəni necə qəbul etdiniz?

- Mən də məğlubiyyəti başqaları kimi qəbul edirəm. Mən nəticədən deyil, oyunçuların istəkli olmasından razı qaldım. Biz xeyli epizod yaratdıq, amma fərqlənə bilmədik. Niyə və necə sualı artıq mənə verilməlidir. Özünüz də qeyd etdiyiniz kimi oyunçular vaxtlarının çoxunu klubların heyətində keçirirlər. Biz çox şeyi dəyişməliyik. Lakin bunu 5 gün ərzində etmək çox çətindir. Mən tənqidi normal qəbul edirəm və buna hazıram. Lakin yaxın və uzaq gələcəyə baxmaq lazımdır. Biz istərdik ki, yığmamız daim qələbə qazansın. Bu futbolçulara inam bəxş edir. Lakin bu oyunda futbolçularımda inamsızlıq hiss etdim. Onlar, ilk hissədə o qədər imkanı boşa verdikdən sonra qələbə qazana biləcəklərinə inamı itirmişdilər. Mən bunu fasilədə hiss etdim. Hesab edirəm ki, həmin anda bunu dəyişmək iqtidarında deyildim. Bu hiss çox dərinə işləmişdi. Bu psixologiyadır.

Lakin sentyabr ayında Slovakiyanı məğlub etdik və mən tam fərqli bir komanda gördüm. Oyunçuların gözlərində döyüşə atılmaq həvəsi və uğur qazanacaqlarına inam gördüm. Biz onlarla nahaq yerə bu qədər ünsiyyətdə olmamışdıq. Sübut etmək istəyirdik ki, Lixtenşteynlə oyundakı məğlubiyyət təsadüfdür. Siz bunu biabırçılıq adlandırırsınız, lakin futbolda belə nəticələr qeydə alınır. Bir vaxtlar Serbiya səfərdə Azərbaycana məğlub olub (1:2), evdə heç-heçə oynamışdı (2:2). Həmin vaxt Serbiyada bunu biabırçılıq kimi qəbul edir, burda isə, yığma ilə qürur duyurdular. Bütün bunlar subyektivdir. Mən isə obyektiv olaraq baxmaq istəyirəm ki, biz nəyə nail olmuşuq, hansı istiqamətdə hərəkət etməliyik, həmçinin, futbolçularımızın maksimum gücü nəyə çatır.   

- Siz psixologiya haqqında çox danışırsınız. Futbolçularımız psixoloji baxımdan nə dərəcədə hazır deyillər?

- İnanıram ki, futbolçularım daha yaxşı futbol oynaya bilərlər. Biz ilin əvvəlindən bu yana hər ay onlarla bir araya gəlirdik. Məşqlər zamanı onları izləmişəm. Hesab edirəm ki, psixologiya çox vacib amildir. Oyunçular o qədər emosional olmalıdırlar ki, öz maksimum bacarıqlarını ortaya qoya bilsinlər. Biz robot yox, insanıq və hər şeyi emosiyalarla etməliyik. Mən məşqçimin istəyinə görə meydanda qaçmıram. Mən bunu ona görə etməliyəm ki, futbol oynamağı sevirəm. Bu səbəbdən, psixoloji baxımdan işləmək lazımdır. Deyirlər ki, necə düşünürsənsə, həyatın da elə olacaq. Buna görə də, nikbin düşünmək və bacaracağına inanmaq lazımdır. Bu sadə prinsipdir. Mən özüm də texniki baxımdan güclü oyunçu olmamışam, lakin öz üzərimdə çalışır və digərləri ilə eyni səviyyədə futbol oynayırdım.

Şəkildə İsmayıl İbrahimli

- Gürcüstanla oyundan (0:3) sonra paltardəyişmə otağında nə baş verdiyini açıqlaya bilərsiniz? Bəzi KİV yazırdı ki, futbolçular Sizə öz narazılıqlarını ifadə edib və hətta, Siz paltardəyişmə otağını tərk etmisiz.

- Düzünü desəm, bu şayiələr barədə heç eşitməmişəm. Öz məşqçilik təcrübəmdən deyə bilərəm ki, qələbə qazananda hər şey qaydasındadır və hamı razı qalır. Məğlub olduqda isə, müzakirələr və günahkarların axtarışına başlanılır. Biz, xüsusən də, məğlubiyyətlərdən sonra çox ünsiyyətdə oluruq. Bu halda, stadionu sakitcə tərk etmək normal olmazdı. Bu o anlama gələrdi ki, futbolçuların vecinə də deyil. Paltardəyişmə otağında danışdıqlarımız elə orada da  qaldı.

- Oyunçuların potensialına inandığınızı qeyd etdiniz. Hələki, yığmada qısa müddətdir ki, işləyirsiniz və Sizdən nəsə tələb etmək üçün tezdir. Lakin futbol ictimaiyyəti yığmalardan nəticələr gözləyir. Bəs bizim nə zaman bunu tələb etmək hüququmuz olacaq? Seçmə mərhələnin sonu ilə bağlı hansı vədləri verə bilərsiniz?

- İlk növbədə, mən nəticəyə oynayıram. Nəticə isə, hər oyunda qələbə qazanmaq deməkdir. Mən “komanda qururam”, yaxud “əlimdə kifayət qədər səviyyəli oyunçu yoxdur” kimi bəhanələr axtarmıram, halbuki, bəzi limit oyunçularımız oynamırlar da. Mən yığmaya bunun üçün gəlməmişəm və gizlənmək fikrim də yoxdur. Lakin bununla paralel olaraq, mən kollektiv formalaşdırmaq, oyunçuları gələcək üçün hazırlamaq istəyirəm. Bu artıq mənim öz bacarığımdır. Bu elə bir sualdır ki, istənilən məşqi üçün onu cavablandırmaq çətindir. Bu barədə 80 milyon funt sterlinq dəyərində oyunçular alan İPL məşqçisi danışa bilər. Ola bilər, seçmə mərhələnin sonunda mənim fəaliyyətimə qiymət verərsiniz. 

- Müqavilə imzalayarkən AFFA tərəfindən qarşınıza hansı məqsədlər qoyulmuşdu?

- İlk tapşırıq irəliyə doğru hərəkət etməklə bağlı idi. Əgər ötən seçmə mərhələni birinci pillədə başa vurmuş olsaydıq, mənim də qarşıma eyni məqsəd qoyulardı. Heç kim açıq-aydın deməyib ki, birinci, yaxud ikinci olmalısınız. Biz komanda qurmalı, oyun sərgiləməli və bununla müəyyən nəticələr əldə etməliyik. Mən oyunçulara öz təcrübəmi ötürürəm və çalışıram ki,  onlara öz oyun fəlsəfəmi aşılayım.

- Oyunçularınız haqqında fərdi olaraq danışa bilərsinizmi? Son oyunlarda Sizi kim sevindirib, kim pərişan edib?

- Mən futbolçularımla şəxsən söhbət edərkən onları tərifləyir və tənqid edirəm. Yaxud, Milli yığmanın məşqçisi və AFFA rəhbərliyi mənim fikrimi soruşduqda bunu edirəm. Bu barədə açıq şəkildə danışmaq istəməzdim.

Nikola Yurçeviç

- Bəs Nikola Yurçeviçlə tez-tez ünsiyyətdə olursunuz?

- Biz onunla tez-tez ünsiyyətdə olur, birlikdə çempionat oyunlarını izləyirik. Elə dünən də görüşmüşük. Hər məşqçinin vəziyyətə öz baxışı olur. Əgər məndən soruşurlarsa, oyunçunu tərifləyə, yaxud tənqid edə bilərəm. Hər kəsə layiq olduğu səviyyədə. U-21 yığmasında çıxış edə biləcək Milli yığma oyunçularına gəlincə, bu da bizim müzakirələrin mövzularından biridir. Lakin qərarı Milli yığmanın məşqçisi verir. Mən bu işə müdaxilə etmirəm.

- Gənclər yığmasında çıxış etməkdən imtina etdiyi iddia olunan Renat Dadaşovun məsələsinə aydınlıq gətirərdiniz.

- İnsanlar çox şey yaza bilərlər. Bu cür şayiələri nahaq yerə yayırlar. Mən şəxsən Renatla danışmışam və onun gənclər yığmasında çıxış etməklə bağlı heç bir problemi yoxdur. O dəfələrlə bu barədə danışıb. İyun ayında Dadaşov zədəli idi, daha sonra isə, Milli yığmanın heyətinə cəlb edilmişdi.

- Söhbətin əvvəlində qeyd etdiniz ki, Premyer Liqada 21 yaşadək futbolçuların limitinin tərədarısınız. Halbuki, klublarda bunun əleyhdarlarının sayı çoxdur. Klublardan hər hansı birinə başçılıq etsəydiniz, yenə də eyni fikirdə olardınız? Limitin Azərbaycan futbolu üçün xeyirini izah edə bilərsiniz?

- Mən hər bir fikrə hörmətlə yanaşıram. Lakin təəssüf edirəm ki, bəzi klubların heyətində 4-5 gənc oyunçu yoxdur. Bu halda onlar daha səylə çalışardılar, çünki əsas heyətdə kimin oynayacağına zəmanət verilməzdi. Mən özüm də Yuqoslaviyanın Birinci liqasında limit olması səbəbindən böyük futbola başlamışam. Lakin bizim heyətdə limitə uyğun 6-7 oyunçu vardı, onlardan isə, yalnız ikisi oynaya bilərdi və biz bu 2 yer uğrunda mübarizə aparırdıq. Hesab edirəm ki, əsas heyətdə 2 oyunçu üçün limit olmalıdır. Gəlin 1999-cu il təvəllüdlü və daha gənc oyunçuları cəlb edək. Niyə “Sumqayıt” bunu edə bilir?

- Ola bilər, bəlkə, başqa variantları olmadığına görə?

- Niyə ki? Onlar təcrübəli azərbaycanlı futbolçularla oynaya bilərdilər, lakin öz yetirmələrinə şans verirlər.

- Sadəcə, hazırda Azərbaycan futbolunda səviyyəli oyunçuların sayı kifayət qədər deyil. Bu yaş limitli oyunçulara da aiddir.

- Siz hazırki məqamdan danışırsınız. Bəs bilirsinizmi, 2001-ci il təvəllüdlü nə qədər perspektivli oyunçu var? Bundan başqa, 2000-ci il təvəllüdlü və daha yuxarı yaşlı oyunçular da var. Onların hamısı fərqli klublarda çıxış edirlər. İnanmaram ki, bu qədər oyunçu arasından klublar 4-5 ən güclüsünü seçə bilməsinlər. Oyunçuların strategiyası belə olmalıdır. Futbolçular da anlamalıdırlar ki, ya onlar öz yerləri uğrunda mübarizə aparacaqlar, ya da heç kimə lazım olmayacaqlar.

- Futbolçulardan söz düşmüşkən, niyə bizim oyunçular xaricə getmək istəmirlər? Yəqin ki, Siz bu mövzuda futbolçularla danışmısınız.

- Mən oyunçuya göstəriş verə bilmərəm ki, o xaricə getsin, yaxud klub onu satsın. Bəli, bizdə - Serbiyada çoxları xaricə üz tuturlar. Lakin burada başqa bir problem meydana gəlir. Yığmanın məşqçisi oyunçuları rəsmi görüşdən öncə 3 gündən daha çox müddətə bir araya toplamaqda çətinlik çəkir. Biz hazırda əsas yaratmalıyıq. Mən Belçikada futbolun inkişafı proqramını tərtib etmiş şəxslə danışmışam. Onlar 8 il heç bir böyük turnirdə iştirak etməmiş və bu müddəti qurban vermişdilər. Lakin hazırda onların yığmasında Azar, Lukaku, De Byurne və digərləri çıxış edirlər. Onlar tərəqqiyə U-13 yığmasından başlamış və bütün bu illər ərzində futbolçuları inkişaf etdirmişlər.

Ola bilər ki, biz də 8 il geri qayıtmalı, lakin paralel olaraq nəticə haqqında da düşünməliyik. Limitli futbolçular məsələsinə qayıdaraq deyə bilərəm ki, ola bilər, həqiqətən də onların sayı bir o qədər də çox deyil. Lakin bu məsələdə kim günahkardır? Futbolçular?

- Bəs kimdir günahkar?

- Bu ümumi problemdir. Bəli, AFFA maksimal dərəcədə çalışır və mümkün hər şeyi verir. Biz hamımız birlikdə Azərbaycan futbolunu irəliyə daşımağa çalışmalıyıq. Bizə elə oyunçular lazımdır ki, Azərbaycan futbolunun Avropadakı nümunələrinə çevrilsinlər. Elə isə, gəlin belə sürətli, ağıllı, texniki cəhətdən bacarıqlı oyunçular tərbiyə edək.

- Tezliklə sizi Fransa və İsveçrəyə qarşı 2 qrup oyunu gözləyir. İstərdim ki, müsahibəni məhz bu oyunlarls bağlı söhbətlə bitirim. Favoritlərə qarşı oyunlardan nə gözləyə bilərik?

- İstərdim ki, Slovakiyaya qarşı oynadığımız oyundan pis çıxış etməyək. Bizi iki ən ağır, amma, eyni zamanda, ən maraqlı oyunlar gözləyir. Bu cür rəqiblərə qarşı oynamaq asandır, çünki bizdən heç nə gözlənilmir. Lakin biz yalnız öz oyunumuz haqqında düşünməliyik. Futbolçular güclü rəqiblərlə oyunlarda öz güclərini nümayiş etdirməlidirlər. Mənim bu cür yığmalara qarşı oynamaqdan xoşum gəlir. Nəticəyə nail olub-olmayacağımızı isə, final fitindən sonra öyrənə bilərik.

Teymur Maksutov

Paylaş:
1116

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər