ICAO Azərbaycanın mülki aviasiya sahəsində uğurlarını vurğulayıb – FOTO
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Rəyasət Heyəti (ICAO) aviasiya təhlükəsizliyinə nəzarət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycan mülki aviasiyasını təltif etmişdir.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, fəxri sertifikat ICAO-nun 75 illiyi və ICAO Assambleyasının Kanadanın Monreal şəhərində keçirilmiş 40-cı yubiley sessiyasına həsr edilmiş Dünya Forumu çərçivəsində təqdim edilmişdir. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov rəhbərlik etmişdir.
Assambleyaya ICAO-ya üzv olan 184 dövlət və 70 beynəlxalq təşkilatdan ümumilikdə 2600-dən çox iştirakçı qatılmışdır.
“Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan mülki aviasiyası çox böyük uğurlara imza atmışdır. Aviasiya təhlükəsizliyinin bizim üçün hər zaman prioritet məsələ olaraq qaldığını xüsusi vurğulamaq istəyirəm. ICAO tərəfindən verilən belə fəxri mükafatlar bu uğurların növbəti təsdiqidir”, - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.
"ICAO Şurasının bizim “Heç bir ölkə diqqətdən kənarda qalmayacaq” (No Country Left Behind) təşəbbüsümüz çərçivəsində təsis etdiyi mükafatlar vahid qlobal aviasiya şəbəkəmizi daha da təhlükəsiz edən ölkələrə daha çox diqqət ayırmaq üçün nəzərdə tutulmuşdur", - ICAO prezidenti Olumuiva Benard Aliu bildirmişdir.
ICAO Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olub, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilmişdir. Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür.
S.Xankişiyeva