KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir – FOTO
Oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci Zirvə Görüşü çərçivəsində Biznes Forum keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də Türkmənistan və Macarıstanın müvafiq dövlət və özəl qurumlarının səlahiyyətli rəsmiləri və iş adamları iştirak ediblər.
1news.az-a Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən xəbərə görə, biznes forumda çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların nəticəsində iqtisadiyyatda kiçik və orta sahibkarlıq subyektlərinin rolu artır, KOB-lar iqtisadi proseslərdə yaxından iştirak edirlər. KOBİA-nın fəaliyyəti barədə məlumat verən Orxan Məmmədov Agentliyin fəaliyyətində ən yaxşı müvafiq beynəlxalq təcrübənin tətbiqinə xüsusi diqqət yetirildiyini, bu baxımdan KOBİA-nın TDƏŞ-in üzv ölkələri ilə əməkdaşlığın yaradılmasında maraqlı olduğunu qeyd edib. Bildirilib ki, biznes forumda təmsil olunan ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin ümumi sayı 3000-dən artıqdır və bu birgə layihələrin reallaşdırılması üçün geniş imkanlar yaradır. Artıq KOBİA TDƏŞ-in bir sıra üzv dövlətləri ilə müvafiq əməkdaşlıq əlaqələri qurub. KOBİA 2015-ci ildə imzalanmış “Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının üzv ölkələrinin kiçik və orta sahibkarlıq üzrə məsul dövlət qurumları arasında Anlaşma Memorandumuna” qoşulub. Eyni zamanda Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə anlaşma memorandumları imzalayıb.
Biznes forum çərçivəsində KOBİA ilə Türkiyənin “Ziraat Bank Azərbaycan” ASC və “Türkiyə İhracat Bankası” (TurkEximbank) arasında əməkdaşlığa dair Niyyət Protokolu, eləcə də KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA), Türk Katılım Bankları Birliyi (TKBB) və Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında 3 anlaşma memorandumu imzalanıb. Sənədlər KOBİA ilə Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar yaradacaq, birgə səylər nəticəsində KOB-lar üçün qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi təmin olunacaqdır.
S.Xankişiyeva