Ən populyar smartfon modelləri məlum olub
ABŞ-ın "Apple" şirkətinin istehsalı olan "iPhone XR" smartfonu cari ilin üçüncü rübündə dünyada ən populyar model olub. Qiymətləndirmə üzrə məlumatlar "Counterpoint Research" beynəlxalq analitik şirkətinin saytında dərc edilib.
1news.az ictnews.az-a istinadən bildirir ki, şirkət mütəxəssislərinin sözlərinə görə, hesabat dövründə dünyada smartfon satışının ümumi həcminin 3 faizi "iPhone XR" modelinin payına düşüb. İkinci yerdə 2,6 faiz payla "Samsung Galaxy A10", üçüncüdə "Samsung Galaxy A50" (1,9 faiz) qərarlaşıb.
Sonrakı pillələrdə Çinin "Oppo" şirkətinin "A9" və "Apple" şirkətinin "iPhone 11" smartfonları yer alıb. Onların hər birinin payı 1,6 faizə bərabərdir.
"Counterpoint Research" analitikləri qeyd edib ki, "iPhone XR" smartfonları satış həcminə görə 2018-ci ilin dördüncü rübündən liderdir. Bu, "Apple" şirkətinin ən uğurlu qurğularındandır.
Qiymətləndirməyə görə, 2019-cu ilin üçüncü rübündə dünyada ümumi satış həcminin təqribən 17 faizi 10 ən populyar modelin payına düşüb. Onların sırasına, həmçinin Çinin "Xiaomi" və "Huawei" şirkətlərinin smartfonları daxildir.
1news.az