2020-ci ildə KOB inkişaf mərkəzləri fəaliyyətə başlayacaq – FOTO
2019-cu ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Bakıda və ölkə regionlarında mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 23 təlim, 9 onlayn maarifləndirmə tədbiri, 7 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib.
Biznesin inkişafı, maliyyə savadlılığının artırılması, korporativ idarəetmə, satış və marketinq, dövlət-özəl tərəfdaşlığı və s. mövzularda təşkil edilmiş tədbirlərdə 8 mindən çox KOB subyekti iştirak edib.
1news.az-ın verdiyi xəbərə görə, KOBİA yerli və xarici ekspertlərin də cəlb olunduğu maarifləndirici tədbirlərin keçirilməsində dövlət qurumları, beynəlxalq təşkilatlar, sahibkarlar assosiasiyaları və QHT-lərlə əməkdaşlıq edib, bu sahədə biznes tərəfdaşlığı platformasından istifadə olunub.
Tədbirlərdə nəzəri məlumatlandırma ilə yanaşı, sahibkarlara müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış sahibkarlar təcrübələrini bölüşüblər.
Bundan başqa, 2019-cu ildə Azərbaycan tərəfindən KOBİA-nın, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 38 sahibkar və menecer Almaniyada ixtisasartırma və müəssisələrdə təcrübə keçib. Ümumilikdə isə, indiyədək proqramdan 422 sahibkar və menecer yararlanıb. Bu il 40-a yaxın sahibkar və menecer Almaniyada ixtisartırma kursu keçəcəkdir.
2020-ci ildə sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən onlayn təlim platformasının istifadəyə verilməsi, kiçik və orta biznesin inkişafı mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.
S.Xankişiyeva