İslahatların davam etdirilməsi iqtisadi artımı daha da sürətləndirəcək - EKSPERTLƏR
“Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur”.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib. Dünya Bankının Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına saldığını diqqətə çatdıran dövlət başçısı bildirib ki, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir:
“Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.
Prezident İlham Əliyev keçən il iqtisadi sahədə əldə edilmiş nəticələrin qənaətbəxş olduğunu vurğulamaqla yanaşı, iqtisadi sahədə əldə edilən artımın bundan sonra da dayanıqlı olacağına əminliyini ifadə edib:
“Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mövzu ilə bağlı 1news.az-a müsahibəsində 2019-cu ilin iqtisadi yekunlarını ümumi olaraq necə qiymətləndirərkən hazırda Azərbaycanın dünyanın ən islahatçı və sabit ölkələri arasında yer almasına diqqət çəkib:
“Ölkənin 51 milyard ABŞ dolları olan strateji valyuta ehtiyatları ÜDM-in 110 faizini təşkil etdiyi halda, xarici borcumuz ÜDM-in 17 faizinə bərabərdi. Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalımızı maliyyələşdirməyə kifayət edir. Həm tədiyyə, həm də icmal büdcə balansında profisit makroiqtisadi sabitliyimiz və davamlı inkişafımız üçün əsasdır. 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş ildə rekord həddə 2,2 faiz artıb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. İqtisadi artımın drayverləri qeyri-neft sənayesi 14 faiz, bitkiçilik 10 faizdən artıq, informasiya və rabitə xidmətləri 15 faizdən artıq, turizm 11 faizdən artıq böyüyüb. Təkcə turizmdən əldə olunan gəlir 4,3 milyard manata çatmaqla qeyri-neft əmtəə ixracından 35 faiz çoxdur. 2019-cu ildə Azərbaycanda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışının ölkə iqtisadiyyatına təsiri 309 milyon dollar olub”.
V.Qasımlı biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artımın sürətləndiyini qeyd edib:
“Azərbaycan sosial rifah dövlətinə çevrilib. Çünki iqtisadiyyatın və büdcənin artan imkanları əhalinin rifahının yaxşılaşmasına yönəlib. Azərbaycan əvvəlcə BMT-nin Minilliyin İnkişafı, indi isə Dayanıqlı inkişaf məqsədlərinə uğurla nail olur. 2019-cu ildə həyata keçirilən sosial paket 4,2 milyon nəfəri əhatə edib, bu məqsədlə 2,3 milyard manat sərf edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da birbaşa iştirakı ilə həyata keçirilən sosial islahatlar Azərbaycan dövlətinin fövqündə vətəndaşımızın dayandığını bir daha təsdiqləyir”.
Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səslənən fikirlərə münasibət bildirən iqtisadçı ekspert Pərviz Heydərov 1news.az-a açıqlamasında 2019-cu ilin bir çox xüsusiyyətləri ilə fərqli bir il olduğunu söyləyib:
“Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bu günə qədərki tarixə nəzər saldıqda görərik ki, 2019-cu il bir çox xüsusiyyətləri ilə fərqli bir il olub. Keçən il əvvəlki illərə nisbətən daha çox islahatın həyata keçirildiyinin şahidi olduq. Xüsusən də sosial sahədə. Aparılmış islahatlar iki çox geniş sosial paketi həyata keçirməyə imkan yaratdı. Hər iki paket 4,2 milyon insanın sosial müdafiəsinin gücləndirilməsi baxımından çox mühüm əhəmiyyətə malik olub.
Həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmayıb. Bir il ərzində minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artdı.
Daha mühüm bir göstərici ondan ibarətdir ki, ölkəmiz müstəqillik əldə edəndən sonra ilk dəfə olaraq minimum əmək haqqı göstəricisi ölkə üzrə müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi.
2019-cu ildə ən mühüm uğurlarımızdan biri də qeyri-neft sektorunda ixracımızın xeyli artması, eyni zamanda qeyri-neft sektorunun, xüsusən də onun mühüm qolu olan kənd təsərrüfatının inkişafı oldu”.
Kölgə iqtisadiyyatına qarşı görülən tədbirlərə diqqət çəkən iqtisadçı ekspertin sözlərinə görə, bu tədbirlər nəticəsində dövlət büdcəsinə daxil edilən əlavə vəsait sosial sahədə aparılan islahatları daha uğurla davam etdirməyə imkan verir:
“Kölgə iqtisadiyyatına qarşı görülən tədbirlər nəticəsində dövlət büdcəsinə vergi və gömrük xətti ilə proqnozlaşdırılan məbləğdən 1 milyard manatdan artıq vəsait daxil oldu. Bu o deməkdir ki, bu vəsait dövriyyədə olsa da büdcədən yayındırılıb. Bu onu deməyə əsas verir ki, büdcədən yayındırılan vəsaitin həcmi bu rəqəmdən dəfələrlə çoxdur.
Məlum olduğu kimi, 2019-cu ilin əvvəlində Vergi Məcəlləsinə 300-ə yaxın dəyişiklik edildi və bu dəyişikliklər də 1 milyard manatdan artıq vəsaitin dövlət büdcəsinə daxil edilməsinə imkan verdi. Prezidentin də qeyd etdiyi kimi, bu vəsait sosial sahədə aparılan islahatları daha uğurla davam etdirməyə imkan verir”.
P.Heydərov 2020-ci illə bağlı proqnozlarını da açıqlayıb. 2020-ci ilin büdcəsinin Azərbaycanın müstəqillik tarixində ən iri büdcə olmasına diqqət çəkən ekspert 2020-ci illlə bağlı təhlillər apardıqda ciddi narahatlığa əsas görmədiyini, islahatların davam etdiriləcəyini bildirib:
“Məlum olduğu kimi, Azərbaycanın makroiqtisadi sabitliyi neftin dünya bazarındakı qiymətindən asılıdır. Yəni sabah 2014, 2015 və 2016-cı illərdə olduğu kimi tendensiya başlayarsa, Azərbaycanın makroiqtisadi təhlükəsizliyi üçün müəyyən risklər ortaya çıxacaq. Çünki məlum olduğu kimi, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin böyük bir hissəsi neft və neft məhsullarının satışından əldə olunan gəlirlərdən formalaşır. Lakin 2020-ci illlə bağlı təhlillər apardıqda ciddi narahatlığa əsas görmürəm. İqtisadi artım bu il də davam edəcək.
Müşahidələrim onu deməyə əsas verir ki, dünya bazarların neftin qiyməti ilə bağlı Azərbaycana təhlükə yarada biləcək hər hansı bir tendensiya müşahidə olunmur. Bunun bir səbəbi odur ki, hazırda neftin qiyməti sabitdir, ucuzlaşmağa deyil, əksinə, dünyada gedən siyasi proseslər səbəbilə bahalaşmağa meyl edir. Digər tərəfdən məlum olduğu kimi, keçən il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülmüşdüsə, bu il bu rəqəm 55 dollar götürülüb. Bu da bizə neftin qiymətində baş verən dəyişiklərlə bağlı kənardan yarana biləcək risklərdən sığortalanmağa, eyni zamanda ölkə daxilində valyuta bazarında sabitliyi qoruyub saxlamağa, sosial sahədə aparılan islahatları davam etdirməyə, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirməyə imkan verəcək. Bundan başqa qeyri-neft sektorunda cüzi də olsa inkişafın davam edəcəyi, inflyasiyanın aşağı səviyyədə olacağı, əhalinin gəlirlərinin artacağı gözlənilir”.
Babək Cahandarov