Çindən 10 Azərbaycan və 35 Türkiyə vətəndaşı təxliyə ediləcək

Çindən 10 Azərbaycan və 35 Türkiyə vətəndaşı təxliyə ediləcək.
1news.az bildirir ki, bu barədə Trend Türikyənin Milli Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, təxliyə edildikdən sonra Azərbaycan və Türkiyə vətəndaşları Türkiyə ərazisində 14 gün karantin şəraitində saxlanılacaqlar.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin koronavirusla bağlı sualını cavablandırarkən deyib ki, Çindəki Azərbaycan vətəndaşlarını Türkiyə təxliyə edəcək.
"Səhiyyə nazirimizin bu məsələdə açıqlaması belədir ki, bizdə hələki hər hansı təhlükə yoxdur. Amma Çində 25-ə qədər Türkiyə, 10-a qədər də Azərbaycan vətəndaşı var. Onlar geri qayıtmaq istəyirlər. Tədbirlərinizi alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə götürərək Türkiyəyə gətirək" - deyə Ərdoğan bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan tərəfinin istəyi ilə Çində yaşayan azərbaycanlılar Türkiyə vətəndaşları ilə birgə təxliyə ediləcək:
"Ölkə onlar üçün təyyarə göndərməyi planlayır. Bizdə olan məlumata görə, orada yaşayan 6-7 nəfər Azərbaycan vətəndaşı da türkiyəlilərlə birgə təyyarə ilə Türkiyəyə gətiriləcək və lazım olan tədbirlər görüləcək".
1news.az