İordaniya səfiri: AZƏRTAC və Petra agentliyi arasında əlaqələrin yeni müstəviyə keçməsini dəstəkləməyə hazırıq | 1news.az | Xəbərlər
Cəmiyyət

İordaniya səfiri: AZƏRTAC və Petra agentliyi arasında əlaqələrin yeni müstəviyə keçməsini dəstəkləməyə hazırıq

19:33 - 04 / 02 / 2020
İordaniya səfiri: AZƏRTAC və Petra agentliyi arasında əlaqələrin yeni müstəviyə keçməsini dəstəkləməyə hazırıq

AZƏRTAC ilə İordaniyanın Petra informasiya agentliyi arasında tərəfdaşlığın yeni müstəviyə keçməsi informasiya və təcrübə mübadiləsini gücləndirə bilər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Ğoşehin görüşündə iki ölkə arasındakı əlaqələrdən danışılıb, informasiya sahəsində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüşdə qeyd edilib ki, Azərbaycan və İordaniya arasında əlaqələrin əsası ulu öndər Heydər Əliyev və Kral Hüseyn ibn Təlal tərəfindən qoyulub. “Dövlət başçıları Prezident İlham Əliyev və Kral II Abdullah ibn Al Hüseyn əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə böyük önəm verirlər. İnformasiya sahəsində də əlaqələr möhkəmlənir. AZƏRTAC və Petra 2007-ci ildə tərəfdaşlıq müqaviləsi imzalayıb. Agentliklər ikitərəfli qaydada və beynəlxalq informasiya təşkilatlarında sıx əməkdaşlıq edir. Belə qurumlardan biri də AZƏRTAC-ın Şura üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyidir (UNA). İnformasiya texnologiyalarının hazırkı sürətli inkişafını nəzərə alaraq agentliklərimiz müasir dövrün tələblərinə cavab verən daha yeni müqavilə imzalaya bilər”, - deyə Aslan Aslanov vurğulayıb.

Təkcə Azərbaycanda deyil, dünyada baş verənlərlə bağlı məlumatları AZƏRTAC-dan aldığını deyən Sami Ğoşeh agentliyin xəbərlərinin dəqiqliyi və səlisliyi ilə seçildiyini qeyd edib. “Petra agentliyi ilə əlaqələrin yeni müstəviyə keçməsinə dəstək verməyə hazırıq. AZƏRTAC-ın əməkdaşları İordaniyanı, Petra-nın jurnalistləri isə Azərbaycanı ziyarət edərək maraqlı reportajlar hazırlaya bilərlər. Təcrübə mübadiləsi hər iki tərəf üçün səmərəli olar”, - deyə diplomat bildirib.

Görüşdə səfirə AZƏRTAC-ın informasiya, video və foto xidmətləri barədə məlumat verilib, səfirliyin fəaliyyətinin işıqlandırılması, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
627

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər