“Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər

“Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı müsabiqə bitəndən sonra 1 il ərzində mütləq təhsilə xərclənməlidir. Bundan əlavə, müsabiqənin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və İdman nazirinin müavini, müsabiqənin işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.
Fərhad Hacıyev deyib: “Müsabiqənin qaliblərinin adları kadr bankına daxil ediləcək. Həmin şəxslərin hansı müddətdə kadr bankında qalacağına gəlincə isə deyə bilərəm ki, onların burada uzun müddət qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, həmin şəxslər qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, hətta finala çıxacaq namizədlərlə də işləmək niyyətindədir. Müsabiqənin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər. Biz bu barədə Dövlət İmtahan Mərkəzi ilə razılıq əldə etmişik. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”.
S.Xankişiyeva