Keyfiyyətli futbol topunu necə seçək? – VİDEO
Futbol oynamaq üçün keyfiyyətli top axtarırsınız? Elə isə sizi orijinal və keyfiyyətli idman mallarının məkanı olan “Go Sport”a dəvət edirik. Burada mağaza əməkdaşlarının köməyi ilə arzuladığınız futbol topunu asanlıqla tapacağınıza şübhəniz olmasın.
Təqdim etdiyimiz məqalə də məhz futbol toplarına həsr olunub. Bu məqalədə siz “Futbol topları hansı materiallardan hazırlanır və hansı ölçülərdə olur?”, “Düzgün futbol topunu necə seçmək lazımdır?”, “Əsas futbol topu istehsalçıları hansı şirkətlərdir?” kimi suallara asanlıqla cavab tapa biləcəksiniz.
“Go Sport”un menecer köməkçisi Anar Əzimovun sözlərinə görə, top alarkən önəmli olan onu düzgün seçməkdir: “Düzgün topdan istifadə etmədikdə bu oyunun gedişatına mane olacaq. Buna görə də ancaq keyfiyyətli futbol toplarını almağı məsləhət görürük. Mağazamızda çox böyük seçim imkanı var. Burada “Adidas”, “Nike” kimi brendlərin məhsulları satılır”.
Topların ölçüsü barədə məlumat verən menecer köməkçisi bildirib ki, toplar 5 ölçüdə olur. 5 ölçülü topun çəkisi ümumi standartlara uyğun olaraq 420-450 qram, dairəvi uzunluğu isə 68-70 sm arasında olur. 4 ölçülü topun çəkisi 375-385 qram, dairəvi uzunluğu isə 63-66 sm arasında olur. 3 ölçülü topun çəkisi 320-340 qram, dairəvi uzunluğu isə 62-64 sm arasında olur. 2 nömrəli top artıq istifadə olunmur. 1 nömrəli topun çəkisi 180-220 qram, dairəvi uzunluğu isə 48-50 sm arasında olur.
A.Əzimov uşaqlarına top almaq istəyən valideynlərə bəzi məsləhətlər də verib:
“Valideynlər top alarkən uşaqlarının yaşına uyğun olan topu seçməlidirlər. 8 yaşa qədər olan uşaqlar üçün 3 və 4 ölçülü topları almaq məqsədəuyğundur. 12 yaşdan yuxarı uşaqlar üçün isə 5 nömrəli topa üstünlük verilməlidir”.
A.Əzimov bildirib ki, peşəkar futbolçuların oynadıqları böyük meydanda əsasən 5 nömrəli, süni örtüklü mini meydançada daha çox 4 nömrəli, parketdə oynayan zaman isə əsasən 3 nömrəli topdan istifadə olunur. Parket örtükdə istifadə olunan topun həm çəkisi ağır olur, həm də tullanma qabiliyyəti demək olar ki, olmur. 1 nömrəli toplar isə yalnız suvenir üçün nəzərdə tutulub.
A.Əzimov topların poliuretan, termopoliuretan, polivinilxlorid, rezin və dəridən hazırlandığını da diqqətə çatdırıb:
“Ən keyfiyyətli və peşəkar futbolda ən çox istifadə olunan toplar “Official match ball” toplarıdır. Peşəkar komandaların məşqləri üçünsə “Competition matc ball replica” toplarından istifadə olunur. “Adidas”ın “Training match ball replica” topları yarımpeşəkar komandalar və oyunlar üçün nəzərdə tutulub. “Capitano match ball replica” topları isə həvəskarlar və futbol oynamağa yeni başlayanlar üçündür”.
A.Əzimov dünyada ən çox istifadə edilən topları istehsal edən şirkətin adını da açıqlayıb:
“Dünyada daha çox “Adidas” şirkətinin istehsal etdiyi toplara üstünlük verilir. 1963-cü ildən başlayaraq futbol üzrə dünya çempionatlarında, eyni zamanda UEFA Çempionlar Liqasında da “Adidas” şirkətinin toplarından istifadə olunur. İngiltərə Premyer Liqasında “Nike”, İspaniya La Liqasında “Puma”, Almaniya Bundesliqasında isə “Select” şirkətinin istehsal etdiyi toplardan istifadə olunur”.
A.Əzimov top almaq istəyənlərə FİFA-nın standartlarına uyğun olan “FİFA Quality pro” loqotipli toplara üstünlük vermələrini də məsləhət görüb.
Tanınmış futbolçu, MFL-də çıxış edən “Squadra” komandasının üzvü Ramal Hüseynovun sözlərinə görə, futbol oynayan zaman topun hansı ölçüdə olması böyük əhəmiyyət kəsb edir. Belə ki, əksər futbolçular yeni ölçülü topa uyğunlaşmaqda çətinlik çəkirlər.
Materiala gəlincə, Ramal dəridən olan orijinal toplara üstünlük verdiyini söyləyib: “Orijinal topa külək təsir eləmir, həm də istədiyin pası verə bilirsən. Orijinal topla qapıya zərbə vuranda belə zərbəni hiss edə bilirsən”.
“Squadra” komandasının digər üzvü Orxan Ağayev isə hesab edir ki, top çox yüngül olmamalıdır. Onun sözlərinə görə, top ağır olduqda onunla rəftar etmək daha asan olur, ayaqdan qaçmır. Yüngül topla isə qapını dəqiq nişan almaq çətin olur, əksər zərbələr hədəfdən yayınır.
“Muğanbank” komandasının oyunçusu Ramil Əhmədov da çox yumşaq olmayan, ağır topla oynamağa üstünlük verir:
“Artıq uzun müddətdir ki, davamlı olaraq futbol oynadığımızdan ağır topla oynamağa öyrəşmişik. Az futbol oynayan, ayaq əzələləri zəif olanlar isə ağır topla oynayan zaman müəyyən problemlər yaşaya bilərlər”.
Top alarkən daha çox onun tikilişinə və dəridən olmasına diqqət yetirdiyini deyən R.Əhmədov keyfiyyətli top almaq istəyənlərə “Nike”, “Adidas” kimi dünyaca məşhur şirkətlərin məhsullarını almağı tövsiyə edib.
1news.az