MFL-dən vacib qərar: turnirlər təxirə salınır
MFL-də iştirak edənlərin nəzərinə!
Məlum olduğu kimi, martın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargahdan verilən məlumata görə, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar 14 mart 2020-ci il saat 00:00-dan etibarən bir ay müddətində kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin təxirə salınması, artıq təyin olunmuş tədbirlərin tarixinin dəyişdirilməsi qərara alınıb.
MFL rəhbərliyi Operativ Qərargahın sözügedən qərarını nəzərə alaraq təşkil etdiyi bütün turnirlərin qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul edib.
Hər hansı yeni qərar qəbul olunacağı təqdirdə MFL tərəfindən bu barədə turnir iştirakçılarına məlumat veriləcək.
1news.az