“Sizin yorulmaz fəaliyyətiniz sayəsində xalqımız bu çətin günlərdən də üzüağ çıxacaq” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Rəsmi

“Sizin yorulmaz fəaliyyətiniz sayəsində xalqımız bu çətin günlərdən də üzüağ çıxacaq” – Prezidentə məktub

10:20 - 16 / 04 / 2020
“Sizin yorulmaz fəaliyyətiniz sayəsində xalqımız bu çətin günlərdən də üzüağ çıxacaq” – Prezidentə məktub

Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımlar, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlar tərəfindən dövlətimizin başçısının xalqa diqqət və qayğısının əyani göstəricisi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları məhz Prezident İlham Əliyevin gördüyü mühüm işlər nəticəsində xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklərini bildirir, göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq edirlər.

Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edirik.

Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov İsveçrə Konfederasiyasının Lozanna şəhərindən yazır: “Hörmətli cənab Prezident, hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə görülən operativ işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bütün idman növlərində olduğu kimi, Sizin daimi diqqət və qayğınızı hiss edən Azərbaycan gimnastları məşqlərini dayandıraraq xüsusi karantin rejiminin qaydalarına riayət etməkdədirlər. Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxsin ruhdan düşməməsi və müsbət düşünməsi sayənizdə gələcəyə inamla baxmasından qaynaqlanır. Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də yaradılan şərait paytaxtımızda keçirilən gimnastika növləri üzrə mötəbər beynəlxalq yarışlarda iştirak edən nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası tərəfindən fevral ayında təşkil olunmuş batut gimnastikası üzrə dünya kubokunda artıq ölkəmizin koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər görməsi böyük təqdirlə qarşılanmışdı. Mart ayında isə Operativ Qərargahın kütləvi tədbirlərin təxirə salınması qərarına müvafiq olaraq idman gimnastikası üzrə dünya kubokunun final mərhələləri ləğv olundu. Bir sıra ölkələr tərəfindən sərhədlərin bağlandığı bir vaxtda bütün iştirakçıların müvafiq dövlət strukturlarının dəstəyi sayəsində yola salınmasından sonra nümayəndə heyətlərinin rəhbərləri ölkəmizə xüsusi təşəkkürlərini bildirdilər. Avropanın gimnastika federasiyalarının mövcud olduğu 50 ölkəsində koronavirusa qarşı mübarizə aparılır. Bu ölkələr arasında hələ qlobal pandemiya elan olunmamışdan əvvəl Sizin rəhbərliyinizlə Azərbaycan koronavirusa həssas yanaşması ilə seçilirdi. Hazırkı vəziyyətlə əlaqədar bütün dünyada olduğu kimi, aprel və may aylarında Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya kuboku, aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları və dünya çempionatının, o cümlədən kişi idman gimnastikası üzrə Avropa çempionatının keçirilməsi təxirə salınıb. Əminəm ki, COVID-19-un Azərbaycanda geniş yayılmasının qarşısını alınması üçün gördüyünüz bütün bu tədbirlər nəticəsində ölkəmiz qlobal pandemiya sınağından layiqincə çıxacaq, idmançılarımız məşqlərini bərpa edəcək və təxirə salınmış idman tədbirlərinə ölkəmiz yeni tarixlərdə yüksək səviyyədə ev sahibliyi edəcək”.

Daşkəsən rayonunun Bayan kəndinin sakinləri Firdovsi Rəcəbov, Bayraməli Orucov və Sakit Əhmədov yazırlar: “Möhtərəm cənab Prezident, yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyiniz dəstəyi hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik. Sizin təşəbbüsünüzlə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı. Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk”.

Bakı şəhərinin Xətai rayonunun sakini Hüseyn Hüseynov: Zati-aliləri, möhtərəm cənab Prezident, mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir. Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcək. Sizə müraciət etməyimizin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikanın vətəndaşları kimi həmişə yanınızda olduğumuzu bəyan etmək, bundan qürur və şərəf duyduğumuzu bildirməkdir. Tanrı Sizi və dövlətimizi qorusun!”.

Bakı şəhərinin Suraxanı rayonunun sakinləri Sədaqət Manafova, İsmayıl Caniyev, Şahin Qəzənfərov, Rövşən Cabbarov, Zaur Məmmədovxanov və Validə Abdullayeva yazırlar: Hörmətli cənab Prezident, son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Suraxanı rayonundan da yan keçməyib. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların icrası ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib. İlin əvvəlindən Yeni Suraxanı qəsəbəsində bir neçə küçə və yaşayış məntəqəsində daxili yollara asfalt örtüyün çəkilməsi bütün qəsəbə sakinlərini çox sevindirdi. Bundan sonra insanlar və avtomobillər bu yollarla daha rahat hərəkət edəcək. Bütün hallarda insanların rahatlığını düşünərək onların qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!”.

Bakı şəhərinin Nəsimi rayonunun sakini Zinyət Əhmədova: “Möhtərəm Prezident, hazırda Planetin 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri diqqətlə izləməyinizin və nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan ölüm hallarının sayına görə son pillələrdədir. Xəstəliyə yoluxan insanların Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğınız sayəsində bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılıq etmələri bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətinizlə biz bu xəstəlikdən tezliklə xilas olacağıq. Siz hər zaman vətəndaşın yanında olub onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun!”.

Göyçay rayonunun Çayarxı kəndinin sakini Nəriman Paşayev: “Hörmətli cənab Prezident, Siz istirahət etmədən xalqımızın qayğısına qalırsınız. Buna görə Sizə Göyçay rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Bir çox ölkələrdən fərqli olaraq koronavirus epidemiyasının ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi öz nəticəsini verdi. Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Allahın izni ilə bu bəla tezliklə çəkilib gedəcək, respublikamız daha da inkişaf edəcək. Buna görə də xalq daim Sizin arxanızdadır. Bizim seçimimiz və gələcəyimiz Sizinlə bağlıdır. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.

Bərdə rayonunun Şorəlli kəndində yaşayan Qarabağ müharibəsi veteranı, Ağdərə rayonundan məcburi köçkün Nazim Paşayev: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən pandemiya ilə əlaqədar Sizin vaxtında gördüyünüz tədbirlər və verdiyiniz tapşırıqlar sayəsində ölkəmizdə epidemiyanın qarşısının alınmasına nail olundu. Keçmiş döyüşçü olaraq mən Sizi dövlətimizin həm Prezidenti, həm generalı, həm də sərhəddə, səngərdə məğrur dayanan bir əsgəri adlandırardım. Allah köməyiniz olsun. Sizin Azərbaycan xalqına göstərdiyiniz ata, qardaş qayğısı tarixboyu xatırlanacaq. Var olun, cənab Prezident! Biz döyüşdük, amma torpaqlarımızı, xalqımızı layiqincə qoruya bilmədik. Ancaq Siz xalqımızı böyük bəladan qorudunuz və qoruyursunuz. İnşallah, Allahın köməyi ilə Sizin sayənizdə biz bu bəladan üzüağ və minimum itki ilə çıxacağıq. Sizə uğurlar arzulayıram”.

Naftalan şəhərinin sakini Afiq Muradov: “Möhtərəm cənab Prezident, bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir. Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılır. Sizin qətiyyətli tapşırıqlarınız nəticəsində bu virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Hazırlanmış sosial-iqtisadi paketlər, həkimlərimizi ilk gündən diqqət mərkəzində saxlamanız bizim gələcəyə ümidimizi daha da artırır. Ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür. Biz həkimlər əminik ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan minimum zərərlə qurtulacağıq. Sizə və ailənizə cansağlığı arzulayıram. Allah Sizi, dövlətimizi, xalqımızı qorusun!”.

Quba rayonunun sakini Tehran Əmiraslanov: “Hörmətli cənab Prezident, hazırda dünya gözəgörünməz bir virusla böyük mübarizə aparır. Bu pandemiya ölkəmizdən də yan keçmədi. Bu arzuolunmaz “qonaq” əlbəttə ki, bir gün bizləri tərk edəcək. Sizin sözlərinizlə desək, bu çətinlikdən də ən az zərərlə qurtulmaq lazımdır. Sizin təxirəsalınmaz tapşırıqlarınız və ciddi nəzarətiniz ilə ölkəmizdə böyük tədbirlər görüldü və görülməkdədir. Əhaliyə göstərilən diqqət ölkənin hər yerini - bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir. Bu proseslər biz vətəndaşların gözü önündə baş verir və buna görə də Sizə təşəkkür edirik. Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərdiyiniz yardım təqdirəlayiqdir. Buna görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Rayonumuzun sahibkarları, o cümlədən mən Sizlərin sahibkarlara göstərdiyiniz yardımlardan yararlandıq. Sizə bir daha minnətdarlığımı bildirirəm”.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər