“Çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz” – Prezidentə məktub

Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımlar, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlar tərəfindən dövlətimizin başçısının xalqa diqqət və qayğısının əyani göstəricisi kimi qiymətləndirilir.
Azərbaycan vətəndaşları məhz Prezident İlham Əliyevin gördüyü mühüm işlər nəticəsində xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklərini bildirir, göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq edirlər.
Prezidentin rəsmi saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edirik.
Salyan rayonunun Kürqaraqaşlı kəndindən Turanə Abbasova, Mirzağa Vəliyev və Füruzə Həsənova yazırlar: “Hörmətli cənab Prezident, Sizin tərəfinizdən koronovirus pandemiyası ilə bağlı görülən bütün tədbirlər, xüsusən bu günlərdə daha çox zəhmət çəkən, fəaliyyət göstərən tibb işçilərinin maaşlarının artırılması bir daha dövlətin hər bir vətəndaşın əməyini vaxtında qiymətləndirməsinin bariz nümunəsidir. Bu bəla bir çox ölkələrdə böyük problemlərə səbəb oldu. Amma Sizin qabaqlayıcı tədbirləri həyata keçirməniz və bu işlərə şəxsən nəzarət etməniz Azərbaycan xalqının heç bir sahədə çətinlik çəkməsinə imkan vermədi. Çəkdiyiniz bütün zəhmətlərə görə Sizə təşəkkür edirik. Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz. Cənab Prezident, əminik ki, xalqımız Sizinlə bu çətinliklərin öhdəsindən gələcək, hazırkı narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən rəhbərliyiniz altında öz axarına düşəcəkdir”.
Astara rayonunun Təngərud kəndindən Fərasət Davudov isə məktubunda yazır: “Möhtərəm cənab Prezident, bu çətin günlərdə qəbul etdiyiniz düzgün qərarlara görə Sizə “Çox sağ olun!” deyir, Sizinlə fəxr etdiyimi bildirəm. Sərhədlərin vaxtında bağlanması, ölkəyə girişin məhdudlaşdırılması itkilərimizi minimuma endirdi. Sahibkarlara dəyən ziyana görə kompensasiyaların verilməsi özəl sektora böyük dəstək oldu. Bu barədə qərarlarınızı alqışlayırıq. İşi olmayan şəxslərə göstərilən maddi dəstək, aztəminatlı ailələrə verilən ərzaq yardımları isə heç kəsin diqqətdən kənarda qalmadığını göstərir. Xalqımız üçün gördüyünüz işlərə görə çox sağ olun. Allah Sizdən razı olsun”.
Mingəçevir şəhərindən Nəriman İsmayılov yazır: “Hörmətli cənab Prezident, ölkə vətəndaşlarının sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz tədbirləri izlədikcə Sizə olan rəğbətimiz və sevgimiz daha da artır. Koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Sizin çağırışınıza böyük məsuliyyətlə yanaşaraq ölkə vətəndaşları virus təhlükəsinə qarşı həmrəylik nümayiş etdirirlər. Cənab Prezident, inanırıq ki, görülən işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan mümkün qədər az itkilərlə qurtula biləcəyik. Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını birliyə və həmrəyliyə çağırırıq. Tarixin min bir ağrı-acısına tab gətirən Azərbaycan xalqının koronavirusla mübarizədən də alnıaçıq və minimum itki ilə çıxacağına əminik. Biz birlikdə güclüyük!”.
Lerik rayonunun sakini Möhlət İbayev yazır: “Hörmətli cənab Prezident, bütün dünyada olduğu kimi, ölkəmizdə də yayılan COVID-19 pandemiyasına qarşı apardığınız qətiyyətli mübarizəni alqışlayırıq. Bu virusla mübarizə bir daha göstərir ki, Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Xalqımızın sağlamlığı Sizin üçün hər şeydən üstüdür.
Ölkəmizdə virusa qarşı aparılan qətiyyətli mübarizəyə görə şəxsən öz adımdan və Lerik əhalisi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz hər zaman Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük! Tanrı Sizi qorusun!”.
Qəbələ rayonunun Mıxlıqovaq kəndindən Aqil Əzizov yazır: “Əziz Prezidentimiz, mən bir gənc olaraq dünyada və Azərbaycanda gedən prosesləri izləyirəm. Bir vətəndaş kimi bütün bu prosesləri təhlil edir, xalqımıza göstərilən əvəzsiz xidmətlərinizi yüksək qiymətləndirirəm. Hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərin və ahılların yanında olmusunuz. Dünyanı bürümüş COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə verdiyiniz göstərişlər, görülən tədbirlər xalqımız tərəfindən alqışlanır. Bunlara görə Sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Siz və Mehriban xanım Əliyeva xalqımızın arxasında olduğunuz kimi, biz də Sizi dəstəkləyir və Sizə güvənirik. Ailəmiz adından Sizə minnətdaram. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz”.
Astara rayonunun Ərçivan qəsəbəsinin ziyalı və ağsaqqalları İqbal Quliyev, Məmməd Kərimov, Anar Vəliyev və Allahverdi Baxşiyev yazırlar: “Hörmətli cənab Prezident, bu günlərdə planetin bir çox inkişaf etmiş ölkələrində koronavirus pandemiyası səbəbindən çoxsaylı insan ölümünü və dünya iqtisadiyyatının böyük zərərlə üzləşdiyini görürük. Lakin respublikamızda Sizin müdrik rəhbərliyiniz, verdiyiniz sərəncamlar, vaxtında və ardıcıl görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində koronavirus bəlasının kütləvi yayılmasının qarşısı alınıb. Karantin müddətində vətəndaşlarımıza hər cür şərait yaradılaraq yüksək xidmət göstərilir, aztəminatlı ailələrə və işsizlərə yardımlar verilir, yaşı 65-dən yuxarı insanlara böyük diqqət və qayğı göstərilir. Həyata keçirdiyiniz bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.
YAP Xızı rayon Gənclər Birliyinin sədri İman Ağayev yazır: “Hörmətli cənab Prezident, ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı apardığınız uğurlu siyasətə və xalqımızı bu xəstəlikdən necə qoruduğunuza baxıb bu sözləri yazmaya bilməzdim. Siz həqiqətən də əsil Lider, xalqını düşünən Prezident və biz gənclərin sevimlisisiniz. Xüsusən yaşlı insanlara, ehtiyacı olan şəxslərə göstərilən qayğı və diqqət məhz Sizin gördüyünüz işlərin əyani təsdiqidir. Vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və rayonumuzun sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da qayğısını və dəstəyini hiss edirik. Möhtərəm cənab Prezident, biz gənclər Sizləri sevir və Sizlərlə qürur duyuruq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Əminəm ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacaq, gələcəyə daha inamlı addımlarla birlikdə irəliləyəcəyik”.
Ağcabədi rayonunun Hacıbədəlli kəndinin sakini Jalə Qurbanlı yazır: “Cənab Prezident, xalqa göstərdiyiniz böyük qayğıya görə Sizə təşəkkür edirəm. İşsiz kimi qeydiyyata alındığım üçün mənə 190 manat birdəfəlik ödəmə verildi. Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Xalqımız, dövlətimiz, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram. Allahdan bu bəlanın tezliklə Azərbaycanımızın və bütün dünyanın başı üzərindən çəkilməsini diləyirik”.
Naftalan şəhərindən Yaqub Ələsov, Elim Verdiyev və Dilqəm Bayramov yazırlar: “Əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus bəlasından xalqımızın xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir. Sizinlə qürur duyuruq. Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq Azərbaycanda iqtisadi böhranın yaşanmaması, hətta yeni sosial layihələrin icrası bir daha respublikamızın iqtisadi və maliyyə dayanıqlılığının sübutudur. Ölkəmizin hər yerində epidemiya ilə mübarizə yüksək səviyyədə təşkil edilir. Əhali hər gün bu istiqamətdə operativ olaraq məlumatlandırılır. Bizim şəhərimizdə də küçələr, çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerləri, ticarət obyektləri mütəmadi olaraq dezinfeksiya edilir. Bununla yanaşı, aztəminatlı ailələrə, tənha yaşayanlara tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir. Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Hər zaman olduğu kimi, bu çətin günlərdə də ətrafınızda sıx birləşərək, bütün işlərinizdə Sizə yaxından kömək etməyə hazırıq”.
Mingəçevir şəhərinin sakinləri İsmayıl İsmayılbəyli və Aidə İsmayılova yazırlar: “Hörmətli cənab Prezident, ölkə vətəndaşlarının sağlamlığını düşünərək əsl lider kimi koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz tədbirləri izlədikcə Sizə olan rəğbətimiz və sevgimiz daha da artır. Koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ilk ölkələrdən biri də Azərbaycandır. Sıx iş qrafikinizə baxmayaraq, hadisələrin gedişini izləyib dəqiq və düzgün təhlil edərək zamanında qəbul etdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyiniz ilə reallaşdırılan təxirəsalınmaz tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün böyük əhəmiyyət daşıyır. Cənab Prezident, əminik ki, görülən işlərin və xalqımızın Sizinlə həmrəylik nümayiş etdirməsi sayəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan minimum itkilərlə qurtulacağıq. Bu yolda bütün vətəndaşlarımızı birliyə və həmrəyliyə çağırırıq. Görülən bütün işlərə görə Sizə minnətdarıq”.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov ali təhsil ocağının kollektivi adından yazır: “Möhtərəm cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Sizin rəhbərliyiniz və şəxsi nəzarətiniz ilə həyata keçirilən ən səmərəli tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrini, vətəndaşlarımızın, xüsusilə aztəminatlı ailələrin, tələbələrin sosial müdafiəsini əhatə etməklə bütövlükdə iqtisadiyyatımızın dayanıqlılığının təmin edilməsinə, pandemiyanın təsirlərinin ən minimum səviyyəyə endirilməsinə yönəlib. "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim və tələbə heyəti tərəfindən çox yüksək qiymətləndirilir. Cənab Prezident, əminik ki, Sizin müdrik və uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun!”.
Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Çox hörmətli cənab Prezident, dünyanı çulğalamış yeni növ koronavirus pandemiyası ilə əlaqədar bütün bəşəriyyət böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli xəstəlikdən daha az itki ilə çıxmaq üçün öz qüvvələrini səfərbər ediblər. Lakin çox az sayda dövlət bu virusun yayıldığı ilk gündən başlayaraq məsələyə çevik reaksiya verdi. Bu ölkələrdən biri də Azərbaycandır. Sizin də bu məsələyə çevik reaksiya göstərərək ciddi tədbirlər görməyiniz, vaxtında verilən qərar və tapşırıqlarınız çox vacib və əhəmiyyətli addımlar oldu. Müstəqil Azərbaycanımızın gələcəyinə belə həssas mövqeyiniz sayəsində ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin vaxtilə söylədiyiniz "Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm" sözləriniz bu ağır və narahat günlərdə bir daha öz təsdiqini tapdı. Uşaqdan tutmuş böyüyə qədər hamı bir daha əmin oldu ki, bəli, onların güclü dövləti və nüfuzlu, xalqın dar günündə onun arxasında inamla dayanan Prezidenti var. Bütün bunlara görə qədim Şəkinin təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Azərbaycanımızı qorusun. Çox sağ olun”.
1news.az