“Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik” – Prezidentə məktub

18:50 - 22 / 04 / 2020
“Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından Abdul Oruclu:

“Möhtərəm cənab Prezident. İcazə verin, ailəmiz üçün ən çətin anlarda – atam, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çıxılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək.

Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək insani keyfiyyətlərə malik əsl lider olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük. Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq.

Tanrı Sizi qorusun, cənab Prezident”.

Zərdab rayonu, Qoruqbağı kəndindən Mustafa Mustafayev:

“Hörmətli cənab Prezident.

Mənim 80, həyat yoldaşımın isə 68 yaşı var. Karantin rejiminə əməl edərək evdən çıxmırıq. Təqaüd və müavinətlər alsaq da, heç bir maddi sıxıntımız olmasa da, bu günlərdə xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Tez-tez ərzaq yardımı, müxtəlif hədiyyələr alırıq.

Cənab Prezident, dövlətimizin qərarları bizim üçün qanundur. Allah tezliklə bu bəlanı ölkəmizin başının üstündən yox etsin. Sizin əməyiniz qarşısında baş əyir, xalqımızın bu zəhmətinizi heç vaxt unutmayacağına əminəm. Çünki bilirəm ki, bu əməyi, bu zəhməti unudan Allahı unudar. Allah Sizi Azərbaycan xalqına çox görməsin”.

Ələşrəf Niftiyev və Füzuli Abdullayev, Masallı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bəyan edirik.

Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən - koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz.

Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz, xalqımız da çağırışlarınıza, tövsiyələrinizə əməl edir. Çünki bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı bəyənir və tezliklə pandemiya üzərində qələbə çalacağımıza əminik”.

Orxan Vəliyev, Qaradağ, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən bir Azərbaycanlı gənc tələbə kimi bu məktubu yazmağı özümə borc bildim. Hər şeydən əvvəl onu bildirim ki, biz Azərbaycan gəncləri, eyni zamanda, bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyuruq. Biz hər zaman Sizin bütün qərarlarınızı dəstəkləyir və fəaliyyətimizdə onları rəhbər tutaraq addım atırıq. Biz bilirik ki, hər zaman bizim arxamızda Sizin kimi liderimiz dayanıb. Əminik ki, Sizin uğurlu və düşünülmüş siyasətiniz biz azərbaycanlılara bütün çətin sınaqlardan çıxmağa kömək edəcəkdir. Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Məlumdur ki, dünyanı cənginə almış yeni növ koronavirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi böyük liderimiz var. Dünyanın bir çox inkişaf etmiş ölkələri bu virusun qurbanına çevrilsə də deyə bilərik ki, Azərbaycan bu gün tale əhəmiyyətli sınaqdan uğurla çıxmaqdadır. Təbii ki, bu Sizin uzaqgörən siyasətinizin uğurlu nəticəsidir.

Cənab Prezident, Sizə, hər zaman xalqınızın yanında olduğunuz üçün, bütün gənclər adından təşəkkürümü bildirirəm. Var olun. Allah Sizi xalqımıza çox görməsin. Siz dünya liderlərinin arasında əvəzolunmazsınız və biz gənclərin idealısınız. Biz Sizinlə fəxr edirik”.

Famil Rəhimov, Zaqatala, Azərbaycan

“Əziz və hörmətli Prezidentimiz.

Hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərimizin yanında olmusunuz və hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini düşünürsünüz.

Sizin xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhvali-ruhiyyə yaradır. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz Zaqatala rayonunun gəncləri yekdilliklə dəstəkləyirik.

Tərəfinizdən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlərə, vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Bu gün biz inamla və fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin qurduğu, cənab Prezidentimizin inkişaf etdirdiyi qüdrətli və müstəqil Azərbaycanın vətəndaşıyıq. Zaqatala rayon gəncləri adından xalqımızın, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram”.

Zakir Bayramlı, Şabran, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz və təşkilatçılığınızla respublikamızda koronavirusla bağlı xüsusi karantin rejimi üzrə görülən tədbirləri alqışlayırıq. Sizin Sərəncamlarınız və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə bu qorxulu və dəhşətli pandemiyanın yayılması tempini xeyli aşağı salmaq mümkün olmuşdur. Karantin müddətində əhalinin normal yaşamasının və sosial rifahının təmin edilməsi üçün operativ və təxirəsalınmaz işlər həyata keçirilmişdir. Bütün bunlar Sizin baş verəcək hadisələri qabaqcadan görmək bacarığınızdan, çətin və qorxulu situasiyaları qiymətləndirmək səriştənizdən, siyasi çevikliyinizdən və xalqa olan dərin məhəbbətinizdən irəli gəlir. Bütün sanitar-gigenik tədbirlərin görülməsini, insanların hərəkətinin məhdudlaşdırılmasını, cərimələrin tətbiqini və s. respublikamızda koronavirusdan qorunmağın yeganə yolu kimi dəyərləndiririk. Var gücünüzlə, qəlbən respublika əhalisinin qorxunc bəladan qurtulmasına çalışdığınıza görə, hörmətli Prezident, Sizə öz minnətdarlığımızı bildiririk”.

Elmir Həsənov, Kürdəmir, Azərbaycan

“Əziz və dəyərli cənab Prezident.

Hal-hazırda bütün dünyanı hərəkətə gətirmiş yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün dünya böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli virus ilə əlaqədar var güclərini səfərbər ediblər. Lakin dünyada bəzi inkişaf etmiş dövlətlər belə bu cür təhlükənin qarşısını vaxtında almaq üçün zamanında ciddi yanaşmadılar və bunun nəticəsi kimi bu cür ölkələrdə böyük miqyasda insan tələfatı baş verir. Ancaq çox az sayda bu cür təhlükəli virusa qarşı çevik reaksiya verən dövlətlər oldu. Bu dövlətlərdən biri də və bəlkə də birincisi bizim Azərbaycandır. Bu çevik addımların atılmasında Sizin tapşırıqlarınız və rolunuz danılmazdır. Bizim Azərbaycan xalqı uzun illər boyu bundan da böyük çətinliklərə qalib gəlmiş dözümlü xalqdır və bu böyük xalqın sizin kimi böyük siyasətçisi var. Mən bir gənc, tələbə olaraq dünyada gedən prosesləri diqqətlə izləməyə çalışıram və Sizin hər zaman dərin mənalı çıxışlarınıza baxaraq bununla qürur duyuram. Allah hər zaman Sizi qorusun, Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram, cənab Prezident”.

Dünya Quliyeva və başqaları, Göygöl, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son zamanlar bütün dünyanı zəbt etmiş koronavirus pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu.

Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin televiziya kanallarında izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir.

Cənab Prezident, məlum vəziyyətlə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim sağlamlığımızın qorunması üçün atılmış addımlardır. “Evdə qal” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri heç nədən korluq çəkmədi. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik.

Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər”.

Yaqut Baxışova və Əliməmməd Qürbətov, Cəlilabad, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Son zamanlar bütün dünyanı cənginə alan koronavirus pandemiyasına yoluxmayan ölkə qalmayıb. Pandemiya bizi həyat tərzimizi dəyişməyə vadar etdi. Ölkəmizdə epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür.

Cənab Prezident, Siz dəfələrlə vəziyyətin çox ciddi olduğunu, hər birimizin həmrəylik və birlik nümayiş etdirdiyi təqdirdə bu yoluxmaya qalib gələcəyimizi vurğulamısınız. Biz həm də bu qələbəni güclü, qayğıkeş, qətiyyətli Prezidentimiz olduğuna görə qazana biləcəyik.

Cənab Prezident, Sizin bu gərgin anlarda necə gərgin iş rejimində işlədiyinizin şahidiyik. Vermiş olduğunuz hər bir tapşırıq vətəndaşların sağlamlığına xidmət edir.

Biz ahıllar “Evdə qal” aksiyasına qoşularaq karantin rejiminin qaydalarına riayət edirik. Karantin rejimində olmağımıza baxmayaraq, daim Sizin və dövlət qurumlarının diqqət mərkəzindəyik. Hər gün bizlərə qayğı göstərilir və tələbatlarımız ödənilir. Biz ahıllarda göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq”.

Kamil Mənsimov, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Neçə ildir ki, Azərbaycan öz torpaqlarını azad etmək, Vətənimizin bütövlüyünü təmin etmək uğrunda xain, təcavüzkar, mənfur bir ölkə ilə mübarizə aparır. Sizin rəhbərliyinizlə görülən bütün işlər Azərbaycanı qələbəyə yaxınlaşdırır.

Bir neçə aydan bəri isə ölkəmiz gözəgörünməz düşmənlə üz-üzə qalıb. Lakin Sizin qətiyyətiniz, yüksək təşkilatçılıq qabiliyyətiniz bu bəla üzərində də qələbəni qaçılmaz etdi. Sizin müdrik rəhbərliyinizlə hər iki cəbhədə minimum itkilərlə qələbə qazanacağımıza əminik.

Siz pandemiya ilə mübarizə üçün bütün imkanları səfərbər etdiniz. Dünyanın inkişaf etmiş ölkələrini diz üstündə çökdürən pandemiya Azərbaycan uğurla həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlər qarşısında təslim olaraq geri çəkilməyə başladı.

Biz hamımız inanırıq ki, Azərbaycanın gələcəyi Sizinlə daha da parlaq olacaqdır. Xalqımız Sizinlə qısa vaxtda bu bəlanın da öhdəsindən gələcəkdir”.

Süleyman Şahverdiyev, Sənani Əhmədov, Nüsrət Fərzəliyev, Mirzə Kərimov və Ədalət İbrahimov, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz.

Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq övladlarımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür.

Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin”.

Sevinc Mirzəyeva, Fərid Tanrıverdiyev və Ülviyyə Əliyeva, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə almış koronavirus Azərbaycandan da yan ötməyib. Ancaq Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması, onun miqyasının məhdudlaşdırılması istiqamətində çox mühüm addımlar atılıb.

Pandemiyaya qarşı kompleks mübarizə tədbirləri ilə yanaşı, bu bəlanın iqtisadi təsirlərinin azaldılması, xüsusilə azətminatlı ailələr tərəfindən onun fəsadlarının hiss olunmaması üçün dövlətimiz tərəfindən iqtisadi və sosial sahələrdə də mühüm təşəbbüslər irəli sürülüb.

Bir sözlə, dövlətimizin bütün imkanları epidemiyanın qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına yönəlib. Bu isə bir daha onu sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavanlığı dayanır.

Cənab Prezident, bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edirik”.

Olqa Nəsirova, Füzuli, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Koronavirus epidemiyasının respublikamızda yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Sizin və Mehriban xanım Əliyevanın virusun qarşısının alınması, insanlarımızın sağlam qalması üçün necə gərgin və əzmlə çalışdığınızı görürəm və bundan qürur duyuram.

Milliyyətcə rus olsam da, Azərbaycan Respublikasının vətəndaşıyam, cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Horadiz şəhərində yaşayıram. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, daim insanların yanında olduğunuzu görürəm.

Sizin tapşırığınızla karantin dövründə aztəminatlı ailələrə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Biz füzulililər hər zaman olduğu kimi, yenə də Sizin yanınızdayıq, Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin uzaqgörən və müdrik qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Allah Sizi və Mehriban xanımı qorusun”.

Pərviz Sabirli, Qəbələ, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlarınız, əzmkar mübarizəniz Vətənini sevən hər bir vətəndaş kimi, məni də qürurlandırdı.

Əziz Prezidentimiz, belə çətin bir dövrdə ölkə vətəndaşlarının qayğısına qalaraq və əhalinin sağlamlığını düşünərək atdığınız addımlara, o cümlədən sahibkarlara verilən dövlət dəstəyinə, vergi güzəştlərinə, əhalinin həssas təbəqəsinə edilən yardımlara görə sonsuz minnətdarlığımızı bildiririk.

Biz də apardığınız bu şərəfli mübarizədə Sizin ətrafınızda sıx birləşərək bu çətin sınaqdan ən az zərərlə çıxmaq üçün əlimizdən gələni edir, vətəndaşlıq mövqeyimizi nümayiş etdiririk.

Hörmətli cənab Prezident, ölkəmiz, xalqımız, dövlətçiliyimiz üçün əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirir, Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirik”.

Ceyhun Məmmədov, Füzuli, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı ağuşuna alan, hər gün minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resurslarını epidemiyanın təsirinin azaldılması üçün səfərbər edilməsini Füzuli rayonunun sakinləri də alqışlayırlar. Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyətiniz, müdrik və düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, hər zaman olduğu kimi, indi də insanların yanında olduğunuzu bilirik və Azərbaycan vətəndaşları olaraq bundan qürur duyuruq.

Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün böyük məbləğdə vəsait ayırmağınız, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb ocağının, tibbi maska və qoruyucu vasitələr istehsalı müəssisələrinin istifadəyə verilməsi, atdığınız bir çox digər addımlar xalqımızı sevməyinizin, ona xidmət etməyinizin bariz nümunələridir.

Sizin tapşırığınızla yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımın verilməsi, işsiz və aztəminatlı insanlara karantin dövründə 190 manat pul vəsaitinin ödənilməsi sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Əziz və möhtərəm Prezidentimiz, Siz şəfqət, mərhəmət, humanizm, köməyə ehtiyacı olanın yanında olmaq kimi yüksək insani keyfiyyətlərə sahibsiniz. Sizin və Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinizin ali məqsədi – ana xətti Azərbaycanın daha gözəl, daha qüdrətli olmasına, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

Biz füzulililər çox şadıq ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi çox sevirik, Sizə inanırıq və Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Allah Sizi və ailənizi qorusun”.

S.Xankişiyeva

 

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər