Zirvə görüşü: Azərbaycan Prezidentinə olan inamın və etimadın göstəricisi - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Zirvə görüşü: Azərbaycan Prezidentinə olan inamın və etimadın göstəricisi - TƏHLİL

16:20 - 05 / 05 / 2020
Zirvə görüşü: Azərbaycan Prezidentinə olan inamın və etimadın göstəricisi - TƏHLİL

Azərbaycanın dünya miqyasında nüfuzlu dövlətlərdən biri olması, dünyada baş verən qlobal proseslərə təsiretmə gücünə malik olması artıq heç kəsdə şübhə doğurmur. Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi ölkəmizin nüfuzunu bir daha ortaya qoydu.

Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənməsi, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələrin təmsil olunması isə xüsusi qeyd olunmalıdır.

BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Azərbaycan təkcə bölgədə deyil, bütövlükdə daha geniş, qlobal miqyasda birləşdirici amil rolunu oynamağa başlayıb. 

Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında körpü yaradır

Xatırladaq ki, Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib. Belə ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib.

Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı isə Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu. Biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.

Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.

Hər kəsə məlumdur ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməyiblər. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Bu baxımdan deyə bilərik ki, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.

Zirvə görüşü Azərbaycana Prezidentinə olan inamın və etimadın göstəricisidir

Əminliklə deyə bilərik ki, 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisidir.

Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir.

Təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulayıb.

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

Sənədi qəbul edən tərəflər Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırlar.

Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir.

Azərbaycan hər zaman həmrəylik çağırışlarına dəstək verib

Məlum olduğu kimi, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib. Bunu Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bir daha diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb.

Qeyd olunub ki, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək.

“Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur”-deyə, Prezident İlham Əliyev Azərbaycanın pandemiyadan əziyyət çəkən dövlətlərə dəstəyini bir daha ortaya qoyub.

Azərbaycan koronavirusa qarşı effektiv mübarizə sahəsində nümunəvi ölkədir

Qeyd edək ki, Azərbaycan koronavirusa qarşı effektiv mübarizə sahəsində nümunəvi ölkələrdən hesab olunur. Bu fakt nüfuzlu şəxslər tərəfindən də təsdiq olunur. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər