“Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan!” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan!” – Prezidentə məktub

21:35 - 05 / 05 / 2020
“Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan!” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Fizuli Kərimovdan, Goranboy, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən dövlətini, Prezidentini sevən bir ağsaqqal kimi Goranboy rayon Qazanbulaq qəsəbəsindən Sizə təşəkkürümü bildirirəm.

Cənab Prezident, pandemiya dövründə bir daha gördük ki, Siz xalqımızı necə mərdliklə qoruyursunuz. Siz alicənab, xalqını sevən, onun qayğısına qalan dövlət başçısı kimi daim insanların yanındasınız. Buna görə də bütün qəsəbə ağsaqqalları adından və öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Nə yaxşı ki, varsınız. Allah Sizi qorusun. Bir ağsaqqal kimi hər zaman yanınızdayam”.

Sədaqət Hüseynovadan, Abşeron, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirus pandemiyası qarşısında ən inkişaf etmiş ölkələr aciz qaldığı təqdirdə Sizin uzaqgörən, uğurlu siyasətiniz nəticəsində Azərbaycanda bu bəlanın yayılmasının qarşısı alınmış və hegemon ölkələrə örnək göstərilmişdir. Pandemiya dövründə dünya azərbaycanlılarının, imkansız ailələrin yanında olduğunuz və əsl həmrəyliyin necə olduğunu bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq. Vaxtında verilmiş qərarlarınız nəticəsində Azərbaycan xalqı tam əmin-amanlıqdadır. Sağlam və firavan yaşayır. Sizin qayğınız bizi ürəkləndirir. Sizin gördüyünüz bütün işlər ailəmiz və xalqımız tərəfindən çox bəyənilir. Xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq”.

Validə Rüstəmovadan, Sumqayıt, Azərbaycan

“Cənab Prezidentim.

Bu minnətdarlıq məktubunu yazmağı özümə borc və şərəf bildim. COVID-19-un dünya ölkələrini çıxılmaz bir vəziyyətə saldığı halda bizim dövlətimiz Sizin əməyiniz, uzaqgörənliyiniz və təxirəsalınmaz tədbirləriniz sayəsində bunun öhdəsindən layiqincə gəlir. Bu günlərdə mənim, ailəmin və xalqımızın sağlamlığının keşiyində durduğunuza, karantin şəraitində təhsil almağımız üçün yaratdığınız imkanlara, hərəkətin məhdudlaşdırılmasına baxmayaraq, işə gedə bilməyənlərin əməkhaqlarının saxlanılmasına, tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsinə, yardıma ehtiyacı olan insanlara dəstəyinizə görə Sizə təşəkkür edirəm.

Biz şagirdlər evdə qalmaqla dövlətimizin koronavirusla mübarizəsini dəstəkləyirik. Məktubumu bütün Azərbaycan xalqının dilində şüara çevrilmiş çağırışınızla tamamlamaq istəyirəm: “Biz birlikdə güclüyük!”. Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan”.

İdris Qurbanovdan, Zaqatala, Azərbaycan

“Hörmətli Cənab Prezident.

Dünyanı cənginə almış COVID-19 pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısı məhz Sizin sayənizdə alındı. Tərəfinizdən vaxtında görülmüş qabaqlayıcı tədbirlər, əhalinin evdə qalması üçün aztəminatlı ailələrin yardımla təmin olunması və işçilərin bəzilərinin əməkhaqqısı ödənilməklə növbədənkənar məzuniyyətə buraxılması göstərir ki, bizim xalqın qeydinə qalan Prezidentimiz var.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Mehriban xanımın bir illik əməkhaqqınızın bu Fonda köçürülməsi, vətəndaşların, fiziki və hüquqi şəxslərin Fonda dəstəyi bir daha göstərdi ki, Azərbaycan xalqının müdrik Lideri və Liderin arxasında yumruq kimi birləşən Azərbaycan xalqı vardır.

Hörmətli cənab Prezident, Zaqatala Melioserviz İdarəsinin kollektivinin adından Sizə minnətdarlığımızı bildirir, bu məsuliyyətli və şərəfli işinizdə yeni - yeni uğurlar arzulayırıq”.

S.Xankişiyeva

 

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər