“Ölkəmiz Sizin rəhbərliyinizlə bu çətin günlərin öhdəsindən uğurla gəlir” - Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Ölkəmiz Sizin rəhbərliyinizlə bu çətin günlərin öhdəsindən uğurla gəlir” - Prezidentə yazırlar

11:35 - 05 / 05 / 2020
“Ölkəmiz Sizin rəhbərliyinizlə bu çətin günlərin öhdəsindən uğurla gəlir” - Prezidentə yazırlar

Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımlar, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlar tərəfindən dövlətimizin başçısının xalqa diqqət və qayğısının əyani göstəricisi kimi qiymətləndirilir.

Azərbaycan vətəndaşları məhz Prezident İlham Əliyevin gördüyü mühüm işlər nəticəsində xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklərini bildirir, göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq edirlər.

Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edirik.

Masallı rayonu, Bədəlan kəndindən Famil Məcidov yazır: “Hörmətli cənab Prezident. Bu çətin günlərdə bizimlə yaxından maraqlandığınız, bizimlə birlikdə olduğunuz, hər zaman vətəndaşların mənafeyini düşünüb addım atdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Siz həmişə Ulu Öndərimizin yolunu davam etdirmiş, insanların qayğısına qalmısınız. Siz əhalinin hər bir təbəqəsindən olan insanlarla elə yaxından maraqlanmısınız ki, sanki hər bir ailədə varsınız. Biz Sizinlə, Sizin liderliyinizlə, dövlətimizlə, bayrağımızla fəxr edirik.

Cənab Prezident, biz Sizinlə birlikdə bu çətin günlərin də öhdəsindən gələcəyik. Çünki biz birlikdə güclüyük. Allah Sizə uzun ömür, cansağlığı versin. Daim dövlətimizin başında olasınız”.

Naftalan şəhər Cümə məscidinin axundu Rəşad Hüseynov yazır: Əziz və hörmətli Prezidentim, Bu çətin günlərdə ölkə üzrə, o cümlədən doğma Naftalanımızda sosial baxımdan həssas ailələrə qayğınızı əsirgəmədiyiniz üçün Sizə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyiniz altında ölkəmizdə bu günədək əldə edilən uğurların əsasında milli həmrəylik, xalq-iqtidar birliyi amili dayanıb. Bu birlik koronavirus bəlasının da öhdəsindən uğurla gəlməyimizə imkan verir, xalqımızın öz rəhbərinin çağırışına necə əməl etdiyini və ən ağır dövrdə dərhal birləşə bildiyini bir daha nümayiş etdirir.

Şükürlər olsun ki, artıq ölkəmizdə sağalanlar yoluxanların sayını üstələyir. Sağlamlığımız naminə müvəqqəti olaraq insanların kütləvi toplaşmasına məhdudiyyət qoyulması, məscidlərin bağlanması və mütəmadi dezinfeksiya edilməsi müsbət haldır. Biz yaxşı başa düşürük ki, hər bir kəs tək özünü deyil, həm də bütün cəmiyyətin təhlükəsizliyini qorumağa borcludur. Burada söhbət bir-iki adamın taleyindən getmir, xalqın sağlamlığının risk altına düşməsindən gedir.

Möhtərəm cənab Prezident, Ali Baş Komandanımız, Allah-Təala Sizi, ailənizi və millətimizi qorusun!”.

Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Bəhruz Mehdiyev yazır: “Möhtərəm cənab Prezident, İlk növbədə, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllim və şagird heyəti adından ölkəmizdə hər sahədə, eləcə də təhsil sahəsində keçirilən çoxşaxəli və uğurlu islahatlara görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizin inkişafının əsas prioritetlərindən biri olan təhsilə Sizin tərəfinizdən göstərilən qayğı nəticəsində son illər vətəndaşlarımızın keyfiyyətli təhsil almaq imkanları xeyli artmış, təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılmışdır.

Hazırda dünyamızı bürüyən koronavirus pandemiyası bizim ölkəmizə də öz mənfi təsirini göstərmişdir. Sözügedən virusun ölkəmizə vurduğu ziyanın milyonlarla ölçülməsinə baxmayaraq, bu çətin günlərdə pandemiyadan zərər çəkmiş təşkilatlara, o cümlədən Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə dövlət tərəfindən göstərilən dəstəyə görə Sizə təşəkkürümüzü bildiririk. Virusun geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyiniz və tapşırığınız əsasında vaxtında lazımi tədbirlər görülmüş və Azərbaycan bu pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr siyahısına daxil olmuşdur. Əminliklə deyə bilərik ki, ölkəmiz Sizin rəhbərliyinizlə bu çətin günlərin öhdəsindən uğurla gəlir. Sizə bu məsuliyyətli və çətin işdə uğurlar diləyir, Sizə və ailənizə möhkəm cansağlığı arzulayırıq!”.

Sumqayıt şəhər sakini, Təbiət elmləri təmayüllü gimnaziyanın 7e sinif şagirdi Zəhra Qurbanova yazır: “Salam, cənab Prezidentim və dəyərli Mehriban xanım. Bu minnətdarlıq məktubunu sizə yazmağı özümə borc və şərəf bildim. COVID-19-un dünya ölkələrini çıxılmaz vəziyyətə saldığı bir dövrdə bizim dövlətimiz sizin əməyiniz, uzaqgörənliyiniz və təxirəsalınmaz tədbirləriniz sayəsində onun qarşısının alınmasından layiqincə gəlir. Bu günlərdə iş yerlərinin müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq verilən əməkhaqlarına, karantin günlərində təhsil almağımız üçün yaradılan imkanlara görə Sizə və dəyərli Mehriban xanıma öz təşəkkürümü bildirirəm.

Sizin xalqımıza göstərdiyiniz sevgi, sayğı, mərhəmət biz gənclərə örnəkdir. Hər zaman var olun, məğrur və güclü olun! Çünki biz sizinlə güclüyük, cənab Prezidentim!”.

Zaqatala rayonu, Aşağı Tala kəndinin sakini Elvira Kələşova yazır: “Möhtərəm cənab Prezident, Mən Zaqatala rayon Aşağı Tala kəndi R.Şabanov adına 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Sizin bütün dünyanın koronavirus infeksiyası ilə mübarizə apardığı bir vaxtda əvvəlcədən gördüyünüz qabaqlayıcı tədbirlər, uzaqgörən siyasətiniz nəticəsində bu pandemiyaya qalib gələcəyimizə əminəm. Xalqımızın rifahı və sağlamlığı üçün atdığınız bütün addımlara görə Sizə sonsuz təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Cənab Prezidentimiz, inanıram ki, Allahın köməyi və xalqımızın dəstəyi ilə bütün çətinlikləri geridə qoyacaq və bu ağır sınaqdan üzüağ çıxıb, ali məktəblərə qəbul imtahanlarında iştirak edərək öz arzularımızı həyata keçirəcəyik. Sizin rəhbərliyinizlə bütün bu çətinliklərin öhdəsindən layiqincə gələcəyik. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Allah sizi və xalqımızı qorusun!”.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər