“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir” - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir” - Politoloq

14:57 - 06 / 05 / 2020
“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir” - Politoloq

“Qoşulmama Hərəkatı bu gün müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olan bir təsisatdır. Təbii ki, müasir dünyada da hərbi bloklar və alyanslar əsas söz sahibi olaraq qalır. Lakin Qoşulmama Hərəkatının üzvü olan nüvə ölkələri, inkişaf etməkdə olan böyük dövlətlər var, BMT-dən sonra dünyada ən böyük təsisatdır. Azərbaycan da bu siyasi cərəyana dəstək verən ölkələrdən biridir”.

Bunu 1news.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın sözügedən təşkilatdan əsas gözləntisi Hərəkata üzv olan ölkələrin Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstək nümayiş etdirmələridir:

“Azərbaycan öz xarici siyasətində qeyri-müəyyənlik yaşamamaq, davamlı inkişafı üçün sabitliyə daha çox imkan verən Qoşulmama Hərəkatına üz tutub. Belə bir siyasi Hərəkata üzv olmaq və sədrlik etmək ölkənin uğuru baxımından təqdirəlayiqdir. Bizim gözləntimiz əsasən odur ki, Hərəkata üzv olan ölkələr Qarabağ və digər beynəlxalq siyasi məsələlərdə Azərbaycana dəstək nümayiş etdirsinlər. Bu, o zaman bizim üçün həqiqi uğur sayıla bilər. Hərəkatın Azərbaycanın ərazi bütövlüyünə dəstəyin təsbit olunmasına dair qəbul etdiyi sənədlər Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həllinin normativ hüquqi bazasının təkmilləşdirilməsində mühüm bir addımdır”.

Azərbaycanın təsisata sədrlik edən ölkə kimi öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini deyən N.Məmmədovanın sözlərinə görə, təşkilatın zirvə görüşünün videokonfrans formatında keçirilməsi bunu sübut edir:

“Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Sədrliyi öz üzərinə götürərkən Azərbaycan prezidenti bəyan edib ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü də bu zərurətdən irəli gəlib”.

B.Cahandarov

Paylaş:
896

Son xəbərlər

Bütün xəbərlər